20 yanvar faciəsindən 25 il keçir

Əbədiyaşarlığa gedən yolda...

20 Yanvar təkcə matəm günü deyil, Milli Qürur, Milli Birlik günüdür

Dünyada ilk dövlətin hansı xalq tərəfindən və harada yaradılması barədə elmi mübahisələr davam etsə də, yekdil nəticəyə gəlinməsə də, təkzibolunmaz gerçəklikdir ki, azadlıq hər bir xalqın arzusudur. Bu müqəddəs arzunun gerçəkləşməsi isə çox vaxt qanlar bahasına gəldiyindən, Azərbaycanın xalq qəhrəmanı Babəkin dediyi kimi, azadlıq verilmir, qanla alınır. Dünyanın böyük siyasi və hərbi xadimi Mustafa Kamal Atatürkün ölkəni işğal etmiş düşmənlərin darmadağın edilməsi üçün döyüşə hazırlaşdığı bir vaxtda öz əsgərlərinə şəhid olmağı əmr etməsi, məhz bu hikmətin nəticəsində zəfərlər qazanması, Millətinin adının daim şərəfli olmasını təmin etməsi kimi qürurlu tarixi olayın sırasına 25 il öncə - Yanvarın 20-də Azərbaycanın şanlı oğul-qızlarının göstərdiyi rəşadətin də daxil olması türk dünyasında yeni qəhrəmanlıq erasının başlanğıcını qoydu. Ona görə də bu gün haqlı olaraq vurğulanır ki, 20 Yanvar xalqımızın təkcə ümumi kədəri, hüznü deyil, həm də çağdaş müstəqilliyimizin bünövrəsi qoyulan müqəddəs, mübarək gündür.

Minilliklər boyu olumla-ölüm arasında sıxılan millətimizin humanistliyindən yetərincə bəhrələnən düşmənlərin sonradan baş qaldırıb əsassız iddialarda bulunmasının qarşısını almaq, bu amal uğrunda candan keçmək əsl şəhidlikdir. Düşmənlərin növbəti separatçılıq əməlləri Vətənimizin Qarabağ kimi tarixi əhəmiyyətli və strateji bölgəsinin qoparılması məqsədinə yönəldiyindən Vətən oğullarının "Torpaqdan pay olmaz!" şüarı ilə vətənə sipər olması həqiqətinin daha da genişləndiyi bir vaxtda Millətin gözünü qorxutmaq üçün sovet imperiyası üzün illər sınanılmış vasitədən - hərbi vasitədən istifadə edərək 1990-cı ilin 20 Yanvarında Bakıda qırğınlar törətdi. Bütün bunlara yol verən və baş vermiş faciədən nəticə çıxarmayan o vaxtkı rəhbərlərimiz antimilli əməllər ilə bütün meyarlar baxımından qınağa, məzəmmətə, siyasi mühakiməyə məhkumdur. Çünki  20 Yanvara vaxtında hüquqi qiymət verilməməsi 2 il sonra Xocalı soyqırımına gətirib çıxartdı.

Buna qədərsə Qarabağ sevgisindən qaynaqlanan ürəklərdəki milli istiqlal arzusu artıq həyata keçməyə, 200 illik kölə zəncirinin qırılıb atılmasına başlanıldığı bir vaxtda Dünya bizə baxırdı. Topxana meşələrindən gələn balta səsinə ayağa qalxıb hayqıran Azərbaycan oğul və qızlarının haqq-ədalət istəyinin milli mücadilə məcrasındakı əzəmətini görən Dünya düzənçiləri gah təəccüb, gah da qibtəylə bu xalqa ilin (1989) "Ən mübariz xalqı" adını verdi. İlin mübariz xalqı isə öz əzəməti ilə yeni qəhrəmanlığa üz tutmuşdu və bu yol kiməsə qısa, kiməsə uzun, kiməsə ölməzlik zirvəsi oldu. Ölməzlik zirvəsinə çatan yol 1990-cı il 20 Yanvarda Şəhid - Qazilik kimi mübarək, müqəddəs əbədiyaşarlığa qovuşdu. Ona görə də, bir daha təkrar edirik ki, 20 Yanvar təkcə matəm günü deyil, Azərbaycan tarixində Qəhrəmanlığa möhürbənd olan Milli Qürur, Milli Birlik günüdür.

Ölümüylə Millətini yaşadanlar, adını adlar sırasında saydıran - seçdirən oğul - qızların Şəhidlik adlı ən ali mərtəbədə Ulu Tanrının istəklisi olması həqiqətinin işığı da, gücü də bizimdir. Axı, Ali mərtəbədən düşən işığın, gələn gücün qüdrəti azadlığın təpərini, istəyini amal - əməl birliyinə çevirməsəydi biz bu günkü istiqlalımıza qovuşa bilməzdik. İstiqlal Şəhidlərinin həm də İstiqlal Qazisi olması gerçəkliyinin özülünü qoyan Ülvi Bünyadzadə, Allahyar Nəsibov, Azər Ələkbərov, İbrahim Məmmədov, Mürvət Şərifov, İlham Allahverdiyev... və texniki səbəblərə görə adlarını ürəyimdən kağıza köçürə bilmədiyim üçün ruhlarından dönə-dönə üzr istədiyim bütün Şəhid Qazilərimiz olub.

