Əziz Ələkbərli: “Biz İrəvana qayıdış uğrunda mübarizəmizi Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab edirik”

Bu il dekabrın 28-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranmasının 30 ili tamam olur. Bununla əlaqədar əməkdaşımız Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, tanınmış tədqiqatçı alim Əziz Ələkbərli ilə görüşüb və ondan müsahibə alıb.

- Əziz müəllim, 30 il əvvəl Azərbaycan Qaçqınlar Cəmiyyəti yarananda Azərbaycan öz tarixinin çox təlatümlü bir dövrünü yaşayırdı. O dövrü necə xatırlayırsınız?

- 1985-ci ildə ermənipərəst M.Qorbaçovun SSRİ rəhbərliyinə keçməsi ilə ölkədə SSRİ-nin dağıdılmasına yönəlik siyasi proseslər başladı. Milli münaqişələrin qızışdırılması bu proseslərin tərkib hissəsi idi və bütün dövrlərdə olduğu kimi, bu dəfə də ermənilər bu tarixi fürsətdən məharətlə istifadə etdilər. İlk addım kimi, Azərbaycan Kremldəki möhtəşəm dayaqdan məhrum edildi – Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ rəhbərli­yindən – Sov.İKP MK Siyasi Bürosunun üzv­lüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edil­di. Heç bir ay keçməmiş, noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə mü­­şaviri Abel Aqanbekyan Parisdə Fran­sa­nın “Humanite” qəzetinə müsahibəsində "Miatsum" ideyasını ortaya atdı və Qara­bağın Ermənistana verilməsi “zərurətini” irəli sürdü. Əslində, o, beynəlxalq erməni lob­bisinin gizli niyyətini səsləndirmişdi. İki ay sonra isə Qarabağda və İrəvanda er­mə­nilər separatçı şüarlarla küçələrə çıxdılar.

- Yadımdadır, o vaxt ermənilərin bu separatçı hərəkətləri Ermənistanda yaşayan azərbaycanlıların da kəskin etirazına səbəb oldu.

- Bəli, ermənilərin Qarabağ iddiasına qarşı bütün Azərbaycan xalqı kimi, Ermənistanda yaşayan azərbaycanlılar da ayağa qalxdı. Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Vedibasarda, Zəngibasar­da, Qaraqoyunlu dərəsində, Ağbabada, Şörəyeldə – bütün Qərbi Azərbaycan mahallarında azərbaycanlılar küçələrə çıxaraq Azərbaycandakı soydaşları ilə həmrəylik nümayiş etdirdilər. Bu, çətin bir dönəm idi, Azərbaycanda ermənilər Azər­baycandan Qarabağı tələb edirdilər, Ermə­nistanda isə azərbaycanlılar ermənilərə qarşı Qarabağ uğrunda əlbəyaxa mübarizəyə qalxmışdılar. İlk toqquşmalardan biri 1988-ci il mayın 11-də Vedibasar mahalının Şirazlı kəndində oldu, iki nəfər azərbaycanlı öldürüldü, onlarla ev dağıdıldı, əhali SSRİ-Türkiyə sərhədinə yürüş etdi, etiraz əlaməti olaraq üç ay burada düşərgə saldı. Azərbaycan xalqının mütəşəkkilliyini görən Moskva o vaxt yaramaz bir gediş etdi, Azərbaycan rəhbərliyinə milli düşüncədən məhrum Ə.Vəzirovu başçı göndərdi. Vəzirovun təslimçi rəhbərliyi nəticəsində Qarabağda erməni separatçılarının qarşısının alınması əvəzinə, Ermənistandan azərbaycanlıların çıxarılması prosesi sürətləndirildi.

- O vaxt Şirazlı camaatından Bakıya nümayəndələr gəlmişdi...

- Elədir, yazıçı Fərman Kərimzadənin başçılığı ilə bir dəstə nümayəndə Bakıya gəldi, Bakıdan dəstək ala bilməyib, Moskva­ya üz tutdular. Lakin proseslər onsuz da Moskvadan idarə olunurdu və təbii ki, nümayəndə heyəti bir müddət sonra əliboş geri qayıtdı. Arxalarında beynəlxalq erməni lobbisinin və Qorbaçovun dəstəyini görən, törətdikləri cinayətlərin cəzasız qaldığına əmin olan ermənilər getdikcə quduzlaşırdılar və bu proses noyabr ayında pik həddə çatdı. 1988-ci il noyabrın 17-də Bakının “Azadlıq” meydanında başlanan mitinqlərdən vahimələnən ermənilər noyabrın 22-də tələsik Ermənistan SSR Ali Sovetinin növbədənkənar sessiyasını çağırdılar, sonra sessiyanın işini yarımçıq saxlayıb, deputatları və rayon rəhbərlərini yerlərə göndərmək qərarını verdilər, onlara tapşırıldı ki, qısa vaxtda Ermənistan azərbaycanlılardan təmizlənsin. Bu proses, demək olar ki, dekabr ayının 5-də xeyli dərəcədə başa çatdı. Bunun bir sübutu da odur ki, prosesin başa çatdığına əmin olan Moskva artıq dekabrın 6-da “Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etdi. Bu, daldan atılan daş idi...

