Uşaqların sağlamlığına və təhsilinə qayğı göstərilir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakıda bir neçə uşaq tərbiyə və müalicə müəssisəsində olub.

Pirşağıdakı 10 saylı internat məktəb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.

Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb.

Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub.

Qeyd edildi ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur.

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstərir.

Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçası

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verilib.

Bildirilib ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.

Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.

Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.

Bakıdakı Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də paytaxtın Nərimanov rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib. Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşüb, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.

İctimai Birliyin sədri Aytən Eynalova məlumat verib ki, burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olur.

“Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən bu təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

Qeyd olundu ki, hazırda Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır.

Autizmli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.

Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov da öz məharətini göstərib.

Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən ibarət hədiyyələr təqdim ediblər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993