Son nəfəsindək döyüşdü

Dağlıq Qarabağda ermənilərin xəyanətkarlığı və terrorçu-separatçı fəaliyyəti qısa vaxtda xalqımıza qarşı açıq düşmənçiliyə çevrildi. Minlərlə azərbaycanlı gənc öz ata-baba yurdunu qorumaq üçün müsəlləh əsgərə çevrildi. Belə gənclərdən biri də Kazım Ərşad oğlu Məmmədov idi.

O, 1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açmışdı. Bu kənddə böyüyüb boya-başa çatmış, orta təhsil almışdı. Arzusu inşaatçı olmaq, doğma yurdunda tikinti-quruculuq işləri ilə məşğul olmaq idi. Elə bu məqsədlə də Gəncə İnşaat Texnikumunun əyani şöbəsinə daxil olmuşdu.

Kazım 1988-90-cı illlərdə Sovet Ordusu sıralarında hərbi xidmətini keçib vətənə qayıtdıqdan sonra texnikumda təhsilini davam etdirməyə başladı. Bu zaman ermənilərin Dağlıq Qarabağda zorakılıq hərəkətləri getdikcə genişlənirdi, azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar artırdı. Belə vəziyyətdə respublikada asayişi təmin edəcək, yerli əhalini erməni quldurların hücumlarından qoruya biləcək əsas qüvvə daxili işlər orqanları idi. Kazım da texnikumda qiyabi şöbəyə keçərək, 1991-ci ilin fevralında Cəbrayıl Rayon Daxili İşlər Şöbəsinin post-patrul xidmətində işə başladı. Qısamüddətli xüsusi hazırlıqdan sonra silahdaşları ilə birlikdə o da erməni terror qruplarına qarşı mübarizəyə qoşuldu. İlk gündən öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirən Kazım cəsarəti, qorxmazlığı ilə şəxsi heyətin hörmət və ehtiramını qazanmışdı…

15 noyabr 1991-ci il… Tərkibində Kazımında olduğu mühafizə qrupu Xocavənd rayonunun Zamzur (sonradan Dərəkənd adlandırılıb) kəndində erməni quldurları ilə üz-üzə gəldi. Onları zərərsizləşdirmək üçün dərhal döyüş əməliyyatına başlamaq lazım gəldi. Lakin döyüş vaxtı məlum oldu ki, quldurlar sayca çoxdurlar. Kazım silahdaşlarının mühasirədən çıxmasını təmin etmək üçün düşmənin diqqətini öz üzərinə çəkməyi qərara aldı. Yaxınlıqdakı evlərdən birində mövqe tutaraq, yaxınlaşan quldurları sərrast atəşlə bir-bir məhv edirdi. Ermənilər cəsur döyüşçünü susdurmaq üçün evin ətrafına getdikcə daha çox qüvvə toplayırdılar. Bu, digər azərbaycanlı döyüşçülərin itki vermədən geri çəkilməsinə şərait yaradırdı. Kazımı sağ ələ keçirə bilməyəcəklərini görən quldurlar evi güllə-barana tutmaqla kifayətlənməyib, ona od vurdular. Gənc döyüşçümüz son nəfəsinədək düşməni yaxına buraxmasa da, qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu. 

Kazım subay idi.

Azərbaycan Respublikası Pre­zi­­den­tinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Qəhrəman döyüşçünün nəşi Böyük Mərcanlı kəndində dəfn edilib.

Vaxtilə təhsil aldığı məktəb şəhidin adını daşıyır.

İsa MUSAYEV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993