Vətəndaşların rahatlığı hər şeydən üstündür

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının mərkəzində gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb

 

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində nəhəng layihələr icra edilir. Bütün bunlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, insanların rahatlığının, təhlükəsizliyinin təmin olunmasına yönəlib. Hazırda ölkədə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı görülən işlər də məhz bu amildən qaynaqlanır.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu konsepsiyada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.

Paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanıb. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar bu il əsaslı şəkildə yenidən qurulub. Dövlətimizin başçısının tapşırığına əsasən, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev açılış zamanı deyib: “Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”.

Dövlətimizin başçısı və birinci xanım platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraq­lanıblar, Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək qiymətləndirib. Mərkəzin əsas özəlliklərindən biri də ərazidəki istirahət parkıdır. Parkda qurulan ən müasir işıqlandırma sistemi gecələr buraya xüsusi gözəllik bəxş edir.

Prezident İlham Əliyev deyib: “Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb”.

Dövlətimizin başçısı və birinci xanım Türkiyənin BMC şirkətinin istehsalı olan avtobusa baxıblar. Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verib.

 “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istər yol hərəkətinin təşkili, istərsə də sərnişindaşıma sahəsinə müsbət töhfə verəcək. Bu mərkəz şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliy­yat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran nəqliyyat infrastrukturudur. HUB konsepsiyası əsasən şəhərətrafı ərazilərdən şəhər mərkəzinə gələn avtobusların hərəkətinin mərkəzləşdirilmiş şəkildə təşkili, həmçinin sərnişindaşımada səmərəli idarəetmənin və nəzarət mexanizminin gücləndirilməsində mühüm rol oynayır.

Son illərdə dövlətimizin başçısının sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakının qəsəbə və kəndlərində müasir yollar salınır, orada yaşayanların sosial məsələlərinin həlli üçün konkret addımlar atılır. Bu mərkəzin yaradılması da bu istiqamətdə atılan addımların ardıcıl xarakter aldığını göstərir. Belə ki, bu infrastruktur Bakının qəsəbələrində yaşayanların şəhər mərkəzinə, həmçinin əks istiqamətə rahat və təhlükəsiz hərəkətini təmin etməklə, ümumilikdə, paytaxtda sərnişindaşıma xidmətinin müasirləşdirilməsinə töhfə verəcək.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993