Vətənə sipər oğullar

Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmək hər bir insan üçün şərəf işidir. Ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqil dövlətçiliyi daxili və xarici düşmənlər tərəfindən hədəfə alınanda qeyrətli, vətənpərvər gənclərimiz özlərini xainlərin gülləsinə sipər etdilər. Onların ikisi haqqında məlumatı təqdim edirik.

Aqil Hüseyn oğlu Musayev

O, həm erməni faşizminə, həm də müstəqil dövlətçiliyimizə qəsd edənlərə qarşı vuruşan igid oğullardan biri idi. 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı. Orta təhsilini bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmişdi.

1993-cü il mayın 18-də həqiqi hərbi xidmətə çağırılmış, qısamüddətli təlimlərdən sonra 777 saylı hərbi hissənin tərkibində cəbhəyə göndərilmişdi. İlk döyüşü Ağdam rayonunda olmuş, erməni quldurlara qarşı igidliklə vuruşmuşdu. Komandirləri onu qorxmaz, cəsarətli bir əsgər kimi tanıyırdılar. Sonralar Aqil Füzuli və Tərtərdə də torpaqlarımızın müdafiəsində fəal iştirak etmişdi. Füzuli istiqamətində gedən döyüşdə yaralanmış, bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdı.

Onun ən böyük arzusu erməni faşistlərini işğal etdikləri ərazilərdən qovub çıxarmaq idi. Lakin 1994-cü il oktyabrın 5-də Gəncədə müstəqil dövlətçiliyimizə qəsd edənlərlə döyüşməli oldu. Xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

İgid əsgər Qazax rayonunun Əzizbəyli kəndində dəfn edilib.

Əsgər Ələkbər oğlu Əliyev

8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdu. Səkkizillik təhsilini doğma kəndində almış, orta məktəbi Haftoni qəsəbəsində bitirmişdi. Zabit olmaq arzusunda idi. 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinə qəbul edilmişdi. Dərslərini həvəslə oxuyur, komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirirdi. Yüksək döyüş və siyasi hazırlığa malik bir kursant kimi hamının hörmətini qazanmışdı. Təhsilini xarici ölkələrin birində davam etdirərək, şərəfli zabit ömrü yaşamaq istəyirdi.

Bir qrup xəyanətkarın 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhd etməsi Əsgərin arzusunu ürəyində qoydu. Qanuni hakimiyyəti devirməyi qarşıya məqsəd qoyan silahlı dəstəni radikal addımlardan çəkindirmək mümkün olmadı. Dövlət rəhbərinin müdrik çağırışına məhəl qoymayan sui-qəsdçilər qardaş qanı tökülməsinə baiskar oldular.

Silahlı çevrilişin qarşısının alınmasına cəlb edilmiş qüvvələrin tərkibində Əsgər Əliyev də vardı. O, son nəfəsinədək dövlətçiliyimizi müdafiə etdi. Ayağından yaralanmasına baxmayaraq, dörd yaralını güllə yağışı altından çıxarmağa müvəffəq oldu. Axırıncı yaralını xilas etmək istəyərkən ikinci gülləyə tuş gəldi. 

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şəhidlik zirvəsinə ucalmış igid kursant Ləj kənd qəbristanlığında dəfn edilib.

Lənkəran şəhərində adına park var. Burada onun büstü qoyulmuş, xatirə lövhəsi yerləşdirilib.

Haftoni qəsəbə orta məktəbində şəhidin xatirə guşəsi yaradılıb.Yaşasa idi, bu gün 45 yaşı tamam olacaqdı.

 İsa MUSAYEV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993