“Mühacir biznesi” və milli maraqlara xəyanət edənlər

Dünya tarixçiləri uzun zamandan bəri ilk dövlətin harada və hansı formada yaranmasını aydınlaşdırmaq üçün çoxsaylı araşdırmalar aparsalar da, hələ öz təsdiqini tapmış yekun nəticəyə gələ bilməyiblər. Elmdə ilk dövlət institutunun quldarlıq dövründə təşəkkül tapması fikri özünü təsdiqləsə də, bir sıra araşdırmalar bu fikrin tarixin arxivinə atılacağını göstərməkdədir. Amma təkzibolunmaz bir gerçəklik var ki, harada və necə yaranmasından asılı olmayaraq, hər bir dövlət həm qanunlarla, həm də yerli əhalinin mental dəyərlərinə söykənən adət-ənənələrlə idarə olunub. Vətəndaşın dövlət qarşısındakı öhdəlikləri sırasında isə qanunlara riayət, dövlətə, vətənə sədaqət öndə durur və bu, indi də belədir.

Dövlətin ərazisi digər dövlət tərəfindən iş­ğala məruz qaldıqda isə vətəndaşın üzərinə düşən öhdəlik daha da artaraq ümumxalq müstəvisinə keçir. Lakin tarixi olayların, ötəri də olsa, təhlili bunu da açıq-aşkar göstərir ki, özünün şəxsi bacarığı ilə ambisiyası tərs mütənasib olan vətəndaşlar dövlətin bu və ya digər çətin məqamında xəyanət yolunu seçərək, el təbirincə desək, düşmən dəyirmanına su tökməyə başlayırlar. Siyasi terminologiyada belə hallar vətənə xəyanət, casusluq adlanır və onların bağışlanması mümkünsüzdür.

Uzun müddət imperiya əsarətində olan, təkcə öz ərazisinin xeyli hissəsinin deyil, həm də çoxsaylı mədəni-dini, konkret desək, mənəvi dəyər itkisinə məruz qalan Azərbaycanımızın yüzlərlə vətənpərvər övladı qanları, canları bahasına daim azadlıq və müstəqillik uğrunda mübarizə aparıb, istiqlalçı mütəfəkkir Məhəmməd Hadinin sözləri ilə desək, millətin imzasını imzalar içinə qatmaq istəyib. Lakin təəssüf ki, millətə, Vətənə dönük çıxıb, onun yad dinli, yad dilli, qara niyyətli ölkələrin tapdağı altında olmasına çalışanlar da olub. Düzdür, belələri imkan düşdükcə layiq olduq­ları cəzanı alıblar. Amma onların milli təfəkkürdən uzaq xəstə təxəyyüllərinin məhsulu olan bu və ya digər əməl, yaxud fikir yeri gələndə düşmən əlində bizə qarşı silaha çevrilib. 30 ildən çoxdur ki, torpaqlarımızda öncə separatizmlə, sonra terrorla müşahidə olunan işğalçılıq müharibəsi aparan ermənilərə dolayısı ilə bəraət qazandıran üzdəniraq həmvətənlərimizin daha çox AXCP-Müsavat cütlüyünün yorğanı altından çıxması isə indi təkcə özümüzə deyil, həm də demokratiyanın, azad sözün, insan haqlarının siyasi gündəmdə olduğu Avropa ölkələrinə də yaxşı məlumdur. Belə ki, bu yaxınlarda 510 federal polisin iştirakı ilə Almaniyanın Aşağı Saksoniya, Beremen, Şlezviq-Qolşteyn, Hüssen, Şimali Reyn-Vestfaliya, Brandenburq və Reynland-Pfalts əyalətlərində irimiqyaslı reydlər keçirirlib, 38 ev mənzil və kommersiya obyektlərində axtarışlar aparılıb. Osnabrük prokurorluğundan verilmiş axtarış orderinə görə 7 azərbaycanlının da olduğu mütəşəkkil dəstə Şərqi Avropa və postsovet ölkələrindən Almaniyaya qanunsuz miqrantlar daşımaqla məşğul olmaqda təqsirləndirilir. Sözügedən azərbaycanlıların əksəriyyəti “Müsavat” Partiyasının üzvləridir. Onlar cəlb etdikləri şəxsləri qanunsuz, ucuz işçi qüvvəsi kimi yerli şirkətlərə “satırmış”. Cinayətkar dəstə həmin miqrantlara Avropa Birliyi ölkələrinin saxta pasportlarını verib onları dövlət qurumlarında və sığorta şirkətlərində qeydiyyata aldırıblar. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı Azərbaycan Respublikasına məxsus milli pasportlar, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, ölkəmizin hüquq mühafizə orqanlarına aid möhür və ştaplar, eyni zamanda, xeyli nağd pul aşkar olunub və hamısı maddi sübut kimi götürülüb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, azərbaycanlılardan ibarət cinayətkar dəstə sonuncu dəfə 20 Azərbaycan vətəndaşını pul qarşılığında saxta sənədlərlə təmin edərək, onların qanunsuz yolla Almaniyaya gəlmələrinə kömək ediblər.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Bunların arasında Ədliyyə Nazirliyi Peniten­siar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin sabiq rəisi Elçin Əkbərov, Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsən, “Müsavat” Partiyasının üzvü, AKM-in sədr müavini Mehdi Xəlilbəyli də vardır. Onların yaratdıqları və fəal iştirak etdikləri “Mühacir müsavat” adlanan sosial şəbəkə qrupunda da daim ölkəmizə, dövlətimizin yürütdüyü daxili və xarici siyasətə qarayaxmalar çoxluq təşkil edir.

