Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub

Noyabrın 15-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub.

Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılan heykəlin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi Azərbaycanı sevən insanların qəlbində daim yaşayacaq.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb. O deyib ki, Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Albertin harada doğulması, hansı milliy­yətə mənsub olması önəmli deyil.

Nazir müavini qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsi, onların ailə üzvləri və qazilər daim Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir. “Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu dövlət başçısının qarşımızda qoyduğu istənilən tapşırığı icra etməyə qadir və hazırdır”, - deyə o əlavə edib.

Açılış mərasimində iştirak etmək üçün İsraildən Bakıya gələn Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Sonra abidənin önünə əklil və gül dəstələri düzülüb.

Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

Qeyd edək ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində anadan olub. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Şuşa cəbhəsində döyüşüb. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tankını, 7 ZTR-ni və bir çox texnikasını məhv edib.  1992-cu il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə həlak olub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993