Qoşulmama Hərəkatına üzvlük ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini verib

“Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) üzv olması həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini vermişdir. Təsadüfi deyildir ki, QH-nın yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunmuşdur”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrın 25-26-da Bakıda keçiriləcək XVIII Zirvə Görüşü və Azərbaycan Respublikasının 2019-2022-ci illər üzrə bu quruma sədrliyi ilə bağlı KİV-ə verdiyi müsahibədə belə deyib.

Şöbə müdiri Azərbaycan Respublikasının QH-yə üzvlüyü məsələsinə münasibət bildirərkən qeyd edib ki, bu, 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. O, QH-nin 2018-ci ilin aprelində Bakıda keçirilmiş Nazirlər konfransında Prezident İlham Əliyevin söylədiyi fikirlərə istinad edib: “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”.

H.Hacıyev 2011-ci ildə Azərbaycan Respub­likasının QH-yə üzv olduğunu xatırladaraq deyib ki, bu, ölkəmizin milli maraqlarının və mənafeyinin beynəlxalq müstəvidə təmin edilməsi, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişaf etdirilməsi üçün yeni əlverişli imkanlar açıb. Elə 2011-ci ildə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində QH ölkələrinin səsinin mühüm rol oynaması bu platformaya qoşulmaqla bağlı verilmiş siyasi qərarın nə qədər uzaqgörən bir addım olduğunu əyani surətdə sübut edib.

Prezident Administrasiyasının şöbə müdiri Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşünə hazırlıq işləri, Qoşulmama Hərəkatında sədrliyi dövründə Azərbaycan Respublikasının öz fəaliyyətini necə quracağı, prioritetlərinin nədən ibarət olacağı barədə sualları da cavablandırıb.

Müsahibənin tam mətni Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC –ın İnternet səhifəsində yerləşdirib və mətbuatda dərc edilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993