Tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır

“Müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu sözləri iyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində deyib.

Mərasim iştirakçılarını Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunluğunu ifadə edən Mehriban xanım Əliyeva bu cür mühüm toplantını qəbul etməyin ölkəmiz üçün böyük şərəf olduğunu vurğulayıb və sessiyaya uğurlar arzulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti, bu ayın əvvəlində ölkəmizin UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünün qeyd edildiyini xayırladaraq deyib: “Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır”.

Mehriban xanım Əliyeva 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısının qəbul edildiyini, son 5 il ərzində Azərbaycanda 40 tarixi abidənin bərpa olunduğunu, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında 2008-ci ildə “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açıldığını bildirib. O, Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisini, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulmasını və inşasını, muzeylərin bərpasını və açılmasını dövlətimizin müxtəlif mədəni irsin qorunması və zənginləşdirilməsi üçün apardığı siyasətin elementiləri kimi səciyyələndirib.

Azərbaycanın Birinci vitse-prezidenti deyib: “UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir”.

Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığının onun milli hüdudlarından kənarda da öz təzahürünü tapdığını qeyd edən Mehriban xanım Əliyeva son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində aparılan fəaliyyətin coğrafiyasının geniş olduğunu diqqətə çatdırıb. “Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”, -  deyən Azərbaycanın Birinci vitse-prezidenti mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş “Bakı Prosesi”ni xatırladıb. O, qeyd edib ki, 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay ölkəmiz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. UNESKO həmin mühüm təşəbbüsdə Azərbaycanın əsas tərəfdaşı olduğunu vurğulayan Mehriban xanım UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə verdiyi mühüm şəxsi dəstəyə görə minnətdarlıq bildirib.

Toplantının işinə uğurlar arzulayan Mehriban xanım Əliyeva çıxışını XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözləri ilə yekunlaşdırıb: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993