Qarabağ məsələsində ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə böyük ümidlər bəsləyirik

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu göndərib.

Məktubda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirdiyi bildirilib. Vurğulanıb ki, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır.

“Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düş-müşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. “Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidenti ABŞ Prezidentinə möhkəm cansağlığı, işlərində uğurlar, dost Amerika xalqına daim sülh və rifah diləyib.

Xatırladaq ki, ABŞ-ın Müstəqillik Günü bayramı 4 iyul 1776-cı ildə ölkənin 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqilliyini elan etməsi münasibətilə qeyd olunur.

ABŞ  1 yanvar 1997-ci ildən ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Hazırda ABŞ-ın Minsk qrupundakı missiyasına Endryu Şofer başçılıq edir. O bu vəzifəyə 2017-ci ildə təyinat alıb.  Birləşmiş Ştatlar Minsk Qrupu prosesinə təkan verməyə və tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc həllinin tapılmasında yardım etmək öhdəliyinə sadiqliyini bəyan edib. ABŞ-ın etibarlı tərəfdaşı olmaqla yanaşı, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının iştirakçısıdır və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlara dəstək verir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993