20 YANVAR həm də Məhəbbətin şəhidlik günüdür. Fərizə xanımın Vətən və İstiqlal sevgisinin də həyat yoldaşı İlhamın sevgisindən ayrı qalmamaq üçün onunla vüsala qovuşması Azərbaycanlı qadının namus və məhəbbətinin, sədaqətinin özəlliyinin, bölünməzliyinin sübutudur. Ruhları da Vətənin bölünməsini istəməyən gənclərin məzarlarının da ayrı olmaması Millətin o vaxtlardakı mənəvi təmizliyinin bu günə, gələcəyə müqəddəs, canlı ismarıcıdır və İlhamla Fərizənin toy gününün Azərbaycanda "Sevgililər günü" kimi qeyd olunması bir çox meyarlar baxımından önəmlidir.

Onları Əbədiyyətə aparan yol azadlıq və müstəqilliyə gedən yolun zirvəsindən keçdi. Azərbaycan xalqının qüdrətli oğlu Heydər Əliyevin isə o qanlı və faciəli günlərdə Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinə gəlib sovet qoşun kontigentlərinin Bakıya yeridilərək öz haqqını tələb edən dinc vətəndaşları qətlə yetirməsini qətiyyətlə pislədiyi və qanlı faciədə SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun günahkar olduğunu vurğulaması təkcə bir nüfuzlu azərbaycanlının etirazı deyil, eyni zamanda Sov. İKP MK Siyasi Bürosunun ən nüfuzlu, dünya miqyaslı üzvünün, bütün dünyada tanınmış siyasi xadimin baş vermiş olaya düzgün, tarixi siyasi qiyməti idi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan bir qədər sonra - 1994-cü ilin əvvəllərində  Milli Məclisdə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi, günahkarların adlarının açıqlanması və müvafiq qərar qəbul edilməsi, 1990-cı il yanvarın 21-də böyük siyasətçi tərəfindən vurğulanmış həqiqətin dövlət səviyyəsində öz yerini tutması və Tarixin yaddaşına möhürbənd olması idi. Bu da gerçəklikdir ki, hər il bir neçə dəfə 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edən öndərimiz Ali Baş Komandan və Prezident kimi onların arzuladıqları müstəqilliyi əbədi və dönməz edib yüzlərlə ruhu sevindirdi və həmin müqəddəslər indi Tanrı dərgahından bizə baxırlar...

İmperiyanın qanlı hərb maşınları önünə ürəyindəki təpərlə əliyalın çıxan, güllə yağışında öz qanıyla islanan, vətən torpağına üzüqoylu uzanarkən sinəsində dolanan isti qurşunu "Təki Vətən yaşasın" istəyinin ocağında əridən onlarla həmvətənlərimizin ruhu önündə hamımız borcluyuq. Hər dəfə məzarları önünə qoyduğumuz qərənfillər təkcə ehtiram əlaməti deyil, həm də Vətənə və Millətə söykənən müqəddəs borcumuzun zərif, zərif olduğu qədər də möhkəm olan istəyinin bir zərrəsidir. Ulu Yaradandan bütün şəhidlərimizə rəhmət diləmək də borcumuzdur, düşməndən onların qisasını almaq da. İstiqlalımızın bayraqdarlarının xatirələrini nə qədər əziz tutsaq da, Qarabağımızı azad etməyincə, Şəhid Qazilərin ruhu önündə günahkarıq. Məzarlar önündə əyilən başlarımızı o vaxt dik tuta bilərik ki, müqəddəs Şəhidlər Xiyabanına qədim yurd yerlərimiz olan Göyçədən, Qaraqoyunludan, Ağbabadan, Şuşadan, Laçından, Kəlbəcərdən, xocalıların qışda min-bir əzabla qətlə yetirildikləri meşələrdən, düzlərdən gül-çiçək gətirək.

Əlbəttə, 1990-cı ilin 20 yanvarından üzübəri itirdiklərimiz də olub, uğurlarımız da. Uğurun çoxalması təkcə bugünün deyil, həm də gələcəyimizin istəyi, sifarişidir. Dünənimizin, bugünümüzün və əbədiyyətimizin müqəddəsləri olan Şəhid Qazilərimizin məzar daşlarında isə təkcə adları, soyadları yazılmayıb, həm də xalqımızın tarixi yazılıb. Tariximizdə bu gündən sonra da nələr olacağını, əlbəttə, indidən demək mümkün deyil. Deyiləsi, xatırlanası həqiqət budur ki, yağılar əlində yurdlar var və onlar öz xilaskarlarını gözləyir. Dahi öndərimiz Heydər Əliyev Vətəni parçalanmadan, üç rəngli bayrağımızı enmədən xilas etdiyi bu dünyanın yeni düzənində milli birliyə, amal - əməl vəhdətinə daha çox ehtiyacımız var. İndi dünya da, müqəddəs ruhlar da yenə bizə baxır. Bizsə, tariximizə, dünənimizə, gələcəyimizə baxaq, dünyanın bizə dikilən gözlərində yalnız qəhrəman görünək. Yoxsa bizi nə Vətən bağışlar, nə də Vətən İstiqlalı yolunda cavan canını qurban verib Tanrı dərgahına gedənlər!

 

 

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993