Dövlətqaçqınkomun kollegiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir

Xəbər verdiyimiz kimi, ötən həftə Dövlətqaçqınkomun sədrinin müavini Gəray Fərhadovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi kollektivinin ötən ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Əsas diqqətin Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş iclaslarındakı dərin məzmunlu və proqram xarakterli çıxışlarından irəli gələn vəzifələrin müzakirəsinə yönəldildiyi kollegiya iclasını giriş sözü ilə açan G.Fərhadov bildirmişdir ki, ötən il ölkəmizdə bütün sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində də işlər uğurla davam etdirilmişdir. Bütün bunlara dövlətimizin başçısının rəhbərliyi altında sosial-iqtisadi sahədə aparılan uğurlu siyasət sayəsində nail olunmuşdur.

Kollegiya iclasında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda və həmin Dövlət Proqramına edilmiş əlavələrdə qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitlərinin yaxşılaşdırılması və digər istiqamətlərdə nəzərdə tutulan tədbirlər ötən il də uğurla icra edilmişdir. Ümumiyyətlə bu təbəqədən olan soydaşlarımızın normal yaşayış tərzinin, sosial infrastruktur təminatının yaxşılaşdırılması, onların kommunal xidmət növləri ilə, doğma ocaqlarına qayıdanadək yaşayış mənzillər ilə təmin olunması, məşğulluqlarının artırılması, onlar arasında yoxsuluğun azaldılması  istiqamətində həyata keçirilən işlər deməyə əsas verir ki, bu sahə Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsinin nəticəsidir ki, görülən işlər ildən-ilə yeni vüsət alır.

Bütün bu deyilənlərin bariz nümunəsi kimi bildirilmişdir ki, təkcə ötən il ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınmışdır ki, bununla da 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur. O da xüsusi vurğulanmışdır ki, ötən il istifadəyə verilmiş həmin qəsəbələrdən üçünün - Gəəncə şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 1500 məcburi köçkün ailəsi üçün salınmış 25 ədəd 5 mərtəbəli yaşayış binalarından ibarət yaşayış kompleksinin, Ağdam rayonu ərazisində 632, Gəncə şəhərinin inzibati ərazisində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbələrin açılışında dövlətimizin başçısı cənab İlham Əliyev iştirak etmişdir.

Məhz bu cür qayğı və diqqətin nəticəsidir ki, ötən il açılışında cənab Prezidentin iştirak etdiyi qəsəbələrdən əlavə həmçinin Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200 məcburi köçkün ailəsi üçün qəsəbə və yaşayış məhəlləsi, Mingəçevir şəhərində isə 594 ailəlik 11 ədəd 9 mərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmış, Balakən rayonunda 45, Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində 240, Abşeron rayonunun Ramana qəsəbəsində 160 məcburi köçkün ailəsi üçün beşmərtəbəli binalardan ibarət yaşayış evləri tikilmişdir. Həmçinin hesabat dövründə Maliyyə Nazirliyinin xətti ilə zəruri dövlət ehtiyacları ilə əlaqədar 950 ailə, Yasamal rayonu, «Qanlı göl» adlanan ərazidə müvəqqəti məskunlaşmış 262 ailə yeni mənzillərə köçürülmüş, Axıska türkləri üçün tikintisi yarımçıq qalmış 111 evin inşası başa çatdırılaraq onların istifadəsinə verilmişdir.

Ümumiyyətlə götürdükdə ötən il istifadəyə verilmiş yaşayış komplekslərində 2288 şagird yerlik müasir tipli 7 məktəb inşa edilmiş, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi, 5 klub-icma mərkəzi, 5 inzibati bina tikilib istifadəyə verilmiş, 51,0 kilometr yol, 96,0 kilometr su xətti çəkilmiş, müxtəlif həcmli 14 ədəd su anbarı, 9 nasos stansiyası, 16 komplekt transformator yarımstansiyası inşa edilmiş, 59 ədəd yüksək gərginlikli transformator quraşdırılmışdır. Bunlarla yanaşı, ötən il Dövlətqaçqınkom tərəfindən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 56 obyektdə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən isə 46 obyektdə müvafiq olaraq cari və əsaslı təmir işləri aparılmışdır.

