Səfir Xanım İbrahimova: “İsveçrəli uşaqların azərbaycanlı qaçqınlar və məcburi köçkünlər üçün çəkdiyi rəsmlər son dərəcə maraqlı idi”

İyunun 15-də Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin dəstəyi ilə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” tərəfindən Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası keçirilib.  Bu tədbirlə bağlı Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- İyunun 15-də təşkil etdiyiniz tədbir xaricdə keçirilən digər tədbirlərdən nə ilə fərqlənir?

-Fikrimcə, ən əsas fərq Azərbay­canın həqiqətləri barədə mesajımızın müsbət tonda, sülhməramlı tərzdə çatdırılması idi. Bu tərz avropalıların üslubundadır, onlarda tədbirimizə və mesajımıza maraq doğurub. Belə ki, ictimai məlumatlandırma kampaniyasının əsas qayəsini orada isveçrəli uşaqların iştirakı, azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün rəsm çəkmələri təşkil edirdi. Bu məqsədlə Bern şəhərinin əsas meydanı Vayzenhauzplatzda malbertlər quraşdırılmışdı. Bu uşaqlara Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri də qoşulmuşdu. Uşaqlar rəsm çəkməmişdən öncə tədbirin mahiyyəti, azərbaycanlı qaçqınlara, məcburi köçkünlərə həsr olunmuş rəsm əsərləri ilə tanış edilir və sonra ölkəmizdə olan qaçqın uşaqlar üçün rəsm çəkməyə dəvət olunurdu. Bundan başqa, “Qarabağ” Azərbaycan məktəbinin şa­girdləri aksiya iştirakçılarına uşaq dilində Ermənistan-Azərbaycan Dağ­lıq Qarabağ münaqişəsi və Azərbay­can məcburi köçkünləri barədə məlumat verirdilər. Xüsusilə uşaqlar vasitəsilə faciə barədə çatdırılan mesaj isə həm valideynlər, həm də uşaqlar üçün çox təsirli olurdu. İsveçrədə məlumatlandırma kampaniyasında çox sayda insanın iştirakı, yüzlərlə məlumat broşürü və kitabçaların paylanması, eləcə də kampaniya ərzində 100-ə yaxın rəsm əsərinin çəkilməsi bu cür yanaşmanın və ümumiyyətlə tədbirin uğurlu olduğuna dəlalət edir. Çox istərdim ki, İsveçrəli uşaqlar tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkün uşaqları üçün çəkilmiş bu rəsmlərin Bakıda sərgisi təşkil olunsun.

-Tədbir üçün niyə məhz 15 iyun tarixini seçmisiniz?

- Hər il İsveçrədə 15 iyun tarixi Milli Qaçqınlar Günü kimi qeyd olunur. Bu tarix İsveçrədə qaçqınların problemləri barədə ən vacib ictimai məlumatlandırma kampaniyasına çevrilib. Biz də Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə bu tarixdən İsveçrə ictimaiy­yətinin diqqətini xalqımızın Dağlıq Qarabağ probleminə yönəltmək üçün istifadə etmək qərarını verdik. Düşündük ki, həmin tarixdə təşkil olunacaq tədbir həm təsir gücü, həm də iştirakçılıq səviyyəsi baxımından daha genişmiqyaslı olacaqdır. Nəticə etibarilə bu, belə də oldu. Onu da xüsusilə vurğulamalıyam ki, ictimai kampaniyanın genişmiqyaslılığına töhfə verən amillərdən biri də tədbirin “İsveçrə Qaçqınlar Şurası”nın (Swiss Refugee Council) himayəsi altında keçirilməsi və kampaniya çərçivəsində paylanan məlumat vərəqələrində bu təşkilatın loqosundan istifadə edilməsi barədə diaspor tərəfindən razılıq əldə edilməsi idi. Belə ki, isveçrəlilərin inandığı yerli qurumun tədbirə sponsorluq etməsi ona həm marağı, həm də etibarı nəzərəçarpacaq dərəcədə artırıb.

-Kampaniyada başqa təsiredici amillər nə idi?

-Uşaqların rəsm çəkməsindən əlavə, ictimai kampaniyanın keçirildiyi meydanda Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş məlumat stendi quraşdırılmış, onlara həsr olunan rəsm əsərləri sərgilənmiş, yerli ictimaiyyətə bu barədə broşürlər vasitəsilə məlumat verilmiş, qarabağlı məcburi köçkün qadının 8 yaşında olarkən başına gələnlərdən alman dilində bəhs edən 500 kitabça paylanmış, üzərində “Azərbaycandakı qaçqın və məcburi köçkünlər üçün” yazılan və onlarla həmrəylik rəmzi daşıyan şarlar yerli sakinlərə və uşaq­lara paylanmışdır. Bütün bu tədbirlər bir-birini tamamlamış, aksiyamızı daha da rəngarəng və cəlbedici etmişdir.

-Tədbirin təşkilində İsveçrədəki Azərbaycan diasporunun rolu barədə nə deyə bilərsiniz?

-İsveçrədə Azərbaycan səfirliyi və diasporu bütün məsələlərdə, xüsusilə də ümummilli məsələlərdə həmişə birgə çıxış edir, çox sıx işləyir. Məsələn, 2018-ci ildə Berndə İsveçrə təhsil sisteminə inteqrasiya olunmuş “Qarabağ” məktəbinin təsis olunması səfirlik və diasporun birgə əməyinin nəticəsidir. Azərbaycan qaçqın və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası da bu ölkədəki diasporumuzun təşkilatçılığı ilə baş tutmuşdur. Belə ki, bu kampaniyanın rəsmi olaraq təşkilatçısı “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”dir. Səfirlik isə bu tədbirin təşkilinə qanuni çərçivədə dəstək göstərmişdir. Vurğulamaq istərdim ki, yerli ictimaiyyəti hədəfə alan istənilən aksiyanın keçirilməsində aparıcı rol məhz elə diasporaya məxsus olmalıdır. Bu kimi məsələlərdə isə səfirliklərimiz hər zaman dias­porun yanında olmalıdır.

-Sizcə, bu uğurlu təcrübənin başqa Avropa ölkələrində də tətbiq edilməsi məqsədəuyğundurmu?

- İsveçrədə keçirilmiş ictimai məlumatlandırma kampaniyasının uğurunu şərtləndirən amilləri yuxarıda sadaladım. Bir daha təkrarlamaq istəyirəm ki, müvafiq Avropa ölkələrində yerli ictimaiyyətə ölkəmizin Dağlıq Qarabağ problemi barədə həqiqətləri yuxarıda təsvir edilən formada, sülhməramlı tərzdə çatdırılmasının daha çox təsir gücünə malik olacağından əminəm. Buna görə də, digər Avropa ölkələrində bu formada tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Həm də nəzərə almaq lazımdır ki, digər Avropa ölkələrində də Milli Qaçqınlar Günü qeyd oluna bilər. Yaxud da hər il iyunun 20-si dünyada Beynəlxalq Qaçqınlar Günü kimi qeyd olunur. İctimai məlumatlandırma kampaniyalarının məhz bu günlərdə keçirilməsi çox vacibdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993