Şirvanda yeni qəsəbə inşa edilir

Burada 685 məcburi köçkün ailəsi yerləşdiriləcəkdir

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və qayğılarının yüngülləşdirilməsi istiqamətində aparılan ardıcıl dövlət tədbirləri davam edir. İstər Bakı və ətraf ərazilərdə, istərsə də bölgələrdə bütün sosial infrastruktura malik müasir qəsəbələr salınır və gələcəkdə də bu işlər davam etdiriləcəkdir. Tikintisi davam edən belə qəsəbələrdən biri də Şirvan şəhərindədir. İşlərin gedişi ilə tanış olmaq üçün tikinti meydançasına baş çəkdik.

Yeni salınan qəsəbə şəhərin içərisində yerləşir. Uzun illər çətin şəraitdə yaşayan, yurd həsrəti ilə qovrulan insanlara bir təsəlli, xoş həyat bəxş edəcək bu qəsəbə lap uzaqdan diqqəti cəlb edir.

Tikinti meydançasına çatdıq. Hamı öz işindədir… Hündür binaların tikintisinə cəlb edilmiş kranlar, buldozerlər, müxtəlif müasir texnikanın səsi ətrafı bürüyüb. Bu səs-küy insana sevinc bəxş edir, qurub yaratmaq eşqilə çalışan adamların ahəngdar əməyi insana ləzzət verir. Bu mənzərə qəlbimizi fərəhlə doldurdu. Hər şey göz qabağındadır. Meydança qaynayır. Yaxın vaxtlarda soydaşlarımızın istifadəsinə veriləcək bu mənzillər çətinliklərə sinə gərən yüzlərlə məcburi köçkün həmyerlimizə sevinc gətirəcəkdir. Axı neçə evlərdə gəlin gözləyən, nəvə həsrəti çəkən insanlar var. Bax onların da sevincinə yeni sevinc qatılacaqdır. Bu mənzillərə Zəngilan, Qubadlı, Ağdam, ümumiyyətlə, öz yurdundan didərgin düşən məcburi köçkün soydaşlarımız məskunlaşacaqlar. Bu səsli-küylü meydançada xəyal bizi uzaqlara aparır… Doğma yurd yerlərimizə. Bir anlıq bizə elə gəlir ki, bu meydançadakı tikinti işləri öz dədə-baba yurdlarımızda aparılır. İndi fərqi yoxdur… İşğal olunmuş torpaqlarımız hamımızındır, ən çox da köçkünlük həyatı yaşayan soydaşlarımızın... Bu xəyallar aləmindən bizi yanımızdan keçən yük maşını ayırdı.

Tikinti işlərinin gedişi ilə bağlı baş texniki nəzarətçi İldırım Babayevlə görüşdük. İldırım müəllim bildirdi ki, artıq tikintisi başa çatmaqda olan məhəllədə 13 doqquzmərtəbəli 2 bloklu, 54 mənzilli, 1 doqquzmərtəbəli bir bloklu, 37 mənzilli bina tikilir ki, bunların da 64-ü bir otaqlı, 298-i iki otaqlı, 270-i üç otaqlı və 53-ü dörd otaqlıdır. Ümumiyyətlə, qəsəbədə 685 mənzil olacaq. Binalar doqquzmərtəbəlidir. Bununla yanaşı 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi də tikilir. İldırım müəllim onu da qeyd etdi ki, binaların artıq konstruksiyası başa çatmaqdadır. Bununla yanaşı sahədaxili kommunikasiyalar (kanalizasiya, su, elektrik, rabitə və istilik) sistemi tamamlanmaq üzrədir. Məktəb, bağça, klub-icma binalarında son tamamlama işləri aparılır. Həmçinin xarici kommunikasiyalar da həyata keçirilir. Belə ki, 35 kilovotluq elektrik xətti 6 km hava xətti ilə çəkilib sona çatmaqdadır. Xarici qaz xətti hazırdır. 1,7 km-lik yol-küçə hamarlanıb asfalt üçün hazırdır.

İndi sürəti və keyfiyyəti üçün tikintiyə xeyli şirkət cəlb olunub. Müşahidəmizə və İldırım müəllimin sözlərinə görə qəsəbə planda nəzərdə tutulan vaxtda keyfiyyətli şəkildə hazır olacaqdır.

Bu yeni salınan qəsəbə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da diqqət və qayğısı hər bir məcburi köçkünün həyatında müsbət rol oynayır.

Şirvan şəhərində məskunlaşan soydaşlarımızın bəziləri ilə də söhbətləşdik. Söhbət əsnasında xüsusi vurğulandı ki, nə qədər gözəl şəraitlə təmin olunsaq da, doğma yurd yerlərimizə qayıtmaq arzumuz günü-gündən daha da artır. İnanırıq ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı hərbi-siyasi və iqtisadi güc sayəsində biz arzularımıza qovuşacağıq.

İsa YUNİSOĞLU

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993