İqtisadiyyatın səmərəliliyi və dayanıqlılığı təmin edilməlidir

Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

KİV-in məlumatına görə, iclası Baş Nazir Novruz Məmmədov açıb və gündəlik barədə məlumat verib. İclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunub.

Prezident İlham Əliyevin artıma və inkişafa əsaslanan, iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun prioritetliyini təmin edən dayanıqlı icmal büdcə və dövlət büdcəsi hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdiyini qeyd edən Novruz Məmmədov 2020-ci il üçün dövlət büdcəsinin layihəsinin “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin orta­müddətli büdcə və maliyyə sistemi, sosial-iqtisadi inkişaf proqnozları, qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə gələn il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəriciləri, gözlənilən iqtisadi meyillər də nəzərə alınmaqla hazırlandığını bildirib. “Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir çağırışlara cavab verən uğurlu sosial-iqtisadi siyasət qarşıdakı ildə də davam etdiriləcək, nəzərdə tutulan hədəflərə nail olunması ilə ölkəmizin davamlı inkişafı təmin ediləcək”, - deyə Baş Nazir vurğulayıb.

Baş Nazir bildirib ki, dünya iqtisadiy­yatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumi daxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib. Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, içməli su, qaz və kanalizasiya sistemlərinin, yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumi daxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumi daxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard manat, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.

Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin məruzələri dinlənilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993