Neft Fondu Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb

Fondun aktivləri hesabına  qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisi maliyyələşdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV deyib:

- Xoş gəlmisiniz, sizi görməyə şadam. Mənə verilən məlumata görə, siz Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak edirsiniz. Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir. Bildiyiniz kimi, ötən 20 il ərzində bizim Neft Fondumuz Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb. Bununla yanaşı, Fond dünyanın ən şəffaf suveren fondlarından biri kimi BMT tərəfindən mükafata layiq görülüb. Bu Fondun Azərbaycanın inkişafında və sosial problemlərin həllində rolu olduqca böyükdür. Bildiyiniz kimi, Fondun aktivləri hesabına biz qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirmişik. Azərbaycan Respublikası Dövlət Neft Fondu insan kapitalına, təhsilə və infrastruktura sərmayə yatırıb. Sizin konfransda iştirakınız da yaxşı göstəricidir. Bildiyimə görə, sizin təsisat vasitəsilə də 250 milyon dollar həcmində sərmayə qoyulub.

Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur. Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir. Əl-bəttə, bunu bir günün içində etmək mümkün deyil, ancaq şaxələndirmə və iqtisadiyyatın müasirləşdirilməsi bizə bu asılılığın böyük dərəcədə aradan qaldırılmasına imkan verəcək. Əlbəttə, bildiyiniz kimi, biz biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk. Fərəhləndirici haldır ki, Dünya Bankının “Doing Business” hesabatına görə, biz dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olmuşuq. Bununla bağlı nail olduğumuz sürətli inkişaf bizim bu sahəyə çox ciddi yanaşmamızın nəticəsində mümkün olub. Bildiyiniz kimi, biz bu məqsədlə xüsusi komissiya yaratmışıq. Həmin komissiya çatışmaz­lıq­ları aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün hansı işlərin görülməli olduğunu ətraflı təhlil edib. “Doing Business” hesabatına görə, ümumən, 25-ci yerdə qərarlaşmaq iftixar hissi doğurur. Ancaq ən əhəmiyyətlisi odur ki, bu, biznes mühitinə və Azərbaycanın qeyri-enerji sahəsində inkişafına müsbət təsir göstərir. Gələcək prioritetlərimizə gəldikdə, hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır. Əminəm ki, səfəriniz çərçivəsində siz artıq bizim rəsmi şəxslərlə təmaslarınızda gələcəkdə görüləcək işlər barədə müzakirələr aparmısınız. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes deyib:

-Qəbula görə təşəkkür edirəm. Səfərimizin əsas məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə keçirdiyimiz tədbirdir. Dövlət Neft Fondu bizim uzunmüddətli yaxın tərəfdaşımızdır. Zənnimizcə, bu Fond peşəkarcasına idarə olunan fondlardan biridir və biz bu əlaqələrimizə böyük önəm veririk. Konfransın mövzusu “Müsbət təsirli investisiya”dır. Beynəlxalq Maliyyə Korporasiyası da bu məsələyə önəm verir və mövzunun çox aktual olduğunun şahidiyik. Azərbaycan Respublikası Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır. Bir sözlə, çox yaxşı münasibətlərimiz mövcuddur.

Görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla əməkdaşlığının pers-pektivləri, iqtisadiyyatın şaxələndirilməsi, şəhər və kənd yerlərində yeni iş yerlərinin yaradılması, biznes mühitində qazanılmış uğurların daha da möhkəmləndirilməsi, özəl sektora birbaşa xarici investisiyaların cəlb olunması məsələləri müzakirə edildi.

***

Yaradıldığı gündən bu vaxtadək Azər-baycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) idarəetmədən, yəni fondun sırf fəaliyyətindən asılı olan gəlirləri 6,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sentyabrın 26-da Bakıda keçirilən “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfransda deyib. 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi çərçivəsində keçirilən konfransda institusional investorlar üçün müsbət təsirli investisiyalar bazarında ən son yeniliklər, investisiya mühiti, bu sahədə mövcud çağırış və imkanlar kimi məsələlər müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu neft hasilatından qazanılan gəlirlərin şəffaflığının qorunması və məqsədyönlü xərclənməsi üçün 1999-cu il dekabr ayının 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.

2001-ci ildən başlayaraq Azərbaycan Respublikası Dövlət Neft Fondu qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məcburi köçkün ailələrin məskunlaşdırılması üçün hündürmərtəbəli binaların və fərdi yaşayış evlərinin inşa edilməsinə hər il böyük miqdarda vəsait ayırır. Bugünədək belə layihələrin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2379,5 milyon manat vəsait ayırılıb. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993