Prezident İlham Əliyev: “Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir”

Prezident İlham Əliyevin apardığı islahatlar kompleks xarakter daşımaqla öl­kəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dinamik inkişafın yeni keyfiyyət mərhələsinə keçidini təmin edir. Ekspertlərin fikrincə, islahatların birinci mərhələsi əsasən qanunvericilik və ins­titusional sahələri əhatə edirdisə, növbəti mərhələ struktur və kadrlarla bağ­­lıdır. Dövlətimizin başçısının yeni və­zifəyə təyin etdiyi Şahin Müstafayev və Mikayıl Cabbarovla görüşlərdə söylədiyi fikirlər ölkəmizin dinamik inkişafının dayanıqlılığının təmin edilməsi ba­xımından mühüm əhəmiyyət kəsb edir.   

Əldə edilmiş uğurlarla kifayətlənməməliyik

“Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur. Əlbəttə, biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiy­yatımızın şaxələndirilməsi işində dünya miq­yasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdür. Bütün bunlar aparılan islahatların nəticəsidir”. Prezident İlham Əliyev bu sözləri oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Dövlətimizin başçısı Şahin Mustafayevin İqtisadiyyat naziri vəzifəsində işindən razılığını bildirib, Baş Nazirin müavini vəzifəsində də etimadı doğruldacağına və ölkəmizin iqtisadi inkişafının dayanıqlı olmasına öz töhfəsini verəcəyinə ümidlərini ifadə edib.

Prezident İlham Əliyev deyib ki, əldə edilmiş uğurlarla kifayətlənməməliyik. “İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində, hələ ki, bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar,” – dövlətimizin başçısı ölkədəki iqtisadi proseslərin gedişinə münasibətini belə bildirib.

Hazırda iqtisadi artımın əsas səbəblərindən birinin dövlət investisiyaları olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafının bundan sonra özəl sektorun hesabına təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyri-neft sektorunu inkişaf etdirməyi və məşğulluğu artırmağı əsas vəzifə kimi müəyyənləşdirən dövlətimizin başçısı deyib: “Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik”.

Prezident İlham Əliyev iqtisadi artımın demoqrafik artımı üstələməli oluğunu dəfələrlə söylədiyini xatırladaraq, kölgə iqtisadiyyatına qarşı mübarizəni buna nail olmaq üçün yeni artım mənbələrindən biri kimi səciy­yələndirib. “Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək”, - deyən dövlətimizin başçısı ölkədə vahid qanunların, vahid qaydaların mövcudluğunu biznes dairələrinin bilməli olduğunu diqqətə çatdırıb, bununla yanaşı, inhisarçılığa qarşı çox ciddi mübarizə aparılmasının vacibliyini qeyd edib. “Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”, - deyə ölkə rəhbəri bəyan edib.

Prezident İlham Əliyev qeyri-neft sektorunun və qeyri-neft ixracının artırılması, regionların sosial-iqtisadi inkişafının, dövlət investisiyalarının məqsədyönlülüyünün təmin edilməsi və digər mühüm məsələlərlə bağlı Baş Nazirə tapşırıqlar verib, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilən təcrübəli bir şəxs kimi ondan fəal iş və ciddi nəticə gözlədiyini söyləyib.

“Dövlət başçısı tərəfindən bir məmur kimi fəaliyyətimə verilən bu cür yüksək qiymət mənim üçün ən böyük şərəfdir”, - deyən Şahin Mustafayev etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib. Ölkəmizin keçdiyi möhtəşəm inkişaf yolu barədə fikirlərini konkret faktlarla əsaslandıran Baş Nazirin müavini bu il oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə qarşıya qoyulan çox aydın vəzifələrin, verilən tapşırıqların icrası istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə görüləcək işlərin mütləq daha gözəl nəticələrinin olacağına əminliyini ifadə edib.

İqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır

“Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik”. Bu sözləri Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlətimizin başçısı bütün bunları nəzərə alaraq, onu çox məsuliyyətli vəzifə olan İqtisadiyyat naziri vəzifəsinə təyin etdiyini bildirib. Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafının əsas prioritet olduğunu bir daha qeyd edən Prezident İlham Əliyev deyib: “Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”.

Hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələrin müstəqil siyasət aparmasının mümkün-süzlüyünü, bir növ böyük ölkələrin girovuna, alətinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müd­dət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümum­dünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miq­ya­sında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik”.

Ölkəmizin iqtisadiyyatının əsas hissəsini neft-qaz sektorunun təşkil eməsini təbii hal kimi dəyərləndirən, bunun neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə olunduğunu vurğulayan dövlətimizin başçısı bunu mənfi amil kimi qəbul edə bilmədiyini qeyd edərək deyib: “...Məhz neft-qaz sektorunun inkişafı hesabına biz böyük infrastruktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxamı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə köməkmi göstərəcəkdi?”

Prezident İlham Əliyev 1990-cı illərdə pulsuzluqdan ölkəmizin beynəlxalq maliyyə qurumlarından, böyük dövlətlərdən bir növ asılı olduğunu xatırladıb: “Onlar da bəzi hallarda bizə diktə etməyə çalışırdılar. Ona görə iqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik”.

İndiki dövrü, şərti olaraq, postneft dövrü adlandıran dövlətimizin başçısı deyib: “Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oynayacaq. Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı-Tbilisi-Ceyhan neft, həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq...” Prezident İlham Əliyev burada əlbəttə ki, aparıcı rolun İqtisadiyyat Nazirliyinin üzərinə düşdüyünü qeyd edib və Mikayıl Cabbarovun bu tapşırıqları yerinə yetirəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev indiki iqtisadi artım templərinin onu qane etmədiyini, inkişafın dayanıqlı olması üçün bundan sonra da çox ciddi islahatlar aparılmasının vacibliyini qeyd edərək deyib: “İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Prezident İlham Əliyev kölgə iqtisadiyyatının iqtisadiyyatı təhlükə altında qoyduğunu, bununla bağlı çox ciddi addımlar atılmasının vacibliyini bildirib, İqtisadiyyat Nazirliyinin bu məsələnin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.

İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarların oynadığını, bizdə isə, hələ ki, belə olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təz­yiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təz­yiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.

Yeni İqtisadiyyat nazirinin qarşısında çox böyük vəzifələr dayandığını qeyd edən dövlətimizin başçısı ölkə iqtisadiyyatının dayanıqlı inkişafının hazırda əsas prioritet məsələ olduğunu və bunun sosial sahəyə daha böyük vəsait ayrılmasına imkan verəcəyini bildirib.

Nazir Mikayıl Cabbarov dövlətimizin başçısının ona göstərdiyi etimada görə təşəkkür edib, iqtisadiyyatımızın rəqabətliliyini daim artırmağı, iqtisadi müstəqilliyimizi daim möhkəmləndirməyi, iqtisadiyyatı inkişaf etdirməyi əsas vəzifə kimi qəbul etdiyini bildirib. O, iqtisadiyyatı inkişaf etdirməyin dövlət və vətəndaşların gəlirlərinin və imkanlarının artırılmasının yeganə yolu olduğunu vurğulayıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993