Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma təşkil edilib

 

Bakının Pirallahı rayonunda salınmış yeni yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il iyulun 5-də açılış mərasimi keçirilmiş kompleksdə rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsinə yeni mənzil veriləcəkdir.

Ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hər il minlərlə məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət daşyır. Qəzalı vəziyyətdəki müvəqqəti yaşayış yerlərində, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər.

İyulun 8-də Pirallahı rayonunda yeni mənzillərə köçürüləcək məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatma onların yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə təzə mənzillərinin dəqiq ünvanını müəyyənləşdiriblər.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komtəsində yaradılmış komissiyanın üzvləri, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Pirallahı rayonunda yeni yaşayış kompleksi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı Sərəncama əsasən inşa olunub. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan kompleksdə ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Burada ikisi 72, biri isə 162 mənzilli üç doqquzmərtəbəli yaşayış binası və məktəb tikilib. Ərazidə infrastrutur obyektləri inşa olunub, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993