Gənc ingilis dili müəlliməsi: “Laçınlı uşaqları öyrətmək üçün əyalətə gəldim”

Laçının işğalının 27-ci ildönümü ərəfəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən tam orta məktəbin əslən laçından olan ingilis dili müəlliməsi Şəbnəm Cəbrayılla müsahibəni təqdim edirik.

- Şəbnəm xanım, əvvəlcə istərdik Laçın haqda bir az danışasınız. Necə tanıyırsınız Laçını? Haqqında nələr bilirsiniz?

- Laçından çıxanda 5 yaşımda idim. Həyətimiz, evimiz, həyətimizdəki bənövşələr bugünkü kimi yadımdadır. İnanın, bənövşənin qoxusu belə burnumdadır. O gündən sonra bənövşə gördüm, amma heç qoxlamadım.

Laçına tez-tez filmlər gəlirdi. Yadımdadır, anam bizi də aparardı baxmağa. Amma mən bu gün şagirdlərimə kino göstərmək üçün kinoteatr tapmıram. Həm də 27 il sonra...

Laçını bir də nənəm Şəfiqə Baxışovanın Laçının 85 illik yubileyinə həsr edilən tədbirdəki videoçıxışından tanıyıram. Deyir, o vaxt “Komsomolskaya pravda” qəzetində yazılmışdı ki, kim bir küçədən ibarət gözəl şəhər adı çəkər? Cavab Laçın idi. Nənəm Laçının onunla böyüdüyünü söylərdi. Onlar eyni yaşda idilər. Təəssüf, o, Laçına qayıtmadan vəfat etdi.

Laçınla bağlı xatırladığım daha bir şey atamın düzəltdiyi böyük yelləncəyimdir. Yelləncək həyətimizin böyük bir hissəsinə kölgə salan, unudulmaz xatirələrə şahid olan tut ağacından asılmışdı. Laçından qadınlar, uşaqlar çıxarılanda kişilər hələ də orada qalmışdı. Atam deyirdi, həyətdə durmuşdum, birdən “qrad” mərmisi tut ağacına düşərək ağacı yelləncəklə birlikdə parçaladı. Atam bir anlıq elə bilib mən yelləncəkdəyəm. İlk ürək tutması da o an olmuşdu.

- Ailə quranda laçınlı həkim Orxan Cəbrayılı seçdiniz. Bu necə oldu?

- Biz bir qrup Laçınlı facebookdakı “Laçın və Laçınlılar” adlı qrupda toplaşmışdıq. Orxan o qrupun yaradıcılarından biri idi. Ailələrimiz bir-birini tanısa da, biz fərqli yerlərdə böyümüşdük. Biz o qrupda iki laçınlı gənc kimi tanış olmuşduq. Onun fədakarlığından çox təsirləndiyimi gizlətməyəcəyəm. Laçınlı olması, təbii ki, mənim üçün onu daha doğma etdi.

- Siz Baklıda yaşayırdınız, oxuyurdunuz. Şəhərdən əyalətə hər adam getmir. Üstəlik, həyat yoldaşınız Orxan həkimin Bakıya gəlməyinə razı olmamısınız, Taxtakörpüyə gəlib, öz həmyerlilərimə ingilis dili öyrədim demisiniz...

- Biz tanış olanda Orxan 4 il idi ki, Taxtakörpüdə çalışırdı. Bura gələcəyimi düşünmürmüş. Amma əksinə, mən heç düşünmədən, bütün yaxınların “qala bilməyəcəksən, rayon yerinə alışmaq çətindir” deməsinə rəğmən qəlbimin səsini dinlədim və gəldim. Və nə yaxşı ki, gəldim!

- Nə vaxtsa bu seçiminizə peşman oldunuzmu?

- İlk əvvəl uzaqda yaşamaq, qohumlardan ayrı qalmaq mənə çətin gəlirdi. Amma bir an belə peşman olmadım.

- Laçınlı uşaqlara bu torpaq haqda nələr öyrədirsiniz? Vətən sevgisi varmı uşaqlarda?

- İngilis dilini tədris etsəm də, mən işğal altında olan bir rayonun müəllimiyəm və ilk öncə onlara vətən sevgisini aşılayıram. Vətəni sevməyən alimdən heç bir kəs faydalana bilməz. Laçın haqqında danışıram onlara. Bizim üçün Vətən anlayışı məhz Laçından başlayır. Şagirdlərim çox vətənpərvərdirlər. Bunda bütün müəllimlərimizin əməyi var, eləcə də valideynlərin.

- Aprel hadisələrində laçınlı bir gəncimiz də şəhid old: Ülvin Məmmədov. Laçın camaatı onun məzarını ziyarətgaha çevirib. Uşaqlar, məktəblilər də gedirmi?

- Ülvin qəlbimizdə yara açsa da, eyni zamanda bir qürur toxumu əkdi. Onunla hamımız fəxr edirik. Bütün siniflərdə Ülvinə həsr edilən divar qəzetləri var. Demək olar ki, məktəbin bütün sinif otaqlarında Ülvinin şəkilləri var. Laçınlılar onun məzarına tez-tez baş çəkir. Hətta təkcə Ağcabədidə yox, Bakıda və başqa yerlərdə məskunlaşan laçınlılar da onun məzarını vaxtaşırı ziyarət edir.

- Bildiyim qədər sosial şəbəkələrdə, mətbuatda tanınmağınızdan istifadə edib işlədiyiniz məktəbin bəzi problemlərinin həllinə köməkdarlıq etmisiniz. Misal üçün kitablar almısınız və s.

