Ana dilimizi qorumaq mənəvi borcumuzdur

Ulu Öndər Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Çünki millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiy­yat olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Bu təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.

Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalarla üzləşsə də, müxtəlif dövrlərdə istilalara, təzyiqlərə məruz qalsa da, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvəti qoruyub saxlayıb.

Bəşəriyyətə saysız-hesabsız töhfələr verən, zəngin irsə və qədim tarixə malik Azərbaycanın bütün milli sərvətləri kimi ana dilimiz də xalqımızın qürur mənbəyidir, mənəvi mövcudluğumuzun inikasıdır. Əcdadlarımızın bizə miras kimi bəxş etdikləri ana dilimiz bayatılardan, dastanlardan süzülərək gəlib bu günümüzə çatıb.

Ölkəmizdə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tədbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəldilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ulu Öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.

Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Dövlət dili işinin təkmilləşdirilməsi haqqında 18 iyul 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi. Ulu Öndərin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunmağa başlandı. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımdır.

Ulu Öndər Heydər Əliyevin ideyalarını ardıcıllıqla həyata keçirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu danılmaz faktdır ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz dövlətimizin başçısının özüdür. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixi sərəncamları, eyni zamanda Azərbay­can Respublikasının Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ilə ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılıb. Elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından əhəmiyyətli olub.

Prezident İlham Əliyev milli xüsusiyyətimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Dilini itirən xalq məhvə məhkumdur. Hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət-ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Dilimizin büllur sağlığını qorumaq hamımızın mənəvi borcudur.

Tahirə AĞAMİRZƏ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993