Tarix üçün yaşadı

Uca Tanrının verdiyi ömür payını özləri üçün deyil, Vətən və Millət üçün yaşayanlar heç vaxt unudulmur, daim ehtiramla xatırlanırlar. Onların gördükləri işlər isə zamanın hər dönəmində öz faydasını göstərir. Belə ömür yaşayanlardan biri də tarixçi-alim, yazıçı-jurnalist, Dövlət mükafatı laureatı İsrafil Məmmədovdur.

Respublikamızda təkcə elmi ictimaiyyətin, mətbuatın, ictimai-siyasi xadimlərin deyil, həm də geniş kütlənin tanıdığı bu əvəzsiz insan xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayan zaman üzə çıxardığı tairxi faktlarla düşmənin dediklərinin tam yalan olduğunu sübut edib. Tarixçi alimlərin, haqlı olaraq, “canlı tarix” adlandırdıqları İsrafil Məmmədov bu yaxınlarda dünyasını dəyişsə də, yazdığı əsərlər ilə onun əbədiyyət qazandığı şəksizdir.

İsrafil Süleyman oğlu Məmmədov 1927-ci il noyabrın 8-də Qərbi Azərbaycanın Meğri rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1943-1944-cü illərdə müəllimə daha çox ehtiyac duyulan qonşu kənddə müəllimlik edib. Uşaqlığından nəsrə, poeziyaya, jurnalistikaya böyük həvəsi olan İ.Məmmədov gənc yaşında rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə işləyib, 1948-51-ci illərdə Meğridə rayonun gənclər təşkilatına rəhbərlik edib, rayonun “Kolxoz kəndi” qəzetinin və Azərbaycan dilində radio verilişlərinin redaktoru olub. Azərbaycan Dövlət Pedaqoji İnstitununun tarix fakültəsində qiyabi təhsilini başa vurdurqdan sonra, 1956-87 ci illərdə “Sovet Ermənistanı” qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, redaktor müavini, 1987-89-cu illərdə Ermənistan SSR Xalq Təhsili nazirinin müavini işləyib. 1989-90-cı illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru vəzifəsini öhdəsinə götürən İsrafil Məmmədov bütün çətinliklərə baxmayaraq burada da özünün obyektiv vətənpərvərlik mövqeyini cəsarətlə bildirib. İsrafil müəllim həm də Ermənistan SSR “Bilik” Cəmiyyəti Rəyasət Heyətinin və Ermənistan SSR Sülhü Müdafiə Komitəsi Mərkəzi şurasının üzvü idi. 1964-cü ildən İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı şöbəsində tarix müəllimi işləyən İsrafil müəllimin tələbəsi olmuş insanlar onun əsil pedaqoq və milli təəssübkeş ziyalı olduğunu bildirirlər. 1972-ci ildə “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik disertasiyasını müdafiə edən İ.Məm-mədov özü Ermənistan və Azər-baycanda bir neçə dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub.

İsrafil müəllim də, digər soydaşlarımız kimi, Ermənistanda etnik təmizləmə, milli mənsubiy­yətinə görə təqiblərə məruz qalıb və Azərbaycana pənah gətirib. Burada o, 1991-ci ildən Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”na rəhbərlik edib.

Ədəbi yaradıcılığa 1957-ci ildə başlamış İ.Məmmədovun hekayə, oçerk, publisist yazıları müntəzəm dövri mətbuatda və "Ədəbi Ermənistan" almanaxında çap olunub. Rus və erməni dillərindən Azərbaycan dilinə çevirdiyi A.Gelmanın "Tək-təkinə hamı ilə", "Aləmlə üz-üzə", Yucin On-ilin "Qarağaclar altında məhəbbət", P.Pançevin "Əkizlər", Ə.Əbubəkrin "Şuburumda dava-dalaş", Q.Sundukyanın "Daha bir qurban", Q.Boryanın "Bir damın altında" səhnə əsərlərinin bəziləri C.Cabbarlı adına İrəvan Dövlət Teatrında tamaşaya qoyulub. Azərbaycanlıların yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifi olan nasirin "Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran”, “Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb.

Azərbaycanlıların soyqırımı haqqında Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycanda və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcısı, həm də çıxışçısı olan İsrafil Məmmədovun respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə İsrafil Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilib. Ömrünü Vətən üçün yaşayan müəllimim İ.Məmmədovun xatirəsi daim ürəklərdə yaşayacaq...

Deyirlər, insan dünyasını dəyişəndə ruhu doğulduğu yerə dönür. Əgər belədirsə, onda bu unudulmaz insanın da ruhu artıq Vətəndə dincliyə qovuşub.

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993