Gələcəyimizə işıq salan böyük azərbaycanlı

XX əsrin əvvəllərində yetişən Azərbaycan ziyalılarının həyat və fəaliyyətini izləyəndə insan heyrətini gizləyə bilmir. Çox az imkanlar müqabilində, müstəmləkə şəraitində yaşayan bir məmləkətdə bu cür böyük şəxsiyyətlər necə yetişmişdi? Bu böyük məfkurə daşıyıcıları əsrlər uzunu yadelli işğalçıların zülmünə məruz qalan bir xalq üçün Allahın hədiyyəsi deyildimi?

Bu ziyalıları Avropanın o zaman ən öndə gedən intellektualları ilə müqayisə edəndə onların zərrəcə geri qalmadıqlarının şahidi olursan.

Azərbaycanın bu cür böyük şəxsiyyətlərindən biri də Əhməd bəy Ağaoğludur.

Onun həyatı haqqında ən yığcam məlumatlara belə nəzər salanda düşünürsən ki, doğrudan da dahilik, böyüklük az zamana daha çox iş sığışdırmaqdan başqa bir şey deyilmiş.

Əhməd bəy kimi şəxsiyyətləri tanıdıqca 20-ci əsrin sonlarında müstəqilliyini qazanan Azərbaycanın bu uğurlara təsadüfi gəlib çıxmadığına bir daha əmin olursan.

Öz canında, ruhunda böyük türkçülük ideyası ilə yanaşı həm də doğma Qarabağ sevgisi daşıyan Əhməd bəy Ağaoğlu atasını xatırlayaraq yazırdı:

"Oxumağı-yazmağı bilirdi; farscanı başa düşərdi, Füzulidən şeirlər bilərdi. Mömin idi. Ondan “Sən kimsən” deyə soruşulduğu zaman "Əlhəmdülillah, Məhəmməd ümmətindənəm, Ali-əba aşiqiyəm..." deyərdi. ...Ömründə bir dəfə də Qarabağın kənarına çıxmadı. Qışı kəklikləri, turacları, qırqovulları bol olan Qarabağın bir ovalığında (Osmanlı sultanları da qışı bu ovalıqda keçirərdilər), yayda isə 1200 metr hündürlükdə bir dağın başında qartal yuvası kimi qonmuş, suları buz kimi Şuşada keçirirdi. Vaxtı gəldiyində, kefi istədiyində Abdallar kəndindən aşıqları gətirərək “Kor oğlan” oyunu, “Aşıq Piri”dən, “Əsli və Kərəm”dən mahnılar dinləyərək kef çəkərdi".

Ancaq anası Tazə xanım fərqli qadın olub Əhməd bəyin. Oğlunun dünyəvi təhsil almağa istiqamətlənməsində, dolayısı ilə dövrün böyük şəxsiyyətlərindən birinə çevrilməsində onun rolu müstəsnadır. Əhməd bəy sonralar yazırdı: “Mənim anam Sarıcalı elindən idi. Köçəri idi. Balaca, incə, zərif, həssas bir varlıqdı… Anamda bir ambisiya vardı. Rus çarı Varşava savaşına gedərkən əsgər aparmadığı çərkəs, ləzgi, osetin və türk bəylərindən hərəsindən bir könüllü alay istəmişdi. Qarabağdan göndəriləcək alay təşkil edilərkən anamın qohumlarından biri də seçilmişdi. Bu şəxs bir neçə il Lehistanda (Polşa – Ş.) və Peterburqda qaldıqdan sonra məmləkətə dönmüşdü. Rusca öyrənmişdi və çiyinlərinin üzərində parlaq bir apolet gətirmişdi. O zamandan bəri Qarabağa rus böyüklərindən kim gələrsə, onun evinə gedər, onunla görüşər və xalqı da onun vasitəsiylə dinləyərdi. Bütün ailəsi, qohumları onunla öyünərdi, şərəflənərdi. Anam məni də onun kimi görmək istəyirdi. Arzu edirdi ki, rusca oxuyum, çiyinlərimdə apolet parıldasın, yerlilərdən dərdi olanlar anama sığınaraq məndən mədət istəsinlər. ...Anam sonda öz istəyini həyata keçirəcək, yolumu Kərbəlayi-Müsəlladan, Nəcəfül-Əşrəfdən Peterburqa, Parisə çevirəcəkdi.”

Əhməd bəy Ağaoğlunun milliyyətçi kimi yetişməsini onun lap uşaqlığı ilə bağlayırlar. Sanki tale onu sınaqdan-sınağa salaraq başqa millətləri, xüsusən bizim bədnam qonşuları tanıdır, onların şovinist kimliyini Əhməd bəy üçün aşkara çıxarırdı. Bu, hələ Şuşanın real məktəbində oxuyan dövrlər idi. Bu barədə xatirələrində yana-yana söz açan Əhməd bəy bildirir ki, erməni uşaqlarının təzyiqi nəticəsində orda oxuyan 4 nəfər azərbaycanlı məktəbi tərk etdi, yalnız mən qaldım.

Bu tarixi fakt həm də Əhməd bəyin dəmir iradəsinin göstəricisi idi. O, ömrünün sonunacan bütün çətinlikləri bax elə bu cür dəf edəcək, öz böyük ideallarına doğru mətin addımlarla irəliləyəcəkdi.  

