“Zəngəzurdakı kəndimizi bir an belə unutmuram”

Əslən Qərbi Azərbaycandan olan tanınmış yazıçı Azər Abdulla ilə müsahibə

- Bildiyimə görə, Zəngəzurda doğulmusunuz. Uşaqlığınız necə keçib?

- Adam yaşa dolduqca, doğulduğu, böyüdüyü yer daha çox yadına düşür, daha çox onun həsrətini çəkir. Təsəvvür edin, məktəb illərində səkkizinci sinfi bitirəndən sonra qonşu kəndə oxumağa getmişəm. Hardasa kəndimizdən 30 kilometr aralıydı. Hər halda, o yaşda doğulduğun yerdən ayrılıb qonşu kəndə getmək də mənimçün qəriblik idi. Nə demək istəyirəm, onuncu sinfi bitirəndən sonra İrəvanda oxumağa başladım. Kənd təsərrüfatı texnikumunda təhsil aldım. Yəni hara gedirdimsə, kəndimizdən uzaqlaşırdımsa, doğma kəndim mənə daha əziz olurdu. Deyirlər, insan 7-8 yaşınacan formalaşır. Doğulduğum yer çox gözəl yer idi. Bizim kəndin dağları tamam ayrı cür idi. Sıraya düzülüb başı buludlara çatan o dağlar keçmiş türk ərənləri kimi elə bil qol-qola girib yallı gedirdi. Kəndimiz o dağlardan birinin döşündə yerləşirdi. Qoşa çayın biri kəndin ortasından keçib ətəyindən gurhagur axan Mığrı çayına qovuşurdu.

- Doğulduğunuz kəndi tez-tezmi xatırlayırsınız?

- Orta məktəbin doqquz-onuncu sinfində oxuduğum vaxtlar yay tətilinə çıxanda xırman öküzlərini otarırdım. Yaylaq yerimizin dağlarını, buğda, arpa zəmilərini, meşələrini qarış-qarış gəzmişəm. Gəzib dolaşdığım o yerlərin hər addımı son zamanlar yadıma düşəndə burnumun ucu göynəyir. Təkcə adamları yox, o adamların çoxu dünyasını dəyişib, ağacları, kolları, qayaları, bulaqları, dəniz kimi dalğalanan tarlaları - hamısı gözümün qabağındadı. O yerlər yadıma düşəndə, yenə deyirəm, burnumun ucu göynəyir. Təhsil almamış savadsız, ancaq halal adamlar vardı kəndimizdə, amma o qədər ağıllı, məntiqli, yumorlu idilər. Sonradan dərk elədim, onlar nə qədər müdrik, ədalətli insanlarmış...

- Qaçqınlıq mövzusu bir çox kitablarda əks olunub.

- Keçən yüzillikdə də Azərbaycan-erməni münasibətləri, Azərbaycan türklərinin, Azərbaycanda bir-biriylə mehriban yaşayan etniklərin erməni daşnaqları tərəfindən ellikcə qırğını Əyyub Abbasovun “Zəngəzur” əsərində ətraflı göstərilib. İnsanlara verilən işgəncələr, soyqırımı, faciələr, əzablar, həmin əsərdə öz əksini tapıb. “Zəngəzur” əsəri sovet dönəmində qadağan edilmişdi. Bir nəslin o əsərdən xəbəri olmayıb. Səhv etmirəmsə, Axundov kitabxanasında bircə nüsxəsi qalmışdı. Respublikamız müstəqillik qazanandan sonra, yanılmıramsa, o əsər yenidən nəşr olundu. Sonra Məmməd Səid Ordubadinin “Qanlı illər”i, Mir Möhsün Nəvvabın, Əli Vəliyevin hekayələrində, adlarını yadıma sala bilmirəm, erməni-türk münasibətləri öz əksini tapıb. Yeri gəlmişkən, görkəmli rəssam Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsindən olan “Canfəda kəndindən qaçqın oğlan”, “Əfşar kəndindən qaçqın qız Gülsüm”, “Qaçqın xanım”, “Qaçqın oğlan” portretlərindəki kədərli ifadələr acı mətləblərə bələdçilik edir. Axı xalqımızın başına gətirilən bu qırğınlar, soyqırımlar bir yol olmayıb...

- Dediyiniz, “Zəngəzur” əsəri romandı?

- Həcmi böyük olmasa da, insan ağrı-acısının, müsibətinin ağılasığmaz ağırlığına, məzmununa və bu dəhşətli faciələrin ehtivasına görə roman demək olar.

 - Bu yaralı yerimizlə bağlı Sizin də əsəriniz var... “Qəmərlidən keçən qatar”... Yeri gəlmişkən, həmin əsəriniz nə dərəcədə avtobioqrafikdi?

