Seymurun yüksəldiyi zirvə

 

…Seymur iki bacının tək qardaşı idi. Sovet Ordusunun Ukrayna və Almaniyadakı hərbi hissələrində xidmət keçmişdi. Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) tələbəsi idi. Bir çoxları kimi təhsilini davam etdirə, dinc həyat ya-şaya bilərdi. Amma dogma Füzulinin erməni qəsbkarların hədəfində olduğu bir vaxtda o, öz şəxsi rahatlığı haqqında qətiyyən düşünmək istəmirdi. 21 yaşlı bu gəncin qəlbində vətən sevgisi çoşub-çağlayırdı. El-obasının müdafiəsi üçün ölüm-dirim savaşına girməkdən onu nə anasının yalvarışları, nə bacılarının nigaran baxışları çəkindirə bildi.

Mayın 21-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun qısa, lakin qəhrəmanlıqlarla dolu ömür və mübarizə yolundan bəhs edən “Qartal yuvası” sənədli filminin təqdimat mərasiminə gələnlər o dərdli ananı da, o gözüyaşlı bacıları da qürurlu və məğrur gördülər. Bu, nakam bir gəncin öz hünəri və şücaəti ilə ailəsinə verə biləcəyi ən yüksək mənəvi duyğudur. Salonda Seymurun bu gün həyatda olan döyüş dostları, silahdaşları da əyləşmişdilər. Filmdə 27 il əvvəlki qanlı-qadalı dövrün hadisələri, gənc qəhrəmanın igidlikləri haqqında da onlar danışırdılar...

Film Mədəniyyət Nazirliyinin "Salnaməfilm" studiyasında Çingiz Həsənovun rejissorluğu ilə çəkilib. Təqdimat mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov iştirak və çıxış etdilər. “Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə olardı. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq", - deyən Vaqif müəllim dövlətimizin xalqın qəhrəman övladlarına, onların ailə üzvlərinə ehtiramını bir daha diqqətə çatdırdı. Qeyd olundu ki, Prezident İlham Əliyevin ötən il seçkilərdən sonra imzaladığı ilk Sərəncam da şəhid ailələri ilə bağlı idi. Bu sərəncama əsasən, şəhid ailələrinə birdəfəlik yardım göstərilib. Ondan öncə və sonra da dövlət başçısı şəhid ailələrinə sosial qayğının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Birinci vitse-prezident Mehriban Əliyeva bu yaxınlarda Aprel döyüşlərinin qəhrəmanları ilə çox səmimi görüş keçirib. Müharibə veteranları, şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Milli Qəhrəmanımızın anası, uzun illər Füzulidə rayon qəzetində çalışmış veteran jurnalist Xurşid Babayeva oğlunun xatirəsinə göstərilən ehtirama, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.

Filmin rejissoru Çingiz Həsənov bu cür ekran əsərlərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etdiyini vurğuladı. Onun şəhidlik zirvəsinə yüksəldiyini, bu zirvənin heç də hər kəsə nəsib olmadığını deyərək, Seymuru bir qartala bənzətdi.

Sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş "Qartal yuvası" filmi nümayiş olundu. İyirmi dörd dəqiqəlik filmi əbədi ömür yaşayan igid gəncin vətənpərvərliyi və qəhrəmanlığı haqqında hər kəsdə dolğun təəssürat yaratdı.

Xatırladaq ki, Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Bir neçə kəndin azad edilməsində qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-də Məlikcanlı kəndi uğrunda gedən döyüşdə şəhid olub. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Orxan ASLANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993