Azərbaycan öz ərazi bütövlüyünü istənilən vaxtda bərpa edəcək

Bunu düşmən də, düşmənə havadarlıq edənlər də yaxşı anlamalıdırlar

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli çıxışında siyasi müşahidəçilərin və politoloqların əsas önəm verdikləri istiqamətlərdən biri onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri olmuşdur. Əlbəttə, Prezident İlham Əliyev hər zaman ən yüksək səviyyəli görüşlərdə və forumlarda bu münaqişədə Azərbaycanın haqlı mövqeyini tam şəkildə əsaslandırmış, problemin Ermənistanın bilavasitə günahı üzündən yarandığını və həllinin gecikdiyini dəfələrlə söyləmişdir. Lakin onun illərdən bəri ədalətli həllini gözləyən problemlə bağlı bu dəfəki açıqlamaları kəskinliyi ilə diqqəti cəlb etdi. Prezident çıxışında münaqişənin həllindəki mövcud durum, nəticəsizliyin kökündə dayanan əsas amillər və münaqişənin gələcəkdə həlli perspektivlərini aydın və konkret şəkildə söyləmişdir.

Bu gün heç kəsə sirr deyil ki, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Bütün bunlara baxmayaraq dövlət başçısının da qeyd etdiyi kimi, təəssüflər olsun ki, bir çox hallarda Azərbaycana ikili standartlarla yanaşılır. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsində beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirir, hüquq və ədalətdən kənar yanaşmaya istinad edirlər.

Belə olan halda, Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Başqa sözlə, ikili standartlar Ermənistanı neqativ kontekstdə ruhlandırır. Bunun nəticəsidir ki, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir ki, Azərbaycan buna heç vaxt yol verməyəcək.

Bütün bunları nəzərə almaqla münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu  da nəhayət, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı, eyni zamanda, Ermənistana qarşı xüsusi təzyiq mexanizmindən və vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər. Həmçinin, BMT bundan öncə qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və prinsipial mövqe sərgiləməlidir. Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev bu məsələlərə toxunaraq qeyd edib ki, Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın: "Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Sadəcə olaraq, sözlərdir və bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. İörünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. İörünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir".

Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib.

Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.

Başqa sözlə, Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib.

Digər bir məqam isə budur ki, dünya ictimaiyyəti, xüsusilə də, müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, münaqişənin "dondurulmuş" vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər.Bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Qeyd etmək lazımdır ki, mövcud vəziyyət regional təhlükəsizliyə təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl olur. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür.

Onu da qeyd etmək lazımdır ki, xarici siyasət sahəsində əldə edilmiş bütün nailiyyətlərə rəğmən, 2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticə olmamışdır. Xüsusilə də ötən il baş verən hadisələr göstərdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun saxlanılması üçün təxribatçı fəaliyyətini davam etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Məhz son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirdi. Amma Azərbaycanın qətiyyətli mövqeyi, işğalçı ölkəyə layiqli cavabı verməsi bütün reallıqları bir daha ortaya qoydu.

Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda, beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atması da istisna edilmir.  Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş suveren hüququdur. Öz növbəsində, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə dair tam əminlik yaradır. Belə olan halda düşmən də, düşmənə havadarlıq edənlər də yaxşı anlamalıdırlar ki, Azərbaycan özünün ərazi bütövlüyünü istənilən vaxtda bərpa edə bilər.

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993