- Adını çəkdiyiniz povestdən öncə, 1989-cu ildə Qərbi azərbaycanlıların min illərcə kök salmış doğma ata-baba yurdlarından qovularkən ermənilərin dinc insanların başına gətirdikləri müsibətlə bağlı “Sağalmaz yaralar” adlı bədii-publisist yazım doğma dilimizdə, həm də rusca nəşr olundu. Ancaq ölkənin və oxucunun başı qaçqın və köçkün dərd-səri, probleminə qarışdığından o yazı yetərincə oxunmadı. 90-cı ildən sonra ermənilər rusun köməyi ilə yurdumuzun torpaqlarını işğal etdilər. Bu savaşdan öncə də mən erməni kimdir, erməninin xisləti nədir, bilirdim. Müharibə elə olaydır ki, düşmən səni vurursa, sən də onu vurmalısan, o sənə işgəncə verirsə, sən də ona işgəncə verməlisən. Hətta ikiqat əvəzini çıxa da bilərsən. Bu müharibənin adi qanunlarındandır. Ancaq “Qəmərlidən keçən qatar” əsərində dinc dövrdə erməni kimliyi, onun xisləti, xarakteri nədir, mətndə öz əksini tapıb. Çox istərdim ki, bu əsər film olsun. Bu barədə müraciətim də var. 

- “Qəmərlidən keçən qatar”dan yaxşı film alınar, Sizcə?

- Bəli, bəli. Məktubumda amerikalı rejissor Mel Gibsonun möhtəşəm “Cəsur ürək” filmini vurğulayaraq yazırdım ki, Şotlandiyanın əhalisi bizim əhalidən sayca az, sahəsi bizdən balaca, ölkə üzrə gəlirləri bizdən qat-qat aşağıdır. Ancaq dediyim filmin işıq üzü görməsi üçün Şotland ölkəsi xeyli xərc çəkib və çox da gözəl film alınıb. Filmi belə çəkərlər. Onsuz da torpaqlarımızın geri qaytarılmasına mane olanlar var. Hələlik, bu məsələ öz həllini tapmır. Filmi çəkmək isə özümüzdən asılıdır.

- Bildiyim qədər, Sizin kənd ermənilərə daha yaxın olub.

- Kəndimiz erməni kəndlərinin əhatəsində idi. Həmişə basqı altında olmuşuq. Adamlar müəmmalı durumda ölürdü, ölümün səbəbi hüquqşünaslar tərəfindən  araşdırılmadığından güman edirdik ki, ermənilər bunu ört-basdır ediblər. Bu hadisələr zaman-zaman təkrar olunduğundan uşaq ağlımda, yaddaşımda diri bir qorxu, canlı bir vahimə yaranmışdı, mənə elə gəlirdi xəlvət bir məqamda erməni hər an uf demədən adamı öldürə bilər. Yenə qayıdıram, xırman öküzlərini otardığım illərə, erməni kəndləriylə bizim aramızdakı sərhəddə olan meşədə öküz otarırdım. Bəzən meşədə oturub dincəldiyim yerdə yuxu tuturdu məni. Yatanda bir gözüm qapansa da, bir gözüm açıq qalırdı. Qorxurdum, erməni gəlib başımı kəsər. Qatarla İrəvandan kəndə gələndə elə olurdu kupedəkilərin məndən savayı hamısı erməni olurdu. O vaxt erməni dilini yaxşı bilirdim. Hər cümləni beynimdə dönə-dönə götür-qoy edirdim ki, ləhcəmdən türk olduğumu bilməsinlər.

- Heç olubmu ki, qatarda erməni Sizi tanıyıb?

- Xeyr. Özümü erməni kimi göstərirdim.

- “Qəmərlidən keçən qatar” əsərinizə qayıdaq. O əsər hansısa xarici dilə tərcümə edilibmi?

- İngilis, rus və fransız dillərinə çevrilib. Hələlik fransızcası çap olunmayıb. Tərcüməçi Gültən Qədirliyə verdim əsəri. Oxudu, yeganə o bəyənmədi əsəri.

- Nəyi bəyənməyib?

- Dedi, burda azərbaycanlını aciz, zəif vermisən. Məzmun belədi: bir Azərbaycan ailəsi - qoca ata, onun oğlu, oğlunun gənc qadını və beş yaşlı körpə qızı, İrəvan-Qafan qatarıyla, bütün vaqonlarda ermənilərdi, yol gedirlər. Azğınlaşmış erməni dığaları yolboyu türk ailəsinin başına gətirdikləri insanlığa yaraşmayan təhqir, alçaqlıqlar canlı, təbii detallarla əks edilir.

- Azərbaycan-erməni münasibətləri, qaçqınlıq və Qarabağ hadisələrinin ədəbiyyatımızda yeri necə görünür?

