Milli mücadilənin zəfər günü

Azərbaycan xalqının milli mücadilə tarixi başqalarından təkcə coğrafi, siyasi, hərbi məzmununa görə deyil, həm də mənəvi məzmununa görə fərqlənir. Min illər boyu qüdrətli dövlətlər yaratmış, sonralar xan­lıq­lara bölünən Azərbaycanımız XIX əsrin əvvəllərində Rusiya və İranın maraq dairələrinə görə öncə siyasi, sonra hərbi poliqona çevrilmiş, nəticədə həm ərazi, həm də müstəqillik itgisinə məruz qalmışıq. Amma cəmiyyətin inkişaf qanunları kimi, tarixin də öz inkişaf qanunları var və məhz bu inkişafın nəticəsində uzun illər itirilmiş əxlaqi-mənəvi dəyərlər kimi, siyasi itgilər də bərpa olunur.

XX əsrin əvvəllərindəki milli oyanış və imperiyaların dünyanı yenidən bölmək istəkləri uzun illər hegomonluq etmiş dövlətlərin, o cümlədən Çar Rusiyasının dayaqlarına güclü zərbələr vurub onu öncə laxlamağa, sonra isə süquta vadar etdi. Əlbəttə, Azərbaycan xalqının millətini sevən övladları bu əlverişli tarixi məqamdan milli mənafe naminə bəhrələnməli idi və belə də oldu. Nəticədə 1918-ci il mayın 28-də xalqımızın, dövlətçiliyimizin tarixinə əbədi həkk olunan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 1920-ci il 28 aprel istilasınadək xalqımızın tarixinə, milli-əxlaqi dəyərlərinə böyük töhvələr verən Azərbaycan Xalq Cümhuriyyəti təkcə dünənimiz, bu günümüz üçün deyil, fiziki və siyasi varlığımızın hər bir anında öyünc, güvənc yeridir. Türk qardaşlarımızın yardımı ilə qarşıya çıxan çətinlikləri aradan qaldıran, xüsusən Bakı və Qarabağı düşmənlərdən təmizləyən ADR rəhbərləri sonralar harada və necə yaşamalarından asılı olmayaraq millətimizin istiqlal savaşında müəddəslərə çevrilmişlər.

Bu gün onların hər birinin həyat və fəaliyyətini təhlil edərkən o vaxtkı olaylara məhz indiki prizmadan yanaşanlara isə bir təkzibolunmaz həqiqəti xatırlatmaq lazım gəlir ki, Vətən üçün, Millət üçün görülən hər kiçik iş belə rəğbətlə qarşılanmalıdır.

Millət üçün dövlət quranların işinin nə ölçüsü, nə də qiymətləndirmə meyarı var! M.Ə.Rəsulzadə, N.Yusifbəyli, F.Xoyski, M.Topçubaşov və onlarla ADR qurucusunun, rəhbərinin adları bizə bir də ona görə əzizdir ki, onlar Şərqdə ilk demokratik dövlət yaratmaqla min illərin sınağından çıxmış türk-müsəlman hürriyyətini Avropa demokratiyasına örnək sayıla biləcək zirvəyə qaldırmaq əzmində və iiqtidarında idilər.

 Bu gün baxıb qürurlandığımız bayrağımız da, gerbimiz də, dinlədikcə və ifa edildikcə “Öncə Vətəndir” deyə Qaziliyə, Şəhidliyə hazır olduğumuz himnimiz də məhz 1918-ci ildə xalqımıza azadlıq bəxş edənlərin əqidəsindən, mənəviyyatından, cəngavərliyindən, hürriyyətçiliyindən xəbər verir. Bu üç rəngli bayraq altında 1988-ci ildə şər imperiyasına qarşı mübarizəyə qalxanlar da, Qarabağ, Kəlbəcər, Laçın... uğrunda döyüşlərdə qanıyla torpağa can verənlər də, həmin bayrağın yenidən Qaraqoyunluda, Ağbabada, Göyçədə, Zəngəzurda dalğalanmasını istəyənlər də siyasi mübarizə dərsini həm də ADR-in hürriyyətçilərindən əxz ediblər, desək, o müqəddəslərin qarşısında borcumuzu, az da olsa, vermiş olarıq.

Vətən, Millət anlayışlarını sözün həqiqi mənasında qanında, əqidəsində daşıyanların adları və ruhları önündə həmişə ehtiramlı olmağımız isə onların özündən çox bu günkü və gələcək müstəqilliyimizə lazımdır.

Xalqımıza hüriyyətin dadını bəxş edən Xalq Cümhuriyyəti az yaşadı. Lakin onun ideya və təcrübəsi müasir dövlətçiliyimiz üçün bünövrə oldu.

 Cümhuriyyətin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi Ulu Öndər Heydər Əliyev təsdiq etdi.  Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, 1993-cü ilədək bu formal, şərti xarakter daşıdı. Yalnız Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanda müstəqil dövlət quruculuğu başlandı. Məhz buna görə də xalqımız haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ötən il keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev deyib: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.

Müstəqilliyimizin qədrini bilək və onu hər cür qəsdlərdən qoruyaq!

Nəsib Qaramanlı

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993