Dünya həsrət qalsın zülmə, savaşa

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan” adlı şeirini İnstaqram səhifəsində paylaşıb. “Kulis. az” ədəbiyyat və mədəniyyət portalı həmin şeiri Baba Vəziroğlu tərcüməsində azərbaycandilli oxuculara təqdim edib. Şeiri dərc edirik.

 

Xəzər dalğa-dalğa könlümü çalar,

Külək qucaqlayar çiyinlərimi.

Gözəl Azərbaycan — bənzərsiz diyar,

Baxdım, söz tapmadım, susdum lal kimi.

Təbəssüm saçılan hər üzdə nur var,

Quşların səsiylə açır dan yeri.

Gözəl Azərbaycan – müqəddəs diyar,

Ulduzlar bağrında xal gecələrin.

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan – Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr.

Bir ocaq başında qızınır hamı,

İnsana məhəbbət Allah əmridir.

Haqqı, mərhəməti, dini, inamı,

İnsanlar qol-qola sabaha gedir.

Göylərdən endilər sanki sübh çağı,

Xeyir işlər üçün insanlar yerə.

Gözəl Azərbaycan — pirlər ocağı,

Sınmadıq, yenmədik əsən yellərə.

Bu Odlar Yurdunu sən qoru, Allah,

Bu, sevgi, mərhəmət, sülh diyarıdır.

Mələklər görünür hər axşam-sabah,

Üzümüz, yolumuz sənə sarıdır.

Heç kəsə yamanlıq istəmirəm mən,

Dünya həsrət qalsın zülmə, savaşa.

Gözəl Azərbaycan — sevimli Vətən,

Sənə baş əyirəm! Əbədi yaşa!!!

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993