Nərgiz MƏMMƏDLİ

Nərgiz Gəray qızı Məmmədli 12 iyun 2003-cü ildə Bakı şəhərində, Zəngilandan məcburi köçkün olan ailədə anadan olub. Səbail rayonundakı 160 saylı Klassik gimnaziyanın 11-ci sinf şagirdidir. Kiçik yaşlarından şeirlər yazır. 

SƏNSƏN

25 oktyabr 1993-cü il, Zəngilanın müdafiəsi zamanı şəhid düşmüş 7 polisdən biri olan dayım İsmayıl İsmayılov Barat oğlunun və dəyərli silahdaşlarının əziz xatirəsinə.

 

Gecələr göylərdə gəzirəm səni,

Bəlkə, ulduzların arasındasan.

Kövrək buludlardan süzülüb gələn,

İncə damcıların sırasındasan.

Bəlkə, yarpaqları sevib oxşayan,

Əsən külək deyil, elə o sənsən.

Vətən sevgisiylə yanıb, yaşayan,

Köksümdə ürək yox, sənin özünsən.

 

Səni harda gəzim, harda arayım?!.

Elə həsrətəm ki, səni görməyə.

Kimdən xəbər alım, kimdən soruşum,

Kimə hazırlayım müjdə verməyə,!.

 

Pəncərə önündə, gözlərimdə nəm,

Nə vaxt qayıdarsan deyə gözlərəm.

Bəlkə əl eyləyib deyərsən mənəm,

Bəlkə də, o sənsən deyə izlərəm.

 

TƏNHA QUŞCUĞAZ

 

Gəzirəm fikirli sahil boyunca,

Görürəm tənha quş çırpınır orda,

Deyirəm, nə olub? dərdin duyunca,

Qanıram, quşcuğaz çətində, darda...

Deyir ki, mən tənha, təkcə bir quşam,

Anamdan, babamdan ayrı qalmışam

Dumanlı Təbrizlə, küləkli Bakı,

Bir ruhda, bir qəlbdə, bircə candakı,

O iki vətənin arasındayam.

Arazın gözünün qarasındayam.

Niyə bizlər olduq bu dərdi çəkən,

Niyə ömür boyu göz yaşı içən?

Dədə Şəhriyardan alıb örnəyi,

Öyrəndik vətənə dəyər verməyi.

Yamanca bu tayı arzulayırdı,

Həsrətdən özünə məkan ayırdı.

Bir gün məzarını edib ziyarət,

Ağlaya-ağlaya oxudum rəhmət.

Salam da götürdüm Bəxtiyarımdan,

Hələ yarım qalan arzularımdan.

-Titrəmə , titrəmə sən ey quşcuğaz,

Deyirəm bir zaman açılacaq yaz.

İkiyə bölünmüş bədən qovuşar,

Tale üzümüzə gülər, barışar.

Bir tərəfdən Göyçə, bir yandan Dərbənd,

Ərdəbil, Zəngəzur, Qarabağ, kənd-kənd,

Çəkilər qara çən, göylər ağarar,

Çin olar arzular, gülər duyğular.

Azadlıq toxumu cücərər dən-dən,

Qəm, kədər silinib, itər üzündən.

Açıb qanadını mavi səmada,

Xoşbəxt yaşayarsan AZAD dünyada.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993