Qeyd edək ki, Dövlətqaçqınkomun kollektivi ötən ildə həmçinin qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, işlə, yemək xərci, yanacaq, humanitar yardım, statusla, mal-material, avadanlıqla təmin olunması, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, salınan qəsəbələrə köçürülməsi və s. məsələlərlə məşğul olmuşdur. Məcburi köçkünlərin yemək xərci üçün, eyni zamanda onların qış mövsümündə durru yanacaqla təmin olunmaları üçün dövlət büdcəsindən verilən vəsait hesabına istər yemək xərci müavinəti alan, istərsə də durru yanacaq alan məcburi köçkünlərin say tərkibinin dəqiqləşdirilməsi, artım-azalma haqqında məlumatların toplanması və paylanışda şəffaflığın təmin edilməsi sahəsində lazımi tədbirlər həyata keçirilmişdir. 

Bunların nəticəsidir ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına, yemək xərci müavinətinin isə bankomatlar vasitəsilə vaxtlı-vaxtında ödənilməsi təmin olunmuşdur. Həmçinin soba yanacağının alınması üçün nəzərdə tutulmuş vəsait hesabına payız-qış mövsümündə 42 min məcburi köçkün ailəsinin hər birinə ayda 40 litr olmaqla ağ neftin paylanması, əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış on bir min nəfərədək məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir. Ötən il hər bir məcburi köçkünə 1170 manat vəsait sərf olunub ki, bu da dünyada mövcud olan digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

Bunlarla yanaşı, kollegiya iclasında qeyd olunmuşdur ki, müvafiq Dövlət Proqramının məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə əlaqədar hesabat dövründə yeni iş yerlərinin yaradılması da daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, sıx müvəqqəti məskunlaşma yerlərində 430 məcburi köçkün daimi, 1500 nəfər isə mövsümi işlə təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 1787 nəfər daimi işlə təmin olunmuş, 403 nəfərə işsiz statusu verilmiş, 513 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 369 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına və 298 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 317 məcburi köçkün sahbikarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 7,7 milyon manat güzəştli kredit verilmiş və nəticədə 454 yeni iş yeri təşkil edilmişdir. Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi («Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi») üzrə 561 nəfərə, o cümlədən 491 nəfər məcburi köçkünə ümumi məbləği 800 min manat təşkil edən mikrokredit verilmişdir.

İclasda həmçinin qeyd olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamlarının icrası ilə əlaqədar respublikada bütün texniki infrastrukturları, sosial obyektləri olan yeni qəsəbələrin tikilərək istifadəyə verilməsi kommunal xidmətlər sahəsində yaranan problemləri də xeyli azaltmışdır. Elektrik təchizatı tamamilə sərbəstləşdirilmişdir. Xidmət təşkilatları ilə yaradılmış əməkdaşlıq nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisi, qaz və su təchizatında fasilələrin və məhdudiyyətlərin yaranmasına demək olar ki, yol verilməmişdir. Məcburi köçkün ailələrin məskunlaşdıqları ərazilərə yeni təbii qaz xətləri çəkilmiş və təbii qazdan istifadə edən köçkünlərin sayı xeyli artmışdır. Qış mövsümündə xidmət təşkilatları ilə sıx əməkdaşlıq edilməsi nəticəsində Bakı və respublikanın digər şəhər və rayonlarında elektrik enerjisi və qaz təchizatında əvvəllər baş verən neqativ hallar aradan qaldırılmışdır. Respublikanın bütün ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlərin yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının digər elektrik işlədicilərindən asılı olmayaraq sərbəstləşdirilməsi işi tam həyata keçirilmişdir. Fərdi və yığcam məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi də tam başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazla təchiz edilir. Yeni tikilmiş binalar istismara verilərkən sayğaclaşdırılır. Son zamanlar məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan mənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir.

