Qəhrəmana dönən müəllim

Azərbaycan xalqının tarixində Vətən uğrunda canlarından keçib müqəddəsləşən insanlar çoxdur. Ömrünü gənc nəslin layiqli vətəndaşı kimi yetişməsinə həsr etmək arzusunda olan, lakin özü örnəyə çevrilən belə igidlərdən biri də Novruzov Ələsgər Xanlar oğludur.

O, 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində doğulmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistan SSR-in Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildə isə Xocalı şəhərinə köçərək 1 saylı məktəbdə ixtisası üzrə müəllim işləmişdir.

1988-ci il hadisələri başlayanda gizli şəkildə yaradılmış Xocalının Müdafiə Şurasının ilk 5 nəfər üzvündən biri də Ələsgər müəllim idi. Elan edilməmiş müharibə qızışdıqca, ermənilər azğınlaşdıqca onlara qarşı keçirilən əks-hücum əməliyyatlarında Ələsgər müəllim həmişə fərqlənmiş, demək olar ki, ən cəsur döyüşçülərdən biri olmuşdur. Onun 30-40 nəfərlik silahlı dəstəsi mürəkkəb tapşırıqları uğurla yerinə yetirirdi.

1989-cu ilin payızında Daş-bu­laq kəndində erməni quldurlarının azərbaycanlılara hücumunun qarşısının alınmasında, 1991-ci ildə Xankəndinə gedən dəmiryolu xəttinin bağlanmasında, Xankəndi-Noraguğ yolunda 20-yə qədər erməni quldurunun məhv edilməsində Ələsgər Nov­ruzov yaxından iştirak etmiş, mi­silsiz qəhrəmanlıq göstərmişdir.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə... Xocalı soyqırımı... Ələsgər həmişəki kimi yenə də öz döyüşçüləri ilə postda idi. Ermənilər onun rəhbərlik etdiyi dəstənin tutduğu mövqeyə nə qədər mərmi yağdırsa da, onlar postu təslim etmədilər. O müdhiş gecədə hamının müəllim kimi tanıdığı Ələsgər qəhrəman Ələsgərə çevrilmişdi. O, hansı amal uğrunda vuruşduğunu yaxşı bilirdi. Qüvvələrin bərabərsizliyi və döyüş sursatının tükənməsi öz işini gördü. Düşmən cəsur döyüşçünü çətinliklə əsir götürür. O, Xankəndində minbir işgəncə ilə qətlə yetirilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. O həm də "General Məhəmməd Əsədov" adına mükafata layiq görülmüşdür.

Qəhrəmana dönən müəllim Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.

İsa MUSAYEV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993