Faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi gələcək nəsillər üçün böyük təhlükədir

“Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi. Biz Azərbaycanda da buna çox fəal hazırlaşırıq. Bu, bizim ümumi Qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır”.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib. Dövlətimizin başçısı bu bayramın Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildiyini diqqətə çatdırıb. Müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarının təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdiyini təəssüflə qeyd edən Prezident İlham Əliyev bunun veteranlara hörmətsizlik, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdi olduğunu deyib. İndi bəzi ölkələrdə belə cəhdlərin kifayət qədər kütləvi xarakter aldığını xatırladan dövlətimizin başçısı 9 May gününün uzun illər boyu dövlət bayramı kimi qeyd edildiyini və veteranlara qayğının özünün gündəlik işinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. “Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir”, - ölkəmizin rəhbəri bəyan edib.

Azərbaycanın ümumi Qələbəyə böyük töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Qələbə üçün tələb olunan yanacağın çox böyük hissəsini – neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakının təmin etdiyini xatırladıb. Dövlətimizin başçısı deyib: “Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə – orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir”.

Tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması cəhdlərinə Azərbaycanda çox həssas yanaşıldığını diqətə çatdıran Prezident İlham Əliyev bunların təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükə olduğunu bildirib. “Çünki onlar bu miflərə inana bilər, mahiyyət etibarilə tarixi həqiqətdən uzaqlaşa bilərlər. Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Aşqabad Zirvə Görüşü zamanı MDB məkanında da faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktlarının olduğunu təəssüflə bildirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın”.

Görüşdə Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu çıxış edib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993