Azərbaycanda olduğu kimi, dünya ölkələrində də 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

Keçmiş sovet imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsini təşkil edən, qanlı terror aktlarının ən dəhşətlilərindən biri olan 20 Yanvar olayları təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə, humanizmə, ümumən insanlığa qarşı həyata keçirilmiş dəhşətli aksiyadır...

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhfilərindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşünçəsi, sözü, fikri, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun tankları, işıqsaçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da var.

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.

Arıq bu qanlı hadisədən iyirmi beş il ötür. Azərbaycanda olduğu kimi, dünya ölkələrində də bu hadisə ilə bağlı silsilə tədbirlər keçirilir, dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri lazımı səviyyədə çatdırılır, habelə sovet ordusu tərəfindən  qətlə yetirilmiş dinc sakinlər barədə statistik məlumatlar verilir. Tədbirlərdə bildirilir ki, 1990-cı ilin 20 Yanvar hadisəsi ilə həm də Azərbaycanda sovet hakimiyyətinə faktiki son qoyulmuşdu. İyirmi beş ildən sonra da qanlı 20 Yanvar öz mahiyyətini itirməyib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993