Dağlıq Qarabağ həqiqətləri Münxendə dünyaya bir daha bəyan edildi

Prezident İlham Əliyev: İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var?

Xəbər verildiyi kimi, Almaniyanın Münxen şəhərində keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, problemin həlli yollarından, Qarabağ danışıqlarında vasitəçilərin rolundan, Xocalı faciəsindən, Ukraynadakı münaqişə ilə Qarabağ probleminin oxşar və fərqli cəhətlərindən danışıb, bu istiqamətdə Sloveniyanın Prezidenti Borut Pahorun, Ermənistanın, Bosniya və Herseqovinanın, Almaniya Bundestaqının nümayəndələrinin suallarını cavablandırıb.

Sloveniyanın Prezidenti Borut Pahorun suallarına cavab verən ölkə başçısı problemin həllinin uzanmasında Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsini göstərib. Ukraynada  baş verənlərin fonunda  Dağlıq Qarabağ münaqişəsindən danışan ölkə başçısı bildirib ki, Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqəti yönəldir. «Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb».

«Sizin Ağdamda, Füzulidə nə işiniz var?»

Prezident İlham Əliyevin tədbirdə iştirak edən Ermənistan nümayəndəsinin təxribat xarakterli sualına konkret faktlarla verdiyi cavabda Avropa təmsilçiləri üçün bir çox məsələlərə aydınlıq gətirilib. Belə ki, Ermənistan nümayəndəsi erməni xislətini nümayiş etdirərək milli ampulasından çıxış etməklə Prezident İlham Əliyevə ünvanladığı sual xarakterli müraciətdə həyasızlıqla Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında «günahkar» hesab edib.

Buna cavab olaraq Azərbaycan Prezidenti açıq şəkildə qeyd edib ki, Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır: «Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf - həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir».

«Biz qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq hüququna malik olmasını istəyirik»

Prezident İlham Əliyev münaqişənin həllində öz resurslarına güvəndiyini vurğulayıb. O, ölkələrimiz arasında etimadın bərpa edilməsi üçün Ermənistan tərəfinin atmalı olduğu addımları da sadalayıb. Dövlət başçısı onu da bildirib ki, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması Azərbaycanın bu gün üzləşdiyi real vəziyyətə gətirib çıxarıb. Azərbaycan Prezidenti bildirib ki, post-sovet məkanının digər münaqişələrindən fərqli olaraq, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi iləbağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər.

Dövlətimizin başçısı Ermənistan XİN nümayəndəsinin sualını cavablandırarkən də bir daha bildirib ki, Ermənistan danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atır. Münaqişənin həllində Azərbaycanın ən maraqlı tərəf olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, biz torpaqlarımızın geri qayıtmasını istəyirik: «Biz qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq hüququna malik olmasını istəyirik. Baxmayaraq ki, onların evləri yoxdur və hər şey məhv edilib. Yeri gəlmişkən, ATƏT faktaraşdırıcı və qiymətləndirmə missiyasını iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə göndərib və hesabat yayıb. Bu hesabatda göstərilir ki, hər şey - bütün binalar, qəbiristanlıqlar, məscidlər məhv edilib. Beləliklə, işğal edilmiş ərazilər tamamilə boş torpaqlardır. Məcburi köçkünlərimiz torpaqlarına qayıdandan sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə bizim insanların torpaqlarına qayıtmaq hüququ var və biz münaqişənin tez bir zamanda həll edilməsində maraqlı tərəfik.

Problem burasındadır ki, nəyə görə münaqişə öz həllini tapmır? Çünki Ermənistan münaqişənin həll olunmasını istəmir. Ermənistanı beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir mexanizm yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüququn bu normaları çox aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağ erməniləri və Ermənistan ordusu tərəfindən qovulan Dağlıq Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıtdıqdan sonra öz həyatlarını qurmaq hüququna malik olacaqlar. Lakin bu, ölkənin ərazi bütövlüyünü pozmamalıdır. Ermənistanın cəhd etdiyi kimi, hər hansı bir ölkənin ərazi bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə bilməz. Üstəgəl istənilən ölkənin ərazi bütövlüyü bu ölkə ilə razılıq əldə olunmadan dəyişdirilə bilməz. Bunlar əsas prinsiplərdir. Mən yenə də deyirəm, biz beynəlxalq hüququn əsas prinsiplərinə qarşı deyilik. Lakin Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə yetirməlidir».

«Ermənistan rəhbərliyinə çox aydın siqnal göndərilir: İşğalı dayandırın, işğal olunmuş ərazilərin geri qaytarılmasına başlayın»

Sloveniyanın Prezidenti Borut Pahorun etimadı bərpa etmək üçün ilk növbədə hansı addım atılmalıdır? Sualını cavablandırarkən dövlətimizin başçısı deyib: «Hesab edirəm ki, bu, çox sadədir. İlk addım işğal olunmuş ərazilərin bir hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır. Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq.

Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki Ermənistan sülh istəmir. Düşünürəm ki, bu, münaqişənin həll olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki bir tərəf sülh, ərazi bütövlüyünün bərpasını istəyir, digər tərəf isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir. Çünki onların torpaqları işğal altında deyil, onların bizim üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün kimi böyük problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar. Bəs nə etmək lazımdır? Necə edək ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq təşkilatlarla, ilk növbədə vasitəçilərlə bu məsələlər üzərində işləməliyik. Ermənistan rəhbərliyinə çox aydın siqnal göndərilir: İşğalı dayandırın, işğal olunmuş ərazilərin geri qaytarılmasına başlayın. Azərbaycan bu təklifləri etdi. Biz hətta təkliflər irəli sürdük ki, Dağlıq Qarabağda müəyyən sosial proqramlar icra edə bilərik. Çünki oradakı insanlar çox pis vəziyyətdə yaşayırlar. Biz nəqliyyat, energetika sahələrində əməkdaşlıq edə bilərik. Biz açığıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət təklif edirik. Lakin bütün təkliflərimiz qəbul olunmur».

Göründüyü kimi Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, münaqişənin hazırki vəziyyəti və ondan çıxış yollarını göstərməklə problemin həlli ilə məşğul olan dövlət və qurumlara mesajlarını çatdırıb. Problemin ədalətli həlli məqsədilə Azərbaycanın nələrə hazır olduğunu açıqlaması isə beynəlxalq təşkilatları qəbul etdikləri qərarların icrası baxımından hərəkətə gəlməsinə stimul verə bilər. Yəni, Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi, edə biləcəyi güzəştlər ortadadır, bircə qalır beynəlxalq təşkilatların Ermənistanı «haqq yoluna» gətirmələri.

 

 

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993