Kollegiya iclasında bütün bunlarla yanaşı, il ərzində qaçqın və məcburi köçkünlərin qəbulu, ərizə, şikayət, müraciətlərə baxılması, Komitənin mərkəzi aparatında və tabe təşkilatlarında nizam-intizamın vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı qeyd olunmuşdur ki, Komitəyə daxil olan sənədlərə, ərizə və şikayətlərə müəyyən olunmuş müddətdə və qaydada baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, sənədlərə və vətəndaşların müraciətlərinə baxılması işinin icrasına nəzarət məqsədi ilə icra vəziyyəti, işğal olunmuş və məskunlaşma rayonları üzrə müraciətlərin məzmunu barədə təhlili arayışlar hazırlanmışdır.

İclasda qeyd olunmuşdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası və hökuməti tərəfindən həyata keçirilən tədbirlərin ölkə və beynəlxalq  ictimaiyyətə çatdırılması, bunlarla bağlı beynəlxalq ictimaiyyətin tam məlumatlandırılması da hesabat dövrü ərzində daim diqqət mərkəzində olmuşdur. Belə ki, ötən il ərzində də ölkə Prezidentinin qaçqınlar və məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncamların, habelə Nazirlər Kabinetinin qəbul etdiyi qərarların, onların icrasının nəticələrinin ictimaiyyətə çatdırılması təmin edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun xarici ölkə rəsmilərinin, diplomatik korpusların və Beynəlxalq Humanitar Yardım Təşkilatlarının rəhbərləri ilə görüşləri, habelə xarici və daxili kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş və müsahibələri barədə məlumatlar müntəzəm olaraq mətbuatda, televiziya və radioda işıqlandırılmış, Komitənin internet saytında yerləşdirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış bir milyonadan çox qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti, problemləri və bu problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin xüsusən dünya ictimaiyyətinə çatdırılması baxımından da ötən il olduqca geniş işlər həyata keçirilmişdir. Belə ki, 2014-cü ildə xarici ölkələrin və beynəlxalq təşkilatların 200-ə yaxın nümayəndə heyəti Dövlətqaçqınkomda görüş keçirmiş, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri, ölkədəki bir milyonadan çox qaçqın və məcburi köçkün problemi, bu soydaşlarımızın illərlə üzləşdikləri çətinliklər, son illərdə dövlət tərəfindən onların problemlərinin həlli istiqamətində həyata keçirilən geniş miqyaslı tədbirlər və digər məsələlərlə bağlı hərtərəfli məlumat verilmişdir ki, bütün bunlar da Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə olduğu kimi çatdırılmasında xüsusi önəm daşıyır. Bütün bunlar barədə ölkə və xarici mətbuatda məlumatlar yayımlanması sahəsində də mühüm addımlar atılmışdır.

Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı o da qeyd olunmuşdur ki, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının icrası ilə bağlı Dövlətqaçqınkom tərəfindən hazırlanmış «Böyük Qayıdış» Proqramının layihəsi təsdiq üçün təqdim olunub. Həmçinin «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə yeni Dövlət Proqramı»nın layihəsi də hazırlanıb və aidiyyatı oqranları ilə razılaşdırılır.

Kollegiya iclasına yekun vuran Dövlətqaçqınkomun sədrinin müavini G.Fərhadov bildirmişdir ki, ötən il ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, on minlərlə yeni iş yeri açılmış, əhalinin pul gəlirləri artmışdır, yoxsulluğun səviyyəsi əsaslı sürətdə  azalmışdır. Bu tərəqqinin, dövlət başçısının da bəyan etdiyi kimi, əsl reallığa söykənməsinin, milli maraqlara tam cavab verməsinin və ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir ki, bütün sahələrdə uğurların əldə olunmasına zəmin yaranmışdır. Bütün bunlar qaçqın və məcburi köçkünlərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin geniş miqyas almasına və bu sahədə Dövlətqaçqınkomun fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir. Dövlət başçısı tərəfindən cari ildə də kollektivin qarşısına mühüm vəzifələr qoyulduğunu diqqətə çatdıran G.Fərhadov 2015-ci ildə də kollektivin bu vəzifələrin layiqincə yerinə yetirilməsində əzmkarlıq göstərəcəyinə əminliyini bildirmiş, bunun üçün hər cür şərait və imkan yaradıldığını bir daha vurğulamışdır. 

Sonda Dövlətqaçqınkomun kollegiyasının 2015-ci ilə iş planı təsdiq edilmişdir.

 

 

 

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993