“Mənim qarmonum”

Zəngilanlı məcburi köçkün uşağın arzuları haqqında sənədli filmin müəllifi danışır

 

Bu günlərdə “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında “Periferik genişlənmə” sərgisi çərçivəsində rejissor Aygün Rəşidovanın “Mənim qarmonum” sənədli filmi nümayiş olunub.

Aygün Rəşidova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. Bir neçə media qurumunda çalışıb. Müstəqil jurnalistika fəaliyyəti ilə məşğul olub. Gürcüstanda GİPA (Georgian Institute of Public Affairs – Gürcüstan İctimai İşlər İnstitutu) universitetinin “Jurnalistika və media menecment” fakültəsində təhsilini davam etdirib.

“Mənim qarmonum” sənədli filmi 10 yaşlı Sabir Quliyevin arzusundan bəhs edir. O, məcburi köçkün ailəsində anadan olub. Ailə Bakı şəhərində, Biləcəri qatar stansiyasının dəmir yollarının arasındakı kiçik bir evdə müvəqqəti məskunlaşıb.

Aygün xanım bildirir ki, əvvəldə filmdə canlandıracağı obrazın məhz məcburi köçkün ailəsi olmasını düşünməyib: “Ümumiyyətlə, GİPA-da oxuduğum müddətdə öz final layihəmin məcburi köçkünlərlə bağlı olmasını istəməmişdim. Hətta bizə təklif edilən mövzular arasında seçim edərkən məcburi köçkünlərlə bağlı filmin üstündən xətt çəkmişdim. Fikirləşirdim ki, bu mövzuda filmlər çoxdur. Daha yeni nə çəkmək olar? Bu mövzuda yeni baxış bucağı tapmaq ümidim yox idi”.

Sənədli filmin müəllifi sonradan Sabirin ailəsi ilə tanış olub və yaradıcılıq işini onlara həsr etmək qərarına gəlib:  “Məhz bu ailədə eşitdiklərim gözümdə film kimi canlandı. Çünki Sabirin atası Şahlar da uşaqlıqda qarmon çalıb və gələcəkdə bu peşənin sahibi olmağı arzulayıb. Lakin o, 12 yaşında olanda yaşadıqları Zəngilan rayonunu ermənilər işğal edib. Evləri də yanlb, qarmonu da... Məcburi köçkünlük həyatında isə Şahlar öz arzusuna çatmaq üçün heç nə edə bilməyib. Kiçik yaşından işləməli olub. Qarmon çalmaq arzusu ürəyində bir xatirə kimi qalıb. Ona görə də, istəyir ki, oğluna maksimum kömək edə bilsin”.     

Filmin 19 dəqiqə olduğunu və “Mənim qarmonum”un ilk sənədli filmi olduğunu bildirən A.Rəşidova bu sahəyə olan marağının Gürcüstanda GİPA universitetində təhsil aldığı zamanı yarandığını diqqətə çatdırıb: “GİPA-da təhsilimin 2-ci ilində sənədli film dərsləri vardı. O dərslərin yekununda biz sənədli film çəkməli idik, o zaman Gürcüstanda yaşayırdım. Bakıya gəldikdə çox axtardım ki, hansısa bir mövzuda sənədli film çəkim. Sanki qəfildən yadıma düşdü ki, mənim uşaqlığım Biləcəridə keçib. Ordakı körpüdən keçəndə, yaxınlıqdakı gecəqondulara maraqla baxardım, amma həmin evlərdə yaşayanlarla heç maraqlanmamışdım.

Film üçün mövzu tapmaq istəyi ilə həmin evlərə baş çəkdim. Gördüm ki, burada yaşayanlar məcburi köçkünlərdir. Onlarla söhbət zamanı çəkəcəyim film üçün hansısa bir hekayə axtarırdım. Və uzun söhbətlərdən sonra Sabirgilin ailəsini tapdım. Onlar Zəngilan rayonundan məcburi köçkündürlər. Sabiri tanıyanda 10 yaşı vardı. İndi isə artıq 2 il müddət keçib. Sabirin arzusu gözəl bir qarmona sahib olmaq və gələcəkdə bu peşəni davam etdirməkdir. Sabir qarmon çalmağa çox həvəslidir. Filmdə də onun xarakterini dol­ğun şəkildə göstərməyə, hisslərini, həvəsini, emosiyalarını və. s ifadə etməyə çalışmışam. Amma məsələ orasındadır ki, Sabirin ailəsi məcburi köçkündür. İmkanları yoxdur ki, Sabirə yaxşı qarmon alsınlar. Hazırda isə o qonşunun (həm də qohumlarıdır) qırıq bir qarmonundan istifadə edir, filmdə də məhz o qarmon göstərilir. Bu da filmin təbiiliyini, eləcə də maraqlılığını daha da artırır. Sabir musiqi məktəbinə gedir, orda yeni qarmondan istifadə edir, evə qayıdıb köhnə qarmonunu çalır. Məhz bu süjet xəttinin üzəri ilə getməyə başladıq.

Mənim təhsilimlə əlaqədar filmin çəkiliş müddəti 7 ay davam etdi. Bu müddət ərzində Sabir artıq özünə kirayə qarmon almışdı, ondan istifadə edirdi. Çətinliklərin bir hissəsini geridə qoymuşdu, çünki onun daha yaxşı qarmonu vardı”. 

“YARAT”da sənədli filmin nümayişindən sonra onun qəhrəmanı canlı olaraq qarmonda ifa edib.

Orxan ASLAN

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993