Heydər Əliyev dövrü 14 iyul 1969-cu il – Böyük Yolun başlanğıcı

“Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Təqvimimizdə bayramlar, əlamətdar günlər var. Bunların hər biri şanlı tariximizi və milli-mənəvi dəyərlərimizi, bəşəri prinsipləri təcəssüm etdirir. Müasir Azərbaycanın taleyini müəyyənləşdirən bir gün də var ki, təqvimdə rəsmi bayram kimi qeydə alınmasa da, xalqın yaddaşına həmişəlik həkk olunub – 14 iyul  1969-cu il. Məhz həmin gün müstəqil dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyev ilk dəfə respublika rəhbəri seçilib.

...Bu mühüm və məsul vəzifəyə o, sıravi əməkdaşlıqdan general rütbəsinədək yüksəldiyi dövlət təhlükəsizliyi orqanlarında qazandığı böyük idarəçilik təcrübəsi ilə gəlmişdi. Sovet hakimiyyətinin əsas sütunlarından olan dövlət təhlükəsizliyi orqanlarında bir azərbaycanlı zabitin general rütbəsinə layiq görülməsinin və respublika komitəsinə sədir təyin edilməsinin özü həmin dövr üçün adi hal deyildi.  Heydər Əliyev özünün nadir fitri istedadı, dərin zəkası, saf mənəviyyatı, misilsiz təşkilatçılıq qabiliyyəti ilə buna nail olmuşdu.

Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi tarixindəki özünəməxsus və əvəzsiz yerini möhtərəm Prezidentimiz cənab İlham Əliyev belə dəyərləndirib: «Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti buna bariz nümunədir. Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir. Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə Azərbaycan həm iqtisadi baxımdan, həm də sosial məsələlərin həlli baxımından 15 müttəfiq respublika arasında ən geridə qalmış vəziyyətdə idi. 1982-ci ildə isə artıq Azərbaycan həm iqtisadi və sə-naye artımı baxımından, həm infrastruktur layihələrin mövcudluğu baxımından və bütövlükdə, inkişaf baxımından keçmiş SSRİ-də birinci ölkə idi. Eyni zamanda, biz bunu müasir tarixdə də görürük. 1993-cü ildə Azərbaycan, demək olar ki, ən ağır vəziyyətdə olan yeni müstəqil dövlətlərdən biri idi. Bəlkə də, birincisi idi. İndi Azərbaycan bu ölkələr arasında ən qabaqcıl mövqelərdədir. Bizim nailiyyətlərimiz başqa ölkələrlə müqayisə oluna bilməz. Bizim iqtisadi inkişafımız, həyata keçirdiyimiz nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir».

Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə seçilməsini, haqlı olaraq, tarixi hadisə kimi qiymətləndirirlər. Bu hadisənin tarixi əhəmiyyətini isə onun nəticələri müəyyənləşdirir. 1970-1980-ci illərdə Azərbaycanın sürətli inkişafının miqyasını ifadə edən təkcə bir fakta nəzər yetirək: həmin 10 ildə o zamankı qiymətlərlə respublikada 101,5 milyard manatlıq məhsul istehsal olunmuşdu ki, bu da əvvəlki 50 ildə istehsal olunan məhsulun həcminə bərabərdir: Azərbaycan rəhbərinin böyük təşkilatçılıq qabiliyyəti zamanı on illərlə qabaqlamışdır, respublikanın həyatını on illərlə qabağa aparmışdır. Bu iqtisadi inqilabın nəticəsidir. Mənəvi, mədəni inqilabın, təhsildəki köklü dəyişikliklərin nəticəsi isə həmin dövrdə milli şüurun oyanması, milli mədəniyyətin dirçəlməsi, Azərbaycanın güclü kadr potensialının yaranmasıdır. 

Ulu öndər həmişə, hər zaman, ən ağır anlarda belə, xalqı ilə bir olub, xalqının səsinə səs verib. 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib həyatını təhlükə qarşısında qoyaraq Mixail Qorbaçovun mənfur anti-Azərbaycan siyasətini ciddi tənqid etməsi, bu hadisələrdə bilavasitə onu günahlandırması onun həm qətiyyət və cəsarətinin, həm də xalqına, Vətəninə bağlılığının bariz təcəssümü idi.

Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi isə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələri zamanı qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almaq üçün həyatını təhlükəyə atmaqdan çəkinməyən Ulu Öndər müstəqil dövlətimizi qurmaq kimi çətin və şərəfli missiyanı da böyük hünər və cəsarətlə öz üzərinə götürdü, Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil dövlət bəxş etdi. Heydər Əliyevin müstəqil dövlətimizi qurduğu və ona rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətlənən ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz – bütün bunlar müasir Azərbaycanın həqiqətləridir.

Ulu Öndərimiz deyirdi: “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Bu xalq üçün yaşanmış ömrün manifestidir.

Xalqımızın üzləşdiyi müsibətlər - 20 Yanvar, Xocalı faciəsi, Dağlıq Qarabağ problemi, torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi Heydər Əliyevin narahat qəlbinin ağrıları idi. O, torpaqlarımızın azğın düşməndən azad olunacağına əmin idi və bu yolda öz səylərini bir an da belə əsirgəmirdi. Qaçqınların və məcburi köçkünlərin sistemli şəkildə dövlət qayğısı ilə əhatə edilməsi də Ulu Öndərin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. O, dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".

Azərbaycan tarixinin 14 iyul 1969-cu ildən başlanan Heydər Əliyev dövrü davam edir və əbədi də davam edəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ulu Öndərin yolu ilə inamla irəliyə addımlayır, onun arzularını gerçəkləşdirir. Bu arzulardan ən ümdəsi torpaqlarımızın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılmasıdır. Qarabağın hər bir guşəsində müstəqil Azərbaycanın üçrəngli bayrağının dalğalanacağı gün uzaqda deyil.

Biz buna əminik!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993