“Fuji Optical” şirkətinin Azərbayjandakı xeyriyyəçilik fəaliyyəti əsl humanizm nümunəsidir

Mayın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Baş nazirin müavini Əli Əhmədov “Fuji Optical” şirkətinin ölkəmizdə həyata keçirdiyi xeyirxah missiyaların yüksək qiymətləndirildiyini söyləyib. O, minlərlə qaçqın, məcburi köçkün və aztəminatlı ailəyə yüksək keyfiyyətli eynəklərin paylanıldığını, onların ödənişsiz göz müayinəsi xidmətlərindən faydalandığını, bunun əsl humanizm nümunəsi olduğunu vurğulayıb.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.

Akio Kanai Azərbaycanda bu xeyirxah missiyanı həyata keçirməkdən məmnunluğunu bildirib. O, ölkəmizdə bu kimi xeyriyyə fəaliyyətlərini davam etdirəcəklərini diqqətə çatdırıb. A.Kanai missiyanın ərsəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

***

Həmin gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş odub.

Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin ciddi mənəvi-fiziki zərbəyə, psixoloji sarsıntıya məruz qaldığını, əksəriyyətinin səhhətində problemlər yarandığını qeyd edərək, onlara davamlı və keyfiyyətli tibbi yardım göstərilməsinin vacib olduğunu bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin hər il pulsuz tibbi müayinədən keçirilməsi ənənə halını alıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır.

Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlərə birbaşa müvəqqəti məskunlaşma yerlərində keyfiyyətli tibbi yardım göstərilməsi üçün aksiyalar təşkil edir.

Dövlət Komitəsinin sədri beynəlxalq qurumların ölkəmizdəki humanitar fəaliyyətini yüksək qiymətləndirib. “Fuji Optical”ın 15 ildir həyata keçirdiyi missiyanın mühüm əhəmiyyət kəsb etdiyi, məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlərin hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla qeyd olunub.

Akio Kanai isə, öz növbəsində, Azərbaycana səfərlərindən söz açıb, missiyanın uğurla həyata keçirilməsinə hökumət səviyyəsində göstərilən köməyə görə təşəkkürünü bildirib, bu humanitar missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Xatırladaq ki, missiyanın ölkəmizdə həyata keçirilməyə başlandığı 2005-ci ildən bu günə kimi 59 min yüksək keyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 31 mindən artıq qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2400-dək insanı müayinə edib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993