Prezident təqaüdçüləri

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2019/2020-ci tədris ilində qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcəkdir. Onların arasında məcburi köçkün tələbələr də vardır.

Füzuli rayonundan məcburi köçkün Qızbəs Tanrıverdi qızı Səfərzadə 685 bal toplayaraq Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub.

Adının Prezident təqaüdü alan 102 abituriyent siyahısında olmasından məmnun olan Səfərzadə Qızbəs öz sevincini belə ifadə edib: “Prezident təqaüdü verilən tələbələrin içərisində adımın olması məni çox sevindirir. Ailəmiz Füzuli rayonundan məcburi köçkündür. Mən 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 2019-cu ildə Füzuli rayon 54 nömrəli tam orta məktəbi fərqlənmə atestatı ilə bitirmişəm. İmtahana ciddi hazırlaşırdım. Sınaqların birindən 688, digərindən 694 bal toplamışdım. Qarşıma məqsəd qoydum ki, yüksək bal toplayacağam. Bunun üçün sistemli şəkildə, yüksək əzmlə çalışırdım. Ali məktəblərə hazırlaşan abituriyentlərə məsləhətim odur ki, mümkün olduğu qədər sınaq imtahanlarında iştirak etsinlər. Həm vaxtı düzgün bölüşdürməyi öyrənmiş, həm də güclü və zəif tərəflərini ayırd etmiş olarlar”.

Zəngilan rayonu 26 saylı məktəbin məzunu Cavid İlqar oğlu Rəhimli 685 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2002-ci ildə Bakıda anadan olan Cavid orta məktəbi əla qiymətlərlə oxuduğunu bildirib: “Orta məktəb vaxtlarımdan hüquqşunas olmağa marağım var idi. Hazırlaşdığım müddətdə həmişə daha çox bilməyə, öyrənməyə can atmışam. İmtahana 1-2 ay qalmış hazırlıqlarım çox gərgin keçib. Yaxşı nəticə əldə etmək üçün çox oxuyurdum. Sosial şəbəkələrdən, televizor və komputerdən istifadə etmirdim. Məncə, bəzi gənclərimizin aşağı nəticə göstərməsinvə bu amillərin rolu var. Hədəfim 700 bal toplamaq idi. Lakin topladığım bal istədiyim universitetə və ixtisasa düşməyimə kifayət etdi”.

Xocavənd rayonu 2 saylı orta məktəbin məzunu Aytən İslam qızı Vəliyeva 681 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub. Gənc tələbənin valideynləri Füzuli rayonundan məcburi köçkündürlər. O ailəsində olan maddi çətinliklərə görə bir neçə dəfə hazırlıqları buraxmaq məcburiyyətində qalıb. Aytən deyib: “Orta məktəbi əla qiymətlərlə bitirmişəm. 10 və 11-ci sinifləri əlavə olaraq kurslarda hazırlaşmışam. Təhsil xərclərimi ödəməkdə valideynlərim çətinlik çəkirdi. Bu amil məni daha da güclü etdi. Fikirləşirdim ki, mən oxumaliyam, yaxşı mütəxəssis olmalıyam. Sınaqlarda 630, 650 bal toplayırdım. Özümə güvənərək dərslərimə çox ciddi hazırlaşırdım və öz arzularıma çatmaq uğrunda mübarizə aparırdım. Şükürlər olsun, hər şey istədiyim kimi oldu. Göstərdiyim uğurlu nəticə üçün valideynlərimə, müəllimlərə təşəkkür edirəm”.

Kəlbəcər rayonu 56 saylı orta məktəbin məzunu Qorxmaz Seyfəddin oğlu Səfərov da Prezident təqaüdünə layiq görülən gənclərdəndir.

O, 2003-cü ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 2019-cu ildə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayon 56 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qorxmaz qəbul imtahanlarının ikinci mərhələsində riyaziyyat, coğrafiya və tarix fənlərinin hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal qazanmağa nail olub. O, 2019-cu ildə II ixtisas qrupu üzrə belə yüksək göstəriciyə nail olan yeganə abituriyentdir. Ümumilikdə isə Qorxmaz 675 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisasına qəbul olunub. O, digər abituriyentlərdən fərqli olaraq qəbul imtahanlarına hazırlaşarkən çox da ciddi məhdudiyyətlər yaşamadığını qeyd edib: “Dərslərimi vaxtlı-vaxtında oxuyurdum. Sınaqlarda yüksək nəticələr göstərdiyim üçün valideynlərim bəzi əyləncələrimə qadağa qoymurdu. Gün ərzində vaxtımın bir hissəsini də boş zamanı olan yoldaşlarımla gəzintilərə, söhbətlərə sərf edirdim. Həftədə bir-iki dəfə yığışıb futbol oynayırdıq. Yaşıdlarımdan bir çoxunun imtahanlara hazırlaşanda bütün bunlardan məhrum olduğunu eşitmişəm. Mən isə imtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım. Əldə etdiyim nəticəyə görə valideynlərimə və müəllimlərimə təşəkkür edirəm”.

Qəbul imtahanların yüksək nəticə göstərən gənclərimiz dövlətimizin başçısının onların təhsildəki nailiyyətlərini yüksək dəyərləndirməsindən dərin razılıqlarını bildirdilər.

Ümidvarıq ki, Prezident təqaüdçüləri ali təhsildə də yüksək nəticələrə nail olacaq, ölkəmzə fayda verəcək mütəxəssislər kimi yetişəcəklər.

Xatırladaq ki, hazırda ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdır.

Arif SALAHOV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993