Tiflisdəki gimnaziya illəri də dramaturgiyası ilə seçilirdi. Orda oxuyan yega-nə azərbaycanlı Əhməd bəy Ağaoğlu idi və bu fakt onun içində dərin təəssüf hissi yaradırdı. Eyni zamanda çiyninə böyük bir məsuliyyət, məsuliyyətdən də artıq böyük bir missiya qoyurdu. O, nələr edəcəyini, nələr etməli olduğunu bax elə bu dövrlərdən anlamışdı.  Gimnaziyanı ən yaxşı tələbə kimi fərqlənmə diplomu ilə bitirməsi də bu əzmin nəticəsi idi.  

Peterburqda ali təhsil adlığı dövrlərdə isə onun azərbaycanlı-türk olduğuna inanmırdılar. Hətta professorlardan biri Əhməd bəyi yəhudi hesab edərək qəsdən qiymətini kəsmiş, təhsilində xeyli problemlər yaratmışdı. O zamankı millətçi ruslara qarşı heç də yaxşı olmayan münasibəti bu hadisədən sonra daha da kəskin xarakter almışdı.

Ancaq böyük amal uğrunda savaş davam edirdi və qarşıda üç illik Paris təhsili vardı. Fransadan aldığı hüquqşünas diplomu artıq onu rus və türk coğrafiyasından çıxarıb dünya vətəndaşına çevirmişdi. 

Elə o zamandan həm Fransa, həm rus mətbuatında məqalələrdə çıxış edən Əhməd bəyi çox keçmir ki, Hacı Zeynalabdin Tağıyev “Kaspi” qəzetində işləmək üçün Bakıya dəvət edir. Daha sonra məşhur milyonçunun dəstəyi ilə “Həyat” qəzeti işıq üzü görür və Əhməd bəyin milli mücadiləsi daha geniş müstəviyə çıxır. 

1905-ci ildə başlanan erməni-müsəlman davası haqqında Peterburqda çıxan "Sankt Peterburqskie Vedomosti" qəzetinə yazdığı "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini vaxtında anlayıb qiymətləndirən olsaydı, bütün Qafqaz xalq­ları üçün əlamətdar olardı. Çünki Əhməd bəy millətçi olsa da, mütərəqqi dünyanın ziyalısı kimi düşünür, hadisələrə gələcəyin gözü ilə baxmağı bacarırdı.  

Təsadüfi deyil ki, o, milli münaqişənin qızışdığını, qızışdırıldığını görərək, doğma Şuşaya gəldi və orda azərbaycanlı ziyalıları toplayaraq Difai Partiyasını yaratdı. Lakin amansız təqiblər, həbs olunmaq və öldürülmək qorxusu onu nəinki rahat fəaliyyət göstərməyə, hətta rahat yaşamağa da qoymurdu. Beləliklə, 1909-cu ildə İs-tanbula köçmək məcburiyyətində qaldı və bir daha Azərbaycana Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi qayıtdı.

Azərbaycan Xalq Cümhuriyyəti parlamenti yarandıqdan sonra Zəngəzur qəzasından parlamentin üzvü seçilir.

Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətində Ağaoğlu da vardı.

Əhməd bəy XX əsrin əvvəllərinin o böyük ziyalı nəslinin liderlərindən biri kimi müstəqil Azərbaycan üçün əlindən gələni etdi. Buna görə təkcə xarici yox, daxili düşmənləri də göz önünə aldı. Onun Azərbaycan və türk sevgisi axırda Malta sürgünü ilə nəticələndi. Sevdiyi insanlar belə ondan üz çevirib taleyini ingilis cəlladlarına həvalə etdilər. Sürgündə olduğu müddətdə normal müalicə ala bilməməsi üzündən az qala kor olacaqdı.

Yeddi övladının ikisi həlak oldu, ailəsi olmazın əzablar yaşadı, çox ağır günlər keçirdi, ancaq onun iradəsini sındırmaq mümkün olmadı. Cümhuriyyətin süqutundan sonra Türkiyədə siyasi fəaliyyətini davam etdirdi. Orda mühacir həyatı yaşayan cümhuriyyət liderlərinə yaxından köməklik göstərdi. Atatürk cümhuriyyətinə ilk müxalif partiyanı yarada bildi. Ancaq fəaliyyətini həyata keçirə bilmədiyi üçün böyük öndərə verdiyi sözü tutdu: siyasəti tərk edib ömrünün sonunacan elmi və publisistik yaradıcılıqla məşğul oldu. 

1939-cu ildə qara ciyər iltihabından dünyasını dəyişəndə qızına dediyi sözləri təsirlənmədən oxumaq mümkün deyil. Bütün çətinliklərə və məğlubiyyətlərə baxmayaraq böyük məfkurə adamının sevgiyə, haqq-ədalətə, insanlığın gələcəyinə inamı zərrə qədər də azalmamışdı: “Ağlama qızım, insan şüurlu bir makinadır, o da bir gün duracaq, əlbəttə. Mənə söz verin, heç bir güc sizi bir-birinizdən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin.”

Azərbaycan Respublikası Prezidentinin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il sərəncamı bu böyük Azərbaycan oğlunun həyat və fəaliyyətinin daha dərindən öyrənilməsi və təbliği baxımından tarixi hadisədir. Çünki biz bu cür şəxsiyyətləri tanıdıqca Azərbaycanı tanıyırıq və hansı yolla, necə addımlamalı oldğumuzu aydın şəkildə görə bilirik. 

ŞƏRİF

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993