- Beləliklə, on minlərlə ailə acınacaqlı şəkildə Azərbaycana üz tutdu...

- Bəzi bölgələrdə dinc azərbaycanlı əha­li tankların, BTR-lərin, vertolyotların kö­­məyi ilə erməni mühasirəsindən çıxarıldı. Dəhşətli proses idi. Yüzlərlə insan öl­dü­rüldü, yaralandı, qışın şaxtasında-soyuğunda ayaqyalın-başaçıq dağlarla, meşələrlə Azərbaycanın qonşuluqdakı rayonlarına sığınanlar oldu. Rəsmi məlumatlara görə, həmin hadisələr nəticəsində Qərbi Azərbaycan (indiki Ermənistan Res­pub­likası) ərazisindəki 22 rayonun təkcə azərbaycanlılar yaşayan 172 kəndindən, azərbaycanlılarla ermənilərin qarışıq ya­şa­­dığı 89 kənddən və 6 şəhərtipli yaşayış məntəqəsindən 49.928 ailə (250.000 nə­fər azərbaycanlı) öz doğma yurdarından zorla qovulmuşlar. Bu zaman 226 nə­fər soydaşımız ermənilər tərəfindən öldü­rülmüş (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox adam bədən xə­sa­rəti almış, bir çox azərbaycanlıların evləri, əm­lakları yandırılmışdı. Azərbaycan Qaç­qın­lar Cəmiyyətində toplanmış sənədlər əsasında təxmini hesablamalara görə, hə­min prosesdə qaçqın əhaliyə bu gün də­yəri yüz milyardlarla ABŞ dolları həc­min­­də maddi ziyan dəymişdir. Soydaş­ları­mıza dəyən mənəvi ziyanın qədəri isə ölçü­yə gəlməz.

- Həmin ağır dövrdə qaçqınların prob­lemlərini həll etmək üçün Azərbay­can Qaçqınlar Cəmiyyəti yaradıldı. Cə­miyyət o dövrdə hansı işləri görə bildi?

- Həmin dövrdə Azərbaycan xüsusilə iki mühüm problemlə üzbəüz idi: biri Qarabağ münaqişəsi, digəri bu münaqişənin ilk dalğasında yurd-yuvasından didərgin düşən yüz minlərlə Qərbi Azərbaycan qaçqını. Elə həmin vaxt Azərbaycanda vətəndaş fəallığı ilk qeyri-hökumət təşkilatlarının – vətəndaş cəmiyyətlərinin yaranması ilə nəticələndi. İlk belə Cəmiyyət 15 avqust 1989-cu ildə yaradılan Qarabağa Xalq Yardımı Komitəsi oldu, onun əsas məqsədi erməni təcavüzü ilə üz-üzə qalan Qarabağ əhalisinə dəstək olmaq idi. İkinci təşkilat həmin il dekabrın 28-də birinci qurultayını keçirən Azərbaycan Qaçqınlar Cəmiyyəti oldu, onun isə əsas fəaliyyəti Ermənistandan gələn qaçqınların və Fərqanə hadisələri nəticəsində Özbəkistandan Azərbaycana pənah gətirən mehseti türklərinin sosial problemlərinin həllinə dəstək vermək və bu faciələri dünya ictimaiyyətinə çatdırmaq idi. Qara­bağa Xalq Yardımı Komitəsi sonralar öz fəaliyyətini dayandırdığı üçün bu gün Azərbaycan Qaçqınlar Cəmiyyəti respublikada ən uzunömürlü vətəndaş cəmiyyəti olaraq fəaliyyətini davam etdirir və bu il bu Cəmiyyətin 30 ili tamam olur. Bu 30 ildə Cəmiyyətimiz çox böyük işlər görüb, elə vaxtlar olub ki, Cəmiyyətin binasında qaçqın əlindən tərpənmək mümkün olmayıb, burada hər gün yüzlərlə qaçqın qəbul edilib, dinlənilib, imkan daxilində onlara köməklik göstərilib. Bütün bunlara onu da əlavə etsək ki, 1990-cı illərin əvvəllərində respublikada gedən ictimai-siyasi proseslərdə, daha doğrusu, demokratik və milli azadlıq hərəkatında əsas hərəkətverici qüv­və qaçqınlar olub və Azərbaycan Qaçqın­lar Cəmiyyəti də bu qaçqınların yeganə ümumrespublika ictimai təşkilatı olub, onda Azərbaycan Qaçqınlar Cəmiyyətinin tarixi rolunu təsəvvür etmək olar.

