Bakıda möhtəşəm idman festivalı: sülh və dostluq bayramı

 

“Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir. Bu nailiyyətlərin əsası isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəb­büsü ilə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına qoşulmuş, ölkəmizdə Olimpiya komplekslərinin, müx­tə­lif idman qurğuları və mərkəzlərinin tikintisinə start verilmişdir. Azərbay­canı müasir, dünyəvi, sabit və demok­ratik bir ölkəyə çevirən Heydər Əliyevin uzaqgörən siyasətini hazırda Azər­baycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev əzmlə davam etdirir. Onun idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hazırda Bakı şəhərində və Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat tərzi sürməsinə də hərtərəfli şərait yaradır”.

Bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov möhtəşəm idman bayramının iyulun 21-də “Baku Crystal Hall”-da keçirilən təntənəli açılış mərasimində deyib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Y.Eyyubov Azərbaycanın ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkə olduğunu bildirib. Bu silsilədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyaslı idman tədbirlərinin bütün dünyada əks-səda doğurduğu xatırladılıb.

Gənc atletlərə müraciət edən Təşkilat Komitəsinin sədri onların ilk böyük beynəlxalq uğuru məhz Azərbaycanda qazana biləcəklərindən məmnunluq ifadə edərək deyib: “Heç şübhəsiz deyə bilərik ki, sizlərin sırasında gələcək Olimpiya, dünya və Avropa çempionları olacaqdır. Əminik ki, siz gənclər aparacağınız idman mübarizəsi ilə yanaşı, bir-birinizlə yaxından tanış olacaq, özünüzə çoxlu dost və rəfiqə tapacaq, öz bacarıq, mədəniyyət və tarixlərinizi də paylaşacaq, o cümlədən keçmiş və müasirliyin vəhdətini təşkil edən əzəmətli Bakımızın füsunkar gözəlliyindən zövq alacaqsınız”.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç açılış mərasimindəki çıxışında deyib ki, 50-ci Avropa Olimpiya Komitəsinin nümayəndələri üçün Bakıya, Odlar yurdunun küləklər şəhərinə gəlmək, elə, öz evimizə gəlmək deməkdir. “Dörd il öncə biz sizin əvəzolunmaz köməyinizlə ilk Avropa Oyunlarını təşkil etdik. Həmin Oyunlar möhtəşəm hadisə oldu və Belarusda, Minskdə ikinci Oyunlar keçirildikdən, həmçinin Polşanın Malopolska bölgəsinin Krakov şəhərində üçüncü Oyunların təşkil olunması haqqında qəbul edilmiş qərardan sonra fəxrlə deyə bilərik ki, biz birlikdə yeni ənənəni başladıq. Biz yeni Avropa Olimpiya irsinin təməlini qoyduq”, - deyə Y.Kosyançiç bəyan edib. O, Azərbaycanda növbəti beynəlxalq idman tədbirinin təşkilini yüksək dəyərləndirib və deyib: “Sizin təşkilatçılıq bacarığınıza və bu sahəyə bağlılığınıza bizim heç bir şübhəmiz yoxdur. Sizin qətiyyətiniz, işinizin keyfiyyəti, könüllülərinizin mehribanlığı bizə məlumdur. Biz bilirik ki, ölkənizin ən yaxşı sərmayəsi onun gənclərinə qoyulan sərmayədir”.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb. Azərbaycan medalların sayına görə hazırda festivalın lideridir.

Nüfuzlu idman xadimləri, ekspertlər Azər­bay­can paytaxtında keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993