Kaş sənə gələydim, Qaraqoyunlum

Ötən və itən illərimin hansındasa yaddaşıma yazılan “İnsan bir anda həyatını dəyişə bilməz. Amma hansısa hadisə bir anda onun fikirlərini dəyişib gələcək dəyişikliyin əsasını qoya bilər” ifadəsinin gerçəkliyinin nəticəsi idi ki, uzun götür-qoydan sonra dəvət olunduğum toy məclisində iştirak etmək üçün 27 ildir ki, görmədiyim Qazaxa yola düşər-düşməz ata yurdum Qaraqoyunlu yenə yada düşdü. Uğrunda sonacan döyüşüb qoynunda ölmədiyim, 30 ildir ki, özümə böyük dərd və böyük günah bildiyim Qaraqoyunluya Qazaxdan heç 50 kilometr də deyil. Bəzən minlərlə kilometr uzaqdakı yad yeri gedib gəzdiyimiz halda bu 50 kilometrlik yolu 30 ildir gedə bilməməyimiz müəmmalarla, təzadlarla dolu dünyada minlərlə yurddaşımın ömrün-də düyünlənmiş dərdə dönüb və

Necə çəkim bu dərdi,

Dəlilikdən betərdi!...

...Qazağın Kosalar kəndində maşından düşər-düşməz illərlə həsrətində olduğum havaya oxşar havanın yaratdığı ovqata qara zurna ilə qara sazın qoşulması yanımdakı bütün yurd həsrətlilərinin də ömrünün, bəlkə də, son illərdəki ən xoş, ən kövrək anları idi. Hələ çay süfrəsi ətrafında oturmamış yerli cavanlardan birindən soruşanda ki, “bala, bax o görünən meşəli dağlar haradı?” şirin qazaxlı ləhcəsində eşitdiyim “əmi, qadan alem, oralar Ermənistandı, yaşlılar deyer ki, oradan baxanda vaxtilə Qazağın ərazisi olmuş Qaraqoyunlu dağlarının başı görüner”- sözlərindən sonra isə nə hala düşdüyümü özüm də bilmədim. Haçandan-haçana gördüm ki, əmim nəvəsi Firəngiz boynumu qucaqlayıb ağlayır: “Əmi, sənə qurban olum, özünə gəl, bizi yazıq eləmə”.

Bir azdan sonra “Yanıq Kərəmi”nin yandırıcı səsinin müşaiyəti ilə üzü o dağlara baxıb qəhər içində dediyim misraların çoxu yaddaşımda qalmasa da indi duyuram ki,

Gözlə, Ata yurdum Qaraqoyunlu

Həsrətə bir tufan salmağa gəlləm!

Bu gün həsrət ilə baxsam da sənə,

Sabah qucağında qalmağa gəlləm!

bəndi nə vaxtsa gerçəkləşəcək inamından doğulan bir ağrılı ismarıc olub Ata yurduma...

Heç 10 dəqiqə keçməmiş görünən meşəli dağın o üzündən gələn qara buludun başımız üstündə bir neçə dəfə fırlanıb birdən-birə şıdırğı yağışa döndüyü an həm də güclü küləyin qəribə uğultu ilə möhkəm bağlanmış çadırı öncə yuxarı qaldırması, sonra dəlicəsinə yerə atması mənə elə gəldi ki, 30 ildir yağı əlində əsir-yesir olan Ata yurdumun mənə olan qəzəbinin ifadəsi, sifətimə vurduğu ata-baba şilləsidir.

Elə ki, bir dərdim, bir ahım olub,

Sənli xatirələr pənahım olub,

Qoynunda ölməmək

günahım olub,

Kaş sənə gələydim,

Qaraqoyunlum,

Qoynunda öləydim,

Qaraqoyunlum.

Türkün özü kimi qaim-qədim olan Qaraqoyunlu tarixin şiddətli sınaqlarından həmişə alnıaçıq, üzüağ çıxıb. Yağı gələndə igidləri köhlən belinə qalxıb son nəfəsinədək yurdunu, yuvasını qoruyub. Neçə-neçə adlı-sanlı sərkərdənin girə bilmədiyi bu Türk diyarının 1921-ci ilin sonunda Azərbaycanımın Qazax rayonundan alınaraq ermənilərə pay verilməsi tariximizdə yeni qara səhifə yaradıb.

Amma doğmalıq yerində qaldı, gediş-gəliş kəsilmədi. Qazaxlıların Dağ dediyi Qaraqoyunluya, qaraqoyunluların isə Aran dediyi Qazaxa gəlin köçdü, gəlin gəldi. Hər iki camaat Səməd Vurğunu, Qaçaq Kə­­rəmi, İsrafil ağanı eyni dərəcədə sevdi və bu indi də belədir. Ləyaqətli qaçaqçılığının əksər hissəsini Qaraqoyunluda keçirən və orada həmişə arxa-pənah görən Qaçaq Kərəm də, zadəganlıqla igidliyi dillərdə dastan İsrafil ağa da o üzü bə­ri baxan dağların arxasındakı soy­daşları ilə elə qaynayıb qarış­mış­dı ki, sanki doğmaca qardaş idilər.

...1988-ci ilin qışındakı Böyük Çillədə başlayan növbəti mərə kafir xəyanəti isə qaraqoyunluların da taleyinə hələ də bitib tükənməyən bir sazaq gətirdi.

Cəmi 80 evdən ibarət olan, lakin dünyanın özündən neçə dəfə böyük hesab etdiyim doğma kəndim Yanıqpəyədə 37 il öncə ürəyimdən kağıza hopan

Öz türk diyarımsan, Qaraqoyunlum,

Düşmənin dediyi bizə qan gəlir.

Sazımın havası Ulu Göyçədən,

Şeirimin nəfəsi Qazaxdan gəlir.

bəndinin əsl məntiqi tutumunu da elə Qazaxda tapdım. Sən demə, doğma Yanıqpəyəmdə evimizin eyvanında üzü Murğuz dağının qurtaracağındakı Qiblə təpəyə tərəf duranda sağımda Göyçə, solumda isə Qazax imiş...

Bəli, 1988-ci ilin qışından bəri ömrümüzdə həmişə qışdır: Novruzda yazı, yayda yaylağı hiss etmirik. Amma bizi yayla qışın fərqini duymağa qoymayan bu yurd həsrətimizin nə vaxtsa şanlı ordumuzun bir zərbəsi ilə vüsala dönəcəyinə də hamımız inamlıyıq. Bax onda bizə tuşlanan düşmən gülləsi mənim, ata yurdumuzda xoşbəxt ömür sürmək sənin nəsibin olsun, soydaşım!

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993