- 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Cəmiyyətin fəaliyyətində yeni mərhələ başladı, desək, məncə, yanılmarıq.

- Tamamilə haqlısınız. Amma burada mən bir məsələni qeyd etmək istəyirəm. 1993-cü ildə Ulu Öndər Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra çoxları öz mövqeyini 180 dərəcə dəyişib, özünü onun tərəfdarı kimi göstərməyə çalışdılar. Amma Azərbaycan Qaçqınlar Cəmiyyətinin buna ehtiyacı yox idi. Cəmiyyət həmişə Ulu Öndərin dayandığı cərgədə olmuşdu. Təsadüfi deyil ki, H.Əliyev Naxçıvanda Ali Məclisin sədri olarkən Bakının Naxçıvana qarşı həyata keçirdiyi informasiya blokadasını yaranlardan biri məhz Azərbaycan Qaçqınlar Cə­miyyəti və onun “Vətən səsi” qəzeti olmuşdu – Naxçıvan Ali Məclisinin bütün məlumatları və şəxsən H.Əliyevin bütün teleqramaları o vaxt ilk növbədə mənim də, sizin də əməkdaşı olduğumuz “Vətən səsi”nə ünvanlanır və çap olunurdu. 1998-ci il Prezident seçkilərində Azərbaycan Qaçqınlar Cə­miy­yətinin sədri Abbas Səfərovun Heydər Əliyevin rəsmi vəkilləri sırasında olması da Cəmiyyətə bu etibarın və etimadın nəticəsi idi.

- Son zamanlar Cəmiyyətin fəaliy­yə­tində bir canlanma hiss olunur. Cə­miy­yətin nəzdində Qərbi Azərbaycan İc­ma­sının yaradılması da bunu sübut edir.

- 2015-ci il aprelin 10-da Nazirlər Kabinetinin iclasında cənab Prezident “İndiki Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir” tezisini irəli sürdü və bununla da Azərbaycan tarixinə Millətin və Dövlətin strateji hədəfini bu qədər aydın və cəsarətli ifadə edən Prezident kimi daxil oldu. Üstəlik, bununla Ulu Öndər Heydər Əliyev ideyalarının ölməzliyini və bu ideyalara sadiqliyini dünyaya bir daha sübut etdi! Bu çıxışdan sonra Azərbaycan Qaç­qınlar Cəmiyyəti bütün fəaliyyətini bu strateji hədəfə doğru istiqamətləndirdi. Biz belə hesab edirik ki, bu gün Qərbi Azərbay­candan olan insanların, xüsusilə 1988-ci il qaçqınlarının tarixi yurdlarına bağlılığını, onlarda həmin torpaqlara qayıdış inamını gücləndirmək üçün çox iş görülməlidir. Dünya bilməlidir ki, ermənilərin Cənu­bi Qafqaza gətirdiyi bəla təkcə Qarabağ­da törətdikləri faciələrlə bitmir, ermənilər bu mü­naqişənin başlanğıcında yüz minlərlə dinc azərbaycanlı əhalini də soyqırımına mə­ruz qoyaraq ata-baba yurdlarından qov­­­muşlar. Ermənilər isə bilməlidirlər ki, on­ların Qarabağ iştahası bütün Ermənis­tanı itirmələri ilə sonuclana bilər. Çün­ki ermənilər bu torpaqların əzəli sakinləri deyillər, gəliblər və gedəcəklər. Biz İrə­­va­na qayıdış uğrunda mübarizəmizi Azər­bay­canın Qarabağ uğrunda mübarizəsinin tərkib hissəsi hesab edirik. Bu mü­barizə eyni zamanda Azərbaycanın bütöv­lüyü uğ­runda mübarizənin tərkib hissəsidir. İna­nıram ki, bu mübarizənin qalibi olacağıq.

Söhbət etdi: N.MƏMMƏDOV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993