Avropa üçün Liberallar və Demokratlar İttifaqının (ALDE) üzvü olan “Müsavat” Partiya­sının indi Almaniyada çirkin əməllər müəllifi olduğu rəsmi surətdə təsdiqlənməkdədir. Xaricdən aldıqları qrantın bölüşdürülməsi məsələsində də əsl möhtəkirlik nümayiş etdirən müsavatçıların indiyədək Azərbaycandan Almaniyaya ən azı 60 nəfəri apardıqları və onlara saxta siyasi mühacir sənədləri düzəltməklə hər birindən 3-10 min avro civarında pul aldıqları təsdiq olunmaqdadır. Müsavatçıların və onların rəhbəri Arif Hacılının “mühacir biznesi” vasitəsilə xeyli sərvət topladıqları və özlərinə Avropanın müxtəlif şəhərlərində mənzillər aldıqları barədə də məlumatlar var.

Xalq hərəkatı dalğasında hakimiyyəti qamarlayan AXCP-Müsavat cütlüyünün sağlam düşüncəli hər bir azərbaycanlı üçün qeyrət simvoluna çevrilən Dağlıq Qarabağ probleminin çözülməsində bir il ərzində göstərdikləri səriştəsizlik azmış kimi müxtəlif vasitələrlə müstəqil dövlətimizə qarşı təxribatlar törətmələri hələ də davam etməkdədir. Avropada Dağlıq Qarabağ, qaçqın-köçkün problemi ilə deyil, birbaşa düşmənə sərfəli qaydada fəaliy­yət göstərməyi çoxdandır ki, ənənəyə çevirən bu xəyanətkarların cəzalarını mütləq alacaqları bəllidir. Təbii ki, heç bir vətənpərvər azərbaycanlı istəməz ki, xaricdə onun soydaşlarının adı müxtəlif cinayət işlərində hallandırılsın. Bunu dərk etməyənlər isə əksinə fikirləşir, özlərini peşəkar siyasətçi, nüfuzlu xadim və s. kimi layiq olmadıqları adlarla millətə sırımağa cəhd göstərirlər. Ancaq atalar demiş, xalqın gözü tərəzidir və xalq yaxşını yamandan həmişə tərəddüd etmədən ayırıb. Vətəni bəyənməyib dəbdəbəli həyat üçün Avropaya gedib, orada mənsub olduğu xalqa qarşı düşmənçilik mövqeyi sərgiləmək heç kimə həbsdən və xalq nifrətindən başqa bir şey qazandırmayacaq.

1991-ci il oktyabrın 18-də qanlar bahasına öz müstəqilliyini bərpa edən Azərbaycanımız isə gündən-günə çiçəklənməkdə, qüdrətlənməkdədir. Çünki bu dövlət öz qurucusu Ulu Öndər Heydər Əliyevin yolu ilə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında daim irəli addımlayır, ölkədə isə sarsılmaz xalq-iqtidar birliyi vardır.

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993