Qubadlı kitabxanaçıları oxuculara nümunəvi xidmət göstərməyə çalışırlar

Ulu Öndər Heydər Əliyev deyirdi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

Milli mədəniyyətimizin inkişafına, mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev Azərbay­canda kitabxana işinin təşkilinə də öz töhfəsini verib.

Çağdaş kitabxana quruculuğunun özülü də məhz 1970-ci illərin əvvəllərində, Ulu Öndərimiz Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub. Bu dövrdə bir sıra şəhərlərdə, rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildə fəaliyyətə başlayıb. Kitabxanaların mərkəzləşdirilməsi haqqında 1974-cü ildə qəbul edilmiş tarixi qərara qədər rayonun Don­darlı, Mahmudlu, Mahruzlu, Hal, Diləli-Müskanlı, Teymur Müskanlı, Həmzə­li, Muradxanlı, Qəzyan, Zilanlı kəndlərində yerli Sovetin nəzdində kitabxanalar fəaliyyət göstərib.

Qubadlı rayonunda kitabxanaların mərkəzləşdirilməsinə 1976-cı ildə başlanıb və 1980-ci ildə başa çatdırılıb. Rayonun işğalından əvvəl, yəni 1993-cü ilə kimi Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) 82 kənd kitabxanası daxil idi. Həmin vaxt rayon mərkəzi kitabxanası ikimərtəbəli 24 otaqdan ibarət binada yerləşirdi, oxu zalı, 21300 oxucu kontin­gen­ti vardı. Kitabxananın fondunda 812 minə yaxın kitab və çap materialı var idi.

Təcavüzkar Ermənistan Qubadlı rayonunu işğal etdikdən sonra Mərkəzləşdirilmiş Kitabxana Sistemi öz fəaliyyətini Sumqayıt şəhərində yenidən qurmağa başladı. Azərbay­canın Milli Qəhrəmanı Həsənqulu Qasımovun adını daşıyan Qubadlı Rayon Mərkəzi Kitabxanası hazırda  Sumqayıt şəhərindəki “28 May” Mədəniyyət Evinin 5 otağında direktor Müşgünaz Muradovanın rəhbərliyi ilə öz fəaliyyətini davam etdirir.  Kitabxana işçilərinin gərgin əməyi sayəsində burada yeni yaradılan kitabxananın fondunun əsası Res­pub­lika Milli Kitabxanasından gətirilmiş 600 nüsxə kitabla qoyulub. Sonra Bakı, Abşeron, Sumqayıt kitabxanalarından kitablar götürülüb, fond yenidən komplektləşdirilib.

Son illər ərzində rayon icra hakimiyyətinin səyi və Heydər Əliyev Fondunun dəstəyi və yerli imkan hesabına Sumqayıt şəhərindəki “28 May” Mədəniyyət Evində aparılmış əsaslı təmir, tikinti və yenidənqurma işlərindən sonra burada həmin müəssisənin fəaliyyəti üçün normal iş şəraiti yaradılıb. Rayon Mərkəzi Kitabxanasında “Metodika və biblioqrafiya”, “Kitabişləmə və komplekt­ləşdirmə”, “Mübadilə”, “Oxuculara xidmət” şöbələri fəaliyyət göstərir. Onu da qeyd edək ki, “Oxuculara xidmət şöbəsi” məcburi köçkünlərin müvəqqəti məskunşlaşdığı “Şəfa” sanatoriyasının iki böyük otağında yerləşdirilib. Kitabxananın bütün şöbələri öz işini müasir tələblərə uyğun qurmağa çalışır. Onların hər biri kompyuter avadanlıqları ilə təciz edilib.

Hələ 26 il bundan öncə rayonda yaşadıqları vaxtlarda quruculuq və abadlıq, mədəni-maarif işlərini əzmlə həyata keçirən zəhmətkeş insanlar bu gün də Qubadlının zəngin mədəni irsini yaşadaraq gələcək nəsillərə ötürürlər. MKS-nin oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Zeynəb Quliyeva və mübadilə şöbəsinin müdiri Sevda İsmayılova ilə söhbətimiz zamanı qeyd olundu ki, kitab fondunun zənginləşdirilməsi ilə yanaşı, oxuculara nümunəvi xidmət göstərilir. Hazırda MKS-nin 20080 nüsxə kitab oxucuların ixtiyarındadır. Elektor kataloqda 15 minə yaxın kitab yerləşdirilmişdir.

Qubadlı kitabxanaçıları inanırlar ki, doğma rayonda öz işlərini davam etdirəcəkləri günlər uzaqda deyil. Dövlətimizin gücü, qüdrəti sayəsində torpaqlarımız tezliklə işğaldan qurtaracaqdır.

Tahirə AĞAMİRZƏ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993