- Sovet dövründə bu mövzuda yazmaq qadağan olsa da, böyük dramaturq Cəfər Cabbarlının “1905-ci ildə” pyesi, böyük mütəfəkkir Mirzə Cəlilin hekayələrində ermənilərin hal-xasiyyəti ustalıqla əks olunub. Ölkəmiz müstəqillik qazanandan sonra Məmməd Orucun “Köçürülmə” romanı, son vaxtlar yazıb çap etdirdiyi “Qısa qapanma” povesti, Mövlud Süleymanlının “Erməni hərfi”, Aqil Abbasın “Dolu” romanları çap olundu. Adlarını yadıma sala bilmədiyim gənc yazarların publisist yazıları, şairlərin, yeri gəlmişkən, rəhmətlik Eldar Baxışın Zori Balayana yazdığı tutarlı şeiri... Deyərdim, yetərincə yazılar var, sadəcə, onların təbliği zəifdir.

- Bu mövzuda pafoslu yazılar da olub, filmlər də çəkilib.

- Aqil Abbas yaxşı yazıçı olsa da, onun “Dolu” romanı əsasında çəkilmiş film məni qane etməyib. Film ürəyimcə olmadı. Burda rejissorlarımızı qınamaq da ədalətsizlik olardı. Etika xətrinə çox təriflədilər. Yenə deyirəm, Mel Gibsonun çəkdiyi filmlər səviyyəsində bizdə də film çəkilməlidi. O sayaq şedevrlərin yaranmasına yüksək kino texnikası, peşəkar artistlər lazımdı, dünyanı gəzə bilən film üçün üç-dörd milyon yox, on milyonları qızırqamadan xərcləmək gərək.

- Azər müəllim, köçkünlük dövrünü necə xatırlayırsınız?

- O vaxtlar mən Bakıdaydım. Qaçqınlıq faciəsini anam, qardaş-bacılarım, qohum əqrəbam, doğma ellilərim yaşayıb. Hamısını bir-bir dinləmişəm. Deyirdilər, əllərində “Kalaşnikov” olan saqqallılar maşınlarla, dəstəylə gəlib havaya atəş açıb dedilər, rədd olub getməsəniz qızınızı, bacınızı, arvadınızı zorlayacağıq, bunumu istəyirsiniz? Kəndin telefonlarını, işığını kəsirdilər. Kənd bütün dünyadan ayrılıb məzar sükutu içində qalıbmış. Bu durum mənim çap olunmamış “Çat” romanımda ətraflı verilib. “Sağalmayan yaralar” adlı publisistik yazımda həm on səkkizinci ildə türklərin soyqırımına məruz qaldıqları, həm də çağımızda baş verən ağrı-acılar, öz əksini tapıb. Dəhşətli məqamlar var. O vaxt adamlar mitinq havasıyla meydanlarda gecələyirdi, qəzet-jurnal oxumaq əhvalında deyildilər. Küçələrdə, meydanlarda mitinqlərdi. Ədəbiyyat ölmüşdü o zamanlar. Bir məqamı deyim, rayonun bütün kəndlərindən türklər qovulub. Qorxudan qaçıb özünü dağlara vuran, yaxud Araza atıb İrana adlayanlardan, döyülüb işgəncə verilənlərdən yox, bir vaxtlar rayonun ikinci katibi işləmiş çox hörmətli, mədəni bir kişinin taleyindən danışmaq istəyirəm. Həmin adamın ayaqları tutulduğundan təkcə evində qalıbmış. İki dəqiqədən bir telefon zəng çalır, xəstə kişi iməkləyib telefonu götürəndə yad səslər onu hədələyir, söyüb təhqir edirlər, niyə rədd olub getmirsən, ay türk, deyirlər. Xəstə, yerişini itirmiş adam: – Bu vəziyyətdə necə gedim? - deyəndə saqqallılar içəri girib onu az qala sürüyə-sürüyə aşağı endirərək asfalt daşıyan yük maşınının kabinəsinə də yox, qəsdən banına qaldırırlar. Vağzala gətirib çınqıl daşıyan üstüaçıq vaqona mindirib, bir vaxt rayonda səliqəli geyimi, mədəni, kübar davranışı, həmişə haqqın, ədalətin havadarı kimi tanınan türk ziyalısını “humanistlik” göstərib döymədən “hörmətlə” Azərbaycana yola salırlar. 

- Dəhşətlidir...

- Hər dəfə o kişi yadıma düşəndə qəhər boğur məni.

- İnanırsınız doğma torpaqlara qayıdacağımıza?

- İnanmaq istəyirəm. Dünyanın görünməyən siyasi oyunlarından baş açmaq olmasa da, inanıram, mənim ömrüm yetməsə də, övladlarımız, nəvə-nəticələrim nəinki Qarabağa, doğulduğum Zəngəzura, lap qədim, doğma şəhərimiz İrəvana, Göyçə mahalına rahat gedəcək, yurd salacaqlar. Hələlik ümidimiz diridir...

ŞƏRİF

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993