- Bəli, sosial şəbəkədə əhatə dairəm genişdir. Məsələn, “Kanada Azərbaycan Cəmiyyəti”ndən məktəbimizin kitabxanasına çoxlu ingilis dilində bədii oxular və məktəb ləvazimatları yardımı almışdım. Şagirdlərin təbii ki hər birinin internet imkanı yoxdur. Elə buna görə də, bu cür kitabları, ensiklopediyaları əldə etmək onlar üçün əlçatmaz idi. Bu gün rahatlıqla istifadə edirlər.

Laçın rayonundan millət vəkili Mahir Abbaszadə bir neçə dəfə kitab yardımı edib və şagirdlərimi dərsdən əlavə, mövzunu möhkəmləndirmək üçün istifadə edilən test vasitələri ilə təmin edib. Bundan əlavə, Mahir müəllim şagirdlərimə dünya ədəbiyyatından da nümunələr yollayıb.

Mən tam 4 il Vağazin kənd 1 saylı orta məktəbində işləmişəm. Bu yaxınlarda o məktəbə Türkiyədəki tanışlarım sayəsində “İstanbul Anadolu Türk liseyi”, Ankarada yerləşən “Məhəmməd Əmin Rəsulzadə” liseyi və Bakıda yerləşən “Bakı Atatürk liseyi”nin əməkdaşlarının  birgə təşkilatçılığı ilə geyim və məktəb ləvazimatları yardımı edilməsini təmin etmişəm. Əslində, bunlar nümayiş məqsədi ilə edilməsə də, paylaşılmalıdır ki, hər kəs üçün örnək olsun. Qardaş ölkədən gələn müəllim və şagird heyəti öz sadəlikləri və mehribanlıqları ilə şagirdlərin qəlbində unudulmaz təəssürat buraxdılar.

- Azedu.az saytının keçirdiyi müsabiqədə interaktiv səsvermə ilə ilin müəllimi seçildiniz, Milli Məclisdə görüşləriniz oldu. Bu haqda da danışın mümkünsə...

- Milli Məclisin Gənclər və İdman Komitəsinin dəstəyi, Azedu.az Təhsil Portalının və “Gənc müəllim” səhifəsinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsinin qalibi oldum. Açığı qoşulmağa ürək etmirdim. Çünki son mərhələ səsvermə ilə idi. 2 gün vaxt vermişdilər və Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə video-çarx hazırlanmalı idi. Yaşadığım qəsəbədə cəmi bir videoçəkən var idi, o da toyda idi. Dedim, qismət deyilmiş. Sonra bir şagirdimin köməyi ilə Ağcabədidən videoçəkən çağırdım. Sadəcə, bir neçə saata ingiliscə video-çarx hazırladıq. Bəlkə də əvvəldən hazırlaşsaydıq, bu qədər təbii və gözəl olmayacaqdı. Sosial şəbəkədə yerləşdirdiyim bu video-çarxa gələn rəylərin ardı-arası kəsilmirdi. İştirakçılar arasında ingiliscə video hazırlayan təkcə mən idim. Hamı kənd yerində uşaqların belə səlis danışmasına sevinirdi. Olsun ki, yabançı dildə olması, daha da maraq qatdı. 59,3 faiz səs fərqi ilə son mərhələyə qalan 10 nəfərə qalib gəldim.

- Bildiyimiz kimi, camaatın yaşayış səviyyəsi on il öncəylə müqayisə olunmayacaq dərəcədə dəyişib. Amma yenə üzlərdən nisgil silinmir. Bəlkə Kirs dağı, Qarabağ dağları ordan görünür, ona görə?

- Mən buranın əvvəlki vaxtını görməmişəm. Camaatın danışığından anlayıram ki, yaxşı vaxtına gəlmişəm. 1992-ci ildən Bakıda məskunlaşmışdıq. Rayon yeri deyəndə ağlıma Laçında olduğu kimi yaşıllıqlar, çaylar gəlirdi. 2011-ci ildə Ağcabədiyə uzanan yolu gələndə boz düzənləri görüb bir zamanlar Laçın kimi səfalı yerdə yaşayan insanların burada illərini necə keçirdiyini düşünürdüm. O haqda geniş bir yazım da var. Bilirsiniz, xaricə gedib qalanda bir neçə gün sonra darıxmağa başlayırıq. Vətən həsrəti bizə güc gəlir. Düşünürəm ki, camaatımız üçün şərait düzəlsə də, onlar yalnız Laçını arzulayır. Elə gözlərindəki nisgil də bundan olsa, gərək. Anam həmişə deyir ki, Laçın alınsa, ayaqyalın gedərəm... 

- Gənc həmkarlarınıza və şagirdlərə sözünüz varmı?

- Gənc həmkarlarıma sözüm budur ki, daim öyrətməklə yanaşı, həm də öyrənsinlər. Öyərnmək hər birimizə hər zaman lazımdır. Yeniliklərə yiyələnmək lazımdır. İmtahanlarda topladıqları ballarla qürurlanmaq yerinə, seçdikləri hansı məktəbdə daha çox səmərəli olacaqlarını düşünərək seçim etsinlər. Uzaqda işləməkdən çəkinməsinlər, orada onlara daha çox ehtiyac var.

Şagirdlər bilsin ki, bütün uğurların açarı elmdir. O, bütün qapıları açır. Əvvəlcə dürüst, sonra isə elmli olsunlar. Bax o zaman qarşılarında heç nə dayana bilməz!

- Laçına qayıtmaq ümidiniz varmı? 

- Ümid axırıncı ölür. Atamla bağlı bütün xatirələrim Laçındadır. Laçına qovuşanda, atama qovuşacağam. Buna inanıram. Qayıdacam. Qayıdacağıq!

ŞƏRİF

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993