Zəngilanın işğalının ildönümü ilə bağlı anım tədbiri

Oktyabrın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Zəngilan rayonundan olan ziyalılar iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəngilan rayonunun Azərbaycanın füsunkar guşələrindən biri olduğunu deyən Dövlət Komitəsinin sədri Rövşən Rzayev ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələri bir daha yada salıb. Komitə sədri Zəngilanın işğalına səbəb olan amillərdən danışarkən bildirib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunun ləngidilməsi, düzgün xarici siyasətin aparılmaması Ermənistanın hərbi təcavüzünün genişlənməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalına şərait yaradıb. Zəngilanlılar təcavüzkara uzun müddət müqavimət göstərib, öz torpaq­larının müdafiəsində fədakarlıqla dayanıblar. Lakin ətraf əraziləri zəbt etmiş işğalçı qüvvələr 1993-cü il oktyabrın 29-da rayon mərkəzini ələ keçirdikdən sonra zəngilanlılar mühasirədən çıxmaq üçün Araz çayının o tayına, İran ərazisinə keçmək məcburiyyətində qalıblar.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, çevik, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ərazi bütövlüyümüzün təmin ediləcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Eyni zamanda, diqqətə çatdırılıb ki, ölkəmizdə davamlı olaraq sosialyönümlü layihələr həyata keçirilir, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər görülür.

Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin əraziləri işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Zəngilan rayonundan olan ziyalılar çıxış ediblər. Çıxışlarda xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Zəngilanın tezliklə işğaldan azad olunacağına dərin inam ifadə edilib.

Sonda Zəngilan rayonunun işğalına həsr olunmuş film nümayiş etdirilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993