Azərbaycan vətəndaşlarının rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzindədir

“İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu sosial-iqtisadi sahə ilə bağlı iyulun 31-də keçirdiyi müşavirədə deyib.

Ölkəmiz düzgün istiqamətdə inkişaf edir

Bu ilin altı ayında iqtisadiyyatın 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz artdığı,  qeyri-neft sənayesində artımın 15,7 faiz olduğu qeyd edilib. Sənayenin qeyri-neft sektorunun rekord addımlarla irəlilədiyini vurğulayan ölkə rəhbəri bunu son illərdə aparılan sənayeləşmə siyasətinin gözəl nəticəsi, çox sevindirici hal kimi qiymətləndirib. Kənd təsərrüfatında da rekord göstərici əldə edildiyi, altı ayda bu sahədə artımın 13 faiz, bitkiçilik üzrə 25 faiz təşkil etdiyi diqqətə çatdırılıb. “Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”, - deyə Prezident İlham Əliyev bildirib. Ticarət dövriyyəsinin 20 faizdən çox, qeyri-neft məhsulları ixracının 15 faiz, əhalinin gəlirlərinin 6,6 faiz artdığı, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğu, inflyasiyanın cəmi 2,5 faiz olduğu qeyd edilib. Aparılan islahatların təzahürü kimi büdcə daxilolmaları da artıb. İqtisadi göstəricilər ölkəmizin düzgün istiqamətdə inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu göstərir.

Sosial sahə prioritetdir

Dövlətimizin başçısı bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndiyini və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə etdiyini xatırladaraq deyib: “Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

İkinci sosial paketlə bağlı hazırlıq işləri yekunlaşıb

Müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial proqramın və təşəbbüslərin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərlə bağlı məlumat verib. O, dövlətimizin başçısının təşəbbüsü ilə bu il qəbul edilən iki böyük sosial islahat paketinin icrası barədə danışıb və qeyd edib ki, birinci paket 3 milyon insanı əhatə edib, həm pensiyaçıların, həm də işləyən vətəndaşların əməkhaqları artırılıb. İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Ümu-milikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanı əhatə edəcəkdir. Minimum əməkhaqqında, demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaqdır. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaqdır.

Dövlətimizin başçısının tapşırığına əsasən, müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanımızı əhatə edib və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclərdir.

Avtomatik pensiya təyinatına başlanılıb

Sahil Babayev ölkə rəhbərinin digər bir sosial təşəbbüsü olaraq, ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyasının elan edildiyini və 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq olunduğunu, bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanıldığını bildirib. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər.

Özünüməşğulluq Proqramında məcburi köçkünlərə də üstünlük verilir

Müşavirədə Özünüməşğulluq Proqramı ilə bağlı görülən işlər barədə də məlumat verilib. Sahil Babayev, dövlətimizin başçısının tapşırığına əsasən, ötən il 6 min ailənin mikro və kiçik biznesə başlamaq üçün aktivlərlə təmin edildiyini, İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edilməsi və əlavə vəsaitin cəlb olunması nəticəsində bu il 10 min ailəyə özünüməşğulluq imkanı yaradılacağını bildirib. O, cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəldiyini vurğulayaraq, onların arasında əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verildiyini deyib. BMT-nin İnkişaf Proqramının da layihəyə cəlb olunduğu, Dünya Bankı ilə müzakirələrin yekun mərhələyə çatdığı qeyd edilib.

Prezident İlham Əliyev Dünya Bankı ilə bu ilin əvvəlində müzakirələr aparıldığını, bu beynəlxalq maliyyə qurumunun proqrama dəvət edildiyi və onun proqramda iştirakının, təbii ki, ölkəmizə əlavə maliyyə resursu verəcəyini diqqətə çatdırıb.

Nazir Sahil Babayev DOST mərkəzinin fəaliyyəti barədə də ərtaflı məlumat verib. Bu mərkəzdə 126 xidmət göstərildiyi və xidmətin səviyyəsinin vətəndaşlarda məmnunluq doğurduğu, ilin sonuna və növbəti ilin birinci rübünə daha 3 mərkəzin də açılacağı, beləliklə, Bakı şəhərinin 80 faizinin əhatə ediləcəyi, növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra paytaxtın tam əhatə olunacağı, regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində işlərin başlanılacağı bildirilib.

Dördüncü proqramın icrası uğurla davam etdirilir

Məlum olduğu kimi, bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Dövlətimizin başçısı qeyd edib ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülməsinə baxmayaraq, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaqdır. İqtisadiyyat naziri Şahin Mustafayev müşavirədə Proqramın əsas göstəriciləri haqqında məlumat verib. O, regionların indiki vəziyyətinin 15 il bundan əvvəlki vəziyyətindən fundamental dərəcədə fərqləndiyini vurğulayaraq, dövlətimizin başçısının qəbul etdiyi proqramların müstəsna əhəmiyyət daşıdığını bildirib.

