Müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir” – bu sözləri Prezident İlham Əliyev mayın 17-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən deyib.

Dövlətimizin başçısı Müqəddəs Ramazan ayında belə görüşlərin ənənəvi xarakter daşıdığını qeyd edərək, səmimi salamlarını, xoş arzularını təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı diplomatlardan xahiş edib. Azərbaycanın müsəlman ölkələri ilə çox sıx əməkdaşlığının olduğunu, siyasi sahədə fəal dialoq aparıldığını vurğulayan Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın daha da fəallaşdırılması ilə bağlı istək ifadə edib. Müsəlman ölkələrindən turistlərin ölkəmizə gəlməsindən və onların sayının ildən-ilə artmasından razılıqla söz açan dövlətimizin başçısı ikitərəfli formatda əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar olduğunu bildirib.

Prezident İlham Əliyev deyib: “Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm”.

Azərbaycanın da, öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət verdiyini və bu istiqamətdə əməli addımlar atdığını diqqətə çatdıraraq deyib: “Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır”.

Ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirildiyini, bu yaxınlarda Bakıda V Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edildiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərdiyini, bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirildiyini, beləliklə, İslamın dünyaya sülh, mərhəmət dini kimi təqdim olunduğu bildirib. Dövlətimizin başçısı Azərbaycanın qədim şəhəri olan Naxçıvanın keçən il İslam Mədəniyyətinin Paytaxtı elan edilməsinə görə bütün müsəlman ölkələrinə minnətdarlıq edib, Əməkdaşlıq Təşkilatının da Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirdiyini xatırladıb.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxışında müsəlman ümmətinin əziz, ayrılmaz və vacib bir üzvü kimi Azərbaycanın müsəlman aləminin Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər və digər işğal olunmuş müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəklədiyini, habelə bu günün çoxsaylı çağırışları ilə mübarizədə, xüsusən məkrli və yanlış məfhum olan islamofobiya ilə mübarizədə birgə səylərin önündə olduğu vurğulayıb,

Səfir deyib: “Sakit düşüncə ilə, təsdiqlənə bilən danılmaz mədəni, tarixi və dini faktları gətirməklə bu məfhumu təkzib edərək, İslamın tarixdə, öz qızıl əsrində insan birliyinin və mədəniyyətinin bütün sahələrinə əsas töhfə verən və bəşəriyyətin hamisi kimi böyük rolunu vurğulayaraq, Bakıda mədəniyyətlərarası və konfessiyalararası dialoqa dair çoxsaylı vacib konfranslar keçirməklə, “Bakı Prosesi”nə start verməklə Siz bəşəriyyətin universal və ortaq dəyərlərinə hörmət bəslənilməsinin vacibliyini qeyd etməyə davam edirsiniz. Sadəcə, fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də sivilizasiyaların toqquşması adlanan yanlış arqumenti ifşa etmək üçün bəşəriyyətin nəyi paylaşdığını vurğulamaqla şərəfli missiyanın önündəsiniz. Biz bunu bir neçə gün öncə Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da gördük. Qoşulmama Hərəkatına bu il rəhbərlik etməklə inkişaf etməkdə olan ölkələrin və bəşəriyyətin üzləşdiyi məsələlərin həllində fəal iştirak edirsiniz”.

Səfir bir daha bəyan edib ki, müsəlman ümməti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyir və bu məsələdə Azərbaycanın yanındadır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin seçmə üsulu ilə yox, bərabər şəkildə icrası üçün çağırış edir.

“Bu müqəddəs ayda biz bütün işğal olunmuş müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağı, ümmətimizin İslamın adına ləkə gətirən pis, bədxah və cahil qüvvələri məğlub edəcəyi və bununla da bəzi ölkələrimiz üzərində olan qara buludların çəkiləcəyi, habelə qardaş ölkələrimiz arasında birlik və harmoniyanı bərqərar etmək üçün fikir ayrılıqlarının aradan qaldırılacağı günün yaxınlaşmasını arzu edirik. Bu da bizə innovasiya və tərəqqidə bəşər sivilizasiyasına mühüm töhfə verən tərəf kimi öz həqiqi yerimizi tutmağa imkan verəcəkdir,” – deyə səfir bildirib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993