Cəsur kəşfiyyatçı

Qubadlının igid oğlu döyüş dostlarını xilas etsə də, özü şəhid olub

Öz generalları, yazıçı, şair və alimləri, eləcə də fədakar övladları ilə seçilən Qubadlı rayonunun Qarabağ savaşında şəhidlik zirvəsinə yüksələn, igid babalarının şərəfli yolunu davam etdirən qəhrəmanları var. Onlardan biri Aqil Səməd oğlu Məmmədovdur.

Aqil 30 iyul 1969-cu ildə anadan olmuşdu. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı natamam orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdi. Füzuli şəhərində sürücülük peşəsinə yiyələndikdən sonra isə Qubadlı Avtomobil Nəqliyyatı İdarəsində əmək fəaliy­yətinə başlamışdı.

Keçmiş Sovet Ordusunda hərbi xidmətə 1987-ci ildə yola düşmüş, lakin doğma yurdun başı üzərini qara buludlar alanda, 1988-ci ildə Rusiyanın Oren­burq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdı.

Aqil Qubadlı özünümüdafiə taborunun ilk əsgərlərindən idi. Ermənistanla səhrəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınırdı. Dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, hərbi girovla geri qayıtmışdı.

1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı.

1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, döyüşçü dostlarını çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Kəşfiyyatçılar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. O, döyüş dostlarına qarşı tərəfin minalandığını bildirir. Amma tale onun bəxtinə gülmür. Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.

Aqil ailəli idi. Bir qız övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Aqil Səməd oğlu Məmmədova ölü­mündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qubadlı rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib.

Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var. Qəhrəmanımız yaşasaydı, indi 50 yaşı qeyd olunacaqdı.

İsa MUSAYEV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993