Şahin Mustafayev dördüncü proqramın icrasının uğurla davam etdirildiyini, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsinin, ilk növbədə, bu proqramın əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldildiyini diqqətə çatdıraraq deyib: “Eyni zamanda, bu proq­ram regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, infrastruktur təminatının yaxşılaşdırılması ilə yanaşı, sosial infrastrukturun yaxşılaşmasına da yönəldilmiş bu proqram ciddi nəticələr verir. Həmçinin Dövlət Proqramının icrası kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Bu gün artıq qeyd etmək olar ki, regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır”.

İqtisadiyyat naziri regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələri haqqında, aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması, investisiyaların təşviqi, meliorasiya, sosial sahədə görülən işlər barədə danışıb, proqramda nəzərdə tutulmuş bütün tədbirlərin icrasına nəzarət olunduğunu, nəzərdə tutulan işlərin müəyyən edilmiş vaxtda yüksək keyfiyyətlə icra olunacağını bildirib.

Kredit və yol məsələsi

Prezident İlham Əliyev ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atıldığını, Dünya Bankının “Doing Business” proq­ramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanıdığını, 32 pillə irəliləyərək hazırda 25-ci yerdə olduğunu xatırladıb. Bunun ölkəmizə investisiyaların cəlb edilməsində müsbət rol oynadığını və oynayacağını qeyd edən dövlətimizin başçısı bütün aparıcı beynəlxalq maliyyə qurumlarının bu sahədəki fəaliyyəti yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri güzəştli şərtlərlə verilən kreditlərin həcminin bu il 170 milyon manat səviyyəsində olduğunu qeyd edərək, onun icra vəziyyəti ilə maraqlanıb. Şahin Mustafayev bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrıldığını, ilin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcəyini, layihələrin qəbul olunduğunu, baxıldığını və hazır layihələrin müəyyənləşdirildiyini bildirib.

Prezident İlham Əliyev müşavirədə ölkəmizdə geniş vüsət alan yol tikintisi barədə də fikirlərini bildirib. Qeyd edib ki, son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. “Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”, - deyə dövlətimizin başçısı bəyan edib.

Artan valyuta ehtiyatı böyük sərvətimizdir

Prezident İlham Əliyev ölkəmizin valyuta ehtiyatlarının artdığını və rekord həddə – 49 milyard dollara çatdığını qeyd edərək deyib: “Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik”.

Müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov makroiqtisadi vəziyyət və pul-kredit siyasəti, ölkəmizin strateji valyuta ehtiyatlarının artması, manatın məzənnəsinin sabit saxlanılması, inflyasiyanın idarə olunması, istehlak və biznes kreditləri ilə bağlı hesabat verib. Vergilər naziri Mikayıl Cabbarov büdcə daxilolmaları, Maliyyə naziri Samir Şərifov büdcənin icrası ilə bağlı mövcud vəziyyət barədə məruzə ediblər. 

Aqrar islahatlar müsbət nəticə verir

Sonra Prezident İlham Əliyev kənd təsərrüfatında aparılan islahatlar nəticəsində bu il rekord göstərici əldə olunduğunu, bu sahəyə dövlət dəstəyinin davam etdiriləcəyini bildirib.

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar üzrə görülmüş sistemli tədbirlərin öz müsbət nəticəsini verdiyini konkret fakt­larla diqqətə çatdırıb, qarşıya qoyulan vəzifələrin icra vəziyyəti barədə məlumat verib.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, qarşıda duran vəzifələrdən danışıb, mövcud prob­lemlərin həlli ilə bağlı tapşırıqlar verib.

İş yerlərinin yaradılması zəruridir

Dövlətimizin başçısı yeni iş yerlərinin açılması məsələsinə toxunub və qeyd edib ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılıb. Onların bir hissəsinin dövlət sektorunda açıldığını vurğulayan ölkə rəhbəri işsizliyin aşağı səviyyədə olması üçün məhz belə addım atıldığını, təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradıldığını bildirib. “…Bu iş yerləri açılır ki, vətəndaşlar işlə təmin olunsunlar. Ancaq hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır”, - deyə Prezident İlham Əliyev bəyan edib.

Müstəqillik dövründə ölkə əhalisinin təxminən 3 milyon nəfər artdığını, bu il 10 milyonuncu vətəndaşın dünyaya gəlməsinin sevinclə qeyd olunduğunu vurğulayan dövlətimizin başçısı bunu “bizim böyük sərvətimiz” adlandırıb, eyni zamanda, iş yerlərinin yaradılması ilə daim məşğul olmağın vacibliyini bildirib. Ölkə rəhbəri deyib: “Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq”.

Əlavə gəlir əldə ediləcək

İqtisadi artım üçün yeni, dayanıqlı mənbələr axtarılmasının vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının burada əsas rol oynadığını vurğulamaqla yanaşı, bu gün iqtisadi inkişafımız üçün neft-qaz sektorunun əsas olduğunu, bu sahədə də çox önəmli addımlar atıldığını bildirərək deyib: “Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.

Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır

Çıxışının sonunda ölkəmizin innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməsinin vacibliyini vurğulayan və bütün lazımi tədbirlərin görüldüyünü bildirən Prezident İlham Əliyev deyib: “Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993