Qoxuda və səsdə gizlənən vətən

Söz vaxtına çəkər, yağışlı bir payız günü iş yerində kompüterdə nəsə redaktə edirdim. Fikrim tamamilə yazıda idi. Qəfil burnuma ardıc qoxusu gəldi və bu qoxunu o qədər gerçək hiss elədim ki, özümdən asılı olmadan sağa-sola boylandım. Elə bildim, kimsə əlində iri bir ardıc otağa daxil olub. Kompüterin yan-yörəsini yoxladım. Bəlkə, monitorun şüasından qorunmaq üçün yan-yörəyə kaktus-filan qoymuşdular?

Heç kim və heç nə yox idi!

Koridora çıxdım. Pəncərələrin qarşısında ardıc qoxusu verə biləcək bitki, gül, dibçək axtardım.

Bəlkə belə bir ətir vardı? Otağa qayıtdım. Qoxu yox idi. Onu bir anlıq kəskin şəkildə hiss edib, həmin andaca itirmişdim.

Yerimdə oturar-oturmaz qəfil bu ardıc qoxusunun hardan gəldiyini, şüuraltıma niyə bu qədər güclü təsir etdiyini anladım!

Bildiyiniz kimi, insanda həm göz, həm səs, həm təmas, həm də dad yaddaşı olur. Məncə, bir də yaradılış yaddaşı var. Bunu bəlkə, genetik yaddaşın tərkib hissəsi kimi anlamaq lazımdır. Biz bu yaddaşın köməyi ilə uzaq və yaxın keçmişdən qeyri-şüuri nələrsə xatırlaya, hiss edə bilirik.

Laçında, Ağbulaqda, evimizin qarşısında sinəsi ayaqdan-başa ardıclıq olan böyük bir dağ vardı. Yerlə sürünən bu iynəyarpaqlı bitkilərdən kəskin qoxu gəlirdi. İllah da yağış yağanda ətrafa elə yayılırdı, az qala səsini eşidirdin. Əslində, bu qoxunun içində səs də vardı; ardıclıq olan dağla bizim evin arasından çay axırdı!

Mən o çayın səsini indi, o çaydan 500 km uzaqda daha aydın eşidirəm. Orda o qədər eşitmişdim ki, gözəl filmlərdə yerinə oturan musiqi kimi fərqinə varmamışdım.

Yurd böyük anlayışdır!

Mən daha çox buddizm haqqında oxuyanda insanın doğulduğu torpağın, daşın, çəmənin bir parçası olduğunu bütün mahiyyəti ilə anladım. Bir həqiqəti beyinlə, düşüncəylə anlamaq başqa, bədənlə anlamaq başqadır.

Ardıcların qoxusu bədənimin həqiqəti idi.

Ağlın öz yurduna can atması məntiqli, ürəyin can atması kədərli, bədənin can atması təbiidir. Bu canatmanın qarşısında illərin həsrəti dayanarsa, faciə başlayır və sən bu faciəni beyninlə də, ürəyinlə də, bədəninlə də hiss edirsən.  

Mən o çayın ardıc qoxusuna bürünmüş laylasında böyümüşəm. Təkcə ruhumda, düşüncəmdə deyil, canımda, qanımda, bədənimdə də o qoxudan, o səsdən nəsə var.

Bir yağışlı payız günü kompüterin qarşısında dünyadan qopmuş halda işləyən vaxt məni yerimdən oynadan qanımdakı, canımdakı, bədənimdəki ardıc qoxusu idi.

Mən o qoxunu və o səsi Laçınla bağlı hər şeydə axtarmışam. Ona görə o yerlərin insanları ilə ünsiyyətdən doymuram. Yazı yazdıqca da o qoxunu, o səsi, Tanrının o qoxu və o səslə nə demək istədiyini insanlara çatdırmaq istəmişəm. Eyni zamanda, o qoxuya və o səsə həsrət qalmağın dözülməz ağrısından şikayətlənmişəm.

Dua etmişəm ki, tale məni ömrüm boyu bu həsrətdə qoymasın.

İnsan bədəni hardan yarandığını unutmur və gec-tez ora qovuşmaq istəyir. Əminəm, doğulduğun yurdda torpağa tapşırıldınsa, bütün sızıltılar canından çıxır, sözün həqiqi mənasında əbədi yuxuya dalıb rahatlayırsan. Çünki çevrə qapanır və cəmiyyətdən əfzəl təbiətin ilahi harmoniyası bərqərar olur.

Yaş artdıqca təkcə adamın canı yurd-yuvasını çəkmir, həm də yurd-yuvasının canı adamı çəkir.

Allah bizi-bizdən əbədi ayırmasın!

Şərif AĞAYAR

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993