“SOCAR-ın müəssisələrində təcrübə keçmişəm”

Bakı Ali Neft Məktəbində təhsil alan məcburi köçkün gəncin özü və arzuları

“Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır”. Prezident İlham Əliyev bu sözləri “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdəki çıxışında deyib. Ali məktəblərə qəbul imtahanlarından yüksək bal toplayan abituriyentlərin bir çoxunun neftçi peşəsini seçməsi də bu peşəyə gənclər arasında marağın böyük olduğunu göstərir. Müsahibimiz - Qubadlı rayonundan məcburi köçkün Nihad Abbasov da 2015-ci ildə 700 balla Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçib. Hazırda beşinci kurs tələbəsidir. 

- Nihad, ailəniz məcburi köçkünlüyün hansı çətinliklərini yaşayıb? 

- Mən 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşam, bu şəhərdə yerləşən Qubadlı rayon Aşağı Mollu kənd tam orta məktəbini bitirmişəm.  Atam, Abbasov Natiq Vahib oğlu isə Qubadlı rayonunun Qaralar kəndində dünyaya gəlib. Qubadlı rayonunun işğalından sonra atamın ailəsi üçün çətin məcburi köçkün dövrü başlayıb. Onlar Sumqayıtda yerləşən 4 saylı Təmir-Tikinti İdarəsinin inzibati binasında məskunlaşmalı olublar. Ailədə 5 övlad- 4 tələbə və 1 məktəbli olması onları həm maddi, həm də mənəvi çətinliklərlə üz-üzə qoyub. Nənəm də Qubadlının Zilanlı kəndində anadan olub. Sumqayıta gəldikdən sonra babam kimya, nənəm isə ibtidai sinif müəllimi kimi çalışıb, övladlarının hamısının ali təhsil almasına nail olublar. Hazırda Sumqayıtda 8-ci mikrorayon ərazisində yaşayırıq. 

- Valideynləriniz Qubadlı rayonu ilə bağlı hansı xatirələrini sizinlə bölüşürlər?

- Atam boya-başa çatdığı Qaralar kəndini tez-tez xatırlayır. Həkəri və Bərgüşad çaylarının arasında yerləşən bu kənd təbiətinin xüsusi gözəlliyi ilə seçilir. Atamdan əhalinin məşğuliyyəti, yaşayış tərzi və adət-ənənələri ilə bağlı da dəyərli məlumatlar eşitmişəm. Rayon əhalisinin bayram adət-ənənələri, xüsusilə də, Novruz bayramı və toy şənlikləri barədə söhbətlər də maraqlıdır. Qubadlının milli qəhrəmanları, o cümlədən Əliyar Əliyev haqqında danışılanlar məndə müharibə dövrü və əhalinin o çətin dövrdə göstərdiyi şücaət barəsində təsəvvür yaradıb. Daha da keçmişə qayıtsaq, Qaçaq Nəbi haqqındakı faktlar və dildən-dilə dolaşan hekayələr əsl qəhrəmanlıq nümunələridir.

- Neftçi olmağa həvəsiniz nədən yarandı?

- Məktəb vaxtlarından texniki fənlərə olan marağım məni mühəndislik sahəsinə yönəltdi. Azərbaycanda neft-qaz sənayesinin inkişafı, bir çox yerli və transmilli şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi və gələcəkdə bu sahə üzrə mütəxəssis kimi yetişmək üçün yaradılmış imkanlar mənim bu istiqamətə olan marağımı xüsusilə artırdı.

- Neft sahəsi üzrə təhsil almaq istəyən gənclərə hanslı tövsiyəniz var?

- Tövsiyəm bu olardı ki, özlərini hərtərəfli inkişaf etdirməyə çalışsınlar və neft-qaz sahəsində biliklərini qazanmaqla kifayətlənməsinlər. Çünki hər sahədə olduğu kimi neft-qaz sektorunda da ən son texnologiyalardan istifadə edə bilən, müxtəlif proqramlaşdırma dillərində yazmağı bacaran və əlavə kompüter biliklərinə malik mütəxəssislərə ehtiyac var. Bütün bunları nəzərə alaraq gələcək yönümlü bilik və bacarıqlar qazanmaq onlara karyeralarında tez bir zamanda yüksəlmək imkanı yaradar.

- Sizcə, Bakı Ali Neft Məktəbinin üstünlükləri nələrdir?

- Bir çox orta məktəb yoldaşlarım da bu sahə üzrə başqa universitetlərdə təhsil alırlar. Onların danışdıqları və mənim də öz gördüklərim əsasında deyə bilərəm ki, Bakı Ali Neft Məktəbinin əsas üstünlüyü dünya səviyyəli tədris proqramına malik olmasındadır. Bundan əlavə, universitet Azərbaycan neft sektorundakı bütün şirkətlərlə sıx əlaqələr saxlayır və tələbələrin gələcək karyeralarını elə təhsil aldıq­ları müddətdən qurmaqlarına böyük köməklik göstərir. BANM yarandığı qısa müddət ərzində yerli və xarici şirkətlərdə uğurla çalışan gənc mühəndislər yetişdirməyi bacarıb. Məzunlarımız Azərbaycan neft-qaz sənayesində həyata keçirilən bir çox layihələrdə yaxından iştirak edirlər. BANM məzunları arasında nəinki Azərbaycanda, hətta dünyanın bir çox başqa ölkələrində də çalışanlar var. Onlar ölkəmizi layiqincə təmsil edir və neft-qaz sənayesində onun nüfuzunun artmasına böyük töhfələr verirlər.

- BANM praktik qabiliyyətlərinizin inkişafı üçün nələr edir?

- BANM tələbələrin nəzəri biliklərinin gücləndirilməsindən əlavə, praktiki biliklər cəhətdən də onlara dəstək olur. Tələbələr hər yay SOCAR-ın müəssisələrində, eləcə də, bir sıra transmilli şirkətlərdə təcrübə proqramı keçirlər. Bu şansdan istifadə edərək mən “28 May” və “Neft Daşları” NQÇİ-də praktika keçmişəm. Universitetin xarici şirkətlərlə də sıx əlaqə saxlamağının nəticəsində tələbələr bir çox nüfuzlu transmilli şirkətlərdə təcrübə proqramlarında iştirak edirlər. Bundan başqa, mütəmadi olaraq təcrübəli mühəndislərlə görüşlər kecirilir və tələbələr onların praktiki biliklərindən faydalanmaq imkanı qazanırlar.

- İxtisasınızla bağlı xaricdə təhsil almaq barədə düşünürsünüzmü?

- Neft-qaz sahəsi üzrə təhsil sistemi ən son standartlara cavab verən bir çox universitetlər var. BANM də bu sahə üzrə ən qabaqcıl universitetlərdən olan “Heriot Watt” universitetinin tədris proqramından istifadə edir. Ona görə də, hələ ki, xaricdə təhsil almaq barədə düşünmürəm. Öncə iş təcrübəsi toplamaq, şəxsi inkişaf imkanlarından istifadə etmək istəyirəm. Bu mənada bir müddət xaricdə işləmək və təcrübə toplamaq və bu təcrübəni ölkəmizdə tətbiq etmək istərdim.

- Uğurlar diləyirik!

Orxan ASLAN

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993