Pirallahı: məcburi köçkünlərə yeni mənzillər verilir

Bu ayın  əvvəlində Pirallahı rayonunda istifadəyə verilən yaşayış kompleksinə məcburi köçkün ailələrinin köçü­rülməsi prosesi yaxın vaxtlarda başa çatdırılacaq. Kompleksdə rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış, ümumilikdə, 306 məcburi köçkün ailəsinə yeni mənzil veriləcək.

Yeni yaşayış massivində artıq 170 ailə tam məskunlaşıb. Bu ayın sonuna kimi daha 136 ailənin köçürülməsi həyata keçiriləcək. Dövlətin ayırdığı vəsait hesabına Pirallahıda tikilən yeni yaşayış kompleksində indi Xocavənd rayonundan olan Quliyevlər ailəsinin də geniş mənzili var. Uzun müddət müxtəlif yerlərdə müvəqqəti məskunlaşan ailənin, sözün əsl mənasında, sevincinin həddi-hüdudu yoxdur. Şərqiyyə Quliyeva deyir ki, öz yurd-yuvasından didərgin düşdükdən sonra 1996-cı ildən etibarən Pirallahı rayonuna pənah gətiriblər. Burada bərbad vəziyyətdə olan bir binanın iki mənzilini təmir edərək ora yerləşiblər. Yeni mənzillə təmin edilənə kimi ağır və dözülməz şəraitdə yaşayıblar.

Dövlətin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən Quliyevlər ailəsi də yararlanıb. Ağır, heç bir şəraiti olmayan, yayda, qışda ayrı-ayrı problemlərlə qarşılaşan ailə artıq yeni mənzilin sevincini yaşayır.  İşıqlı, geniş, bütün kommunal xidmətlərlə təchiz olunmuş mənzillər zəruri ehtiyaclara cavab verir. Sevincini sözlərlə ifadə edə bilməyən Şərqiyyə Quliyevanin dövlətdən bundan sonra tək gözləntisi var. O da işğal altında olan ərazilərimizin tezliklə azad edilməsi və doğma yurdlarına geri dönmələridir.

Hazırda Pirallahı yaşayış massivində Laçın, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl və digər rayonlardan məcburi köçkün düşmüş ailələr yerləşdirilib. Həmin ailələrin hər biri əvvəllər elə Pirallahı rayonu ərazisində, yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşıblar. Laçın rayonundan məcburi köçkün Elşad Cəfərovun ailəsi işğaldan sonra Pirallahıda sığınacaq tapıb. Yeni yaşayış kompleksi istifadəyə verilənə kimi çətin şəraitdə yaşayıblar. Məişət şə­raiti ağır olduğu üçün Cəfərovlar ailəsi birinci mərhələdə mənzillə təmin edilən ailələrin içərisində yer alıb. Dövlət Komitəsi tərəfindən keçirilən püşkatmada iştirak edib, köçəcəkləri mənzilin yerləşdiyi binanı, mərtəbəsini və nömrəsini seçiblər. Ailə dövlət tərəfindən yeni mənzillə təmin edildiyi üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşək­kü­rünü bildirir.

Gözəl şəraitli, yaraşıqlı mənzillə təmin olunmuş məcburi köçkün Hafiz Salahov da sevincini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Daha öncə məskunlaşdıq­ları yerdə uşaqları və ailə üzvləri hamısı bir otaqda yaşayıb. İndi isə onlara ailə üzvlərinin sayına uyğun olaraq üçotaqlı mənzil verilib. Hər bir şəraiti olan mənzildə uşaqların da öz yataq otağı var.

Aysu Salahova məktəblidir. 243 nömrəli məktəbdə təhsil alan Aysu 4-cü sinifə qədər şəraitsiz və darısqal otaqdan məktəbə gedirdi. Növbəti ildən isə təhsilini yeni istifadəyə verilmiş qəsəbədə açılmış Laçın rayon Bozlu kənd məktəbində davam etdirəcək. Artıq məktəb həm yaxındır, həm də dərslərinə öz otağında hazırlaşmaq imkanı olacaq.

Pirallahı yaşayış kompleksində yaşayan ailələrin işlə təminatı məsələsi də gündəmdədir. İşsiz və ya iş axtaran məcburi köçkün ailələri ilə bağlı Dövlət Komitəsi tərəfindən bir sıra qurumlarla birlikdə lazımi addımlar atılır.

Pirallah rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbə sayca 104-cüdür. Ümumiyyətlə, qəsəbələrdə məşğulluq probleminin həlli ilə bağlı da komitə aktiv fəaliyyət göstərir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə məcburi köçkünlər üçün bir il ərzində üç əmək yarmarkası keçirilib ki, burada da mindən yuxarı məcburi köçkün iş yerləri tapıb.

Ümumillikdə, 2019-cu ilin 1-ci rübü ərzində isə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993