Hər muzey bir tarix idi..

Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdə xalqımızın bu tarixi-mədəni sərvətlərini də yoxa çıxarıb

 

Hər ilin 18 mayı dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında keçmiş SSRİ-nin nümayəndə heyətinin təklifi ilə təsis olunub,1978-ci ildən etibarən isə 150-dən çox ölkədə qeyd edilir.

“Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılıblar.

Azərbaycanda ilk milli muzeyin yaradılması Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başladı. Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti (1919, 23 sentyabr) yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə "İstiqlal muzesi" olmasını əhəmiyyətli görürüz". Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdı. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi. Aprel işğalından sonra "İstiqlal" muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı İnqilab muzeyinə aparıldı.

Sovet hakimiyyəti illərində respublikada muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Maarifi Muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. İftixar hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.

Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırıb.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən mədəni-mənəvi zərər iqtisadi zərərlərdən dəfələrlə çoxdur. Maddi-mənəvi xəzinə sayılan neçə-neçə tarixi abidə, muzeylər işğalçı erməni quldurları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalıb. İşğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey qalıb. Erməni faşistləri həmin muzeyləri, 4 rəsm qalereyasını yoxa çıxarıblar. Bəzi mənbələr məhv olmuş eksponatların 40-60 min, bəziləri isə 80-100 min aralığında olduğunu vurğulayır. Amma nə olursa-olsun, məhv edilən bircə eksponat belə, Azərbaycan mədəni irsi, incəsənət tarixi üçün dəyərli bir nümunədir.

Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun evmuzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Şuşa tarix muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. 

Erməni istilaçıları tərəfindən dağıdılan nadir muzeylərin bir neçəsi barədə ətraflı danışaq.

Ağdam Çörək Muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub. Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı müsbət qarşılayır. Məşhur akademik İmam Mustafayev həmin dənələri özünün zəngin taxıl kolleksiyasından digər nümunələrlə birlikdə gətirib muzeyin dəyərini xeyli artırdı. Yüzə qədər xalqın çörək nümunələri əldə edildi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə verdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərildi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplandı. Amma çox təəssüflər olsun ki, istila vaxtında bu sərvət darmadağın edildi.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi də məhv olan mədəni irs siyahısındadır. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey abidəsi 1980-ci illərin əvvəllərində yaradılıb. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılıb. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş etdirilirdi. Burada “Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş. Mütəxəssislər və tamaşaçılar Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar. Hazırda muzey və eksponatları mövcud deyil, Kəlbəcərdən əldə edilən məlumatlara görə, ermənilər tərəfindən bütünlüklə məhv edilib.

Zəngilan Tarix Diyarşünaslıq Muzeyi də bu rayonun tarixi, mədəniyyəti barədə məlumat ala bilmək üçün vizit kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə başlayıb və rayon mərkəzində yerləşib. Orada 6000-ə yaxın eksponat qorunub saxlanılırdı.

Xalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayon Yuxarı Yeməzli kəndində fəaliyyətə başlayıb. Muzeydə xalqlar dostluğunu əhatə edən fotoşəkillər, Süsən dağında olan mağaradan tapılmış daş mun-cuqlar, müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar saxlanılırdı.

Zəngilan Daş Heykəllər Muzeyi isə 1989-cu ildə fəaliyyətə başlayıb. Orada qoç heykəlləri, at fiqurları, müxtəlif dövrlərə aid daş abidələr mövcud olub.

Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyar-şünaslıq Muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb. Ancaq hazırda muzey Sumqayıt şəhərində fəaliyyət göstərir, orada sonradan toplanan bir sıra eksponatlar nümayiş etdirilir.

Mədəniyyət və Turizm Nazirliyinə görə, hazırda ölkəmizdə 203 muzey fəaliyyət göstərir. Bunlardan Bakı şəhəri üzrə 22 muzey, rayonlar üzrə 181 muzey var. Bunlar müxtəlif profilli muzeylərdir: tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləri... Son illər regionlarda Heydər Əliyev Muzeyləri yaradılır ki, bu mədəniyyət ocaqları da Ulu Öndərin irsinin öyrənilməsinə, onun ideyalarının təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Prezident İlham Əliyev muzeylərin inkişafı və yeni muzeylərin təşkilinə xüsusi diqqət ayırır. 2006-ci ildən bəri bu sahədə 7 sərəncam imzalayıb. «Bu sırada Neft Muzeyi, Müasir İncəsənət Muzeyi, İdman və Olimpiya Hərəkatı Muzeyi barədə sərəncamları göstərmək olar. Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı» ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açır.

Günel QULİYEVA

(Yazı internet resursları əsasında hazırlanıb)

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993