Zəngəzurun tarixinə işıq tutan kitab

Bu günlərdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyəti İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun “Zəngəzur: 100 sual 100 cavab” adlı kitabı nəşr olunub. Qeyd edək ki, bu, Hacı Nərimanoğlunun Vətən, yurd həsrəti ilə bağlı yazdığı sayca on beşinci kitabıdır.

“QHT nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin indiyədək Zəngəzurun tarixinə dair kitablarında, dissertasiya işində, elmi-publsistik məqalələrində istinad etdiyi mənbələrdən, araşdırmalardan istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb.

Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da kitabda yer alıb.

Layihənin məqsədi bu torpaqların ən qədim dövrlərdən Azərbaycan türklərinə mənsub olduğunu faktlarla ictimaiyyətə çatdırmaq, vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərini artırmaq, maariflənməsinə yardımçı olmaq, itirilmiş torpaqlarımıza sahiblik hisslərini diri saxlamaq, xalqımızın dədə-baba yurdlarımıza qayıdış ruhunu yük-səltməkdir. Kitab tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru institutun ictimai elmlər kafedrasınını müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Qabil Əliyevdir. Elmi redaktor kitaba yazdığı rəydə xüsusi vurğulayıb ki, bu nəşr dövlətimizin başçısı  İlham Əliyevin müvəqqəti itirilmiş tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurun Azərbaycana məxsus olmasını sübut edən əsərlərin yazılması, tarixi gerçəkliyin üzə çıxarılıb yayılması, əsl həqiqətlərin təbliği barədə çağırışlarına real cavabdlr və QHT Şurasının Ermənistanın ölkəmizə qarşı təcavüzünü, bədnam qonşularımızın havadarlarının  fəal yardımı ilə xalqımıza qarşı törətdiyi soyqırımın ifşası, tanıdılması, işğalın nəticələrinin aradan qaldırılmasına həsr olunmuş belə layihələrin maliyyələşdirilməsi olduqca təqdirə layiqdir.

Nəşrdə bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımı, deportasiya, etnik təmizləmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin ən qədim dövrlərindən başlayaraq tarixi tədqiq edilib, bölgənin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi faktlarla sadə, aydın elmi-kütləvi üslubda araşdırılıb və oxucu auditoriyasına çatdırılıb. Zəngəzurun yerli əhalisinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak və 1990-cı illərdə tam işğalına qarşı apardığı mübarizəsi də əks olunub.

Kitabın elektron variantı ilə birlikdə “Zəngəzur” tarixi-elmi sənədli filmi də nəfis dizaynda disklərə yazılıb və zəngəzur.kom saytında yerləşdirilib.

Birliyin sədri Qarabağ müharibəsi veteranı, zəngəzur.kom saytının təsisçisi və baş redaktoru Hacı Nərimanoğlunun bundan əvvəl də Zəngəzur bölgəsinin tarixinə dair dörd kitabı nəşr olunub, Türkiyə və Azərbaycanda təqdimatları keçirilib, bütün regionlardakı məktəb kitabxanalarına, ali təhsil müəssisələrinə, elmi-tədqiqat istitutlarına paylanıb. KİV-lərdə bu nəşrlərlə bağlı 100-dən çox informasiya yayılıb.

Tahirə AĞAMİRZƏ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993