Prezident İlham Əliyev: “Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır”

“Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”. Prezident İlham Əliyev bu sözləri aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində deyib.

Şəffaflıq və yeni yanaşma nəticəsində

Dövlətimizin başçısı prezident seçkilərindən sonra imzaladığı ilk Fərmanın şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olduğunu və onun icrası nəticəsində 12 mindən çox şəhid ailəsinin dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacağını və bu prosesin başlandığını xatırladaraq, islahatların davam etdirilməsi üçün çox ciddi işləməyin, daim inkişafda, axtarışda olmağın vacibliyini diqqətə çatdırıb.  “Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüd-dətli edək”, - deyə ölkə rəhbəri bəyan edib.

Prezident İlham Əliyev ilin əvvəlindən iqtisadiyyatda baş vermiş müsbət dəyişikliklərin ölkəmizin potensialını gücləndirdiyini, əhali tərəfindən yüksək qiymətləndirildiyini və əlavə maliyyə resursu əldə etmək üçün şərait yaratdığını bildirərək deyib: “Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik”.

Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atıldığını qeyd edən dövlətimizin başçısı büdcə daxilolmalarının ilboyu artacağına əminliyini ifadə edib. “Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır”, - deyən Prezident İlham Əliyev iqtisadi və sosial sahədə aparılan siyasətin nəticələrini konkret rəqəmlərlə diqqətə çatdırıb. Birinci rübdə ümumi daxili məhsulun 3 faiz artdığını, bunun son bir neçə il ərzində ən yüksək göstərici olduğunu bildirən ölkə rəhbəri ilin sonuna qədər həmin rəqəmin daha da artacağına əminliyini ifadə edib.

Siyasətimizə göstərilən dəstək bizi gücləndirir

Əsas iqtisadi və sosial göstəricilərin müsbət olduğunu, dinamikanın təmin edildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində, əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək”.

Dövlətimizin başçısı ölkəmizdə problemli kreditlərlə, həmçinin vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı məsələlərin həllinin vətəndaşların rifahına xidmət etdiyini xatırladıb. “Ölkə uğurla inkişaf edir. Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkə qarşısında duran bütün vəzifələr icra edilir”, - deyən Prezident İlham Əliyev qarşıda duran bütün vəzifələrin uğurla icra ediləcəyinə tam əminlik olduğunu bəyan edib.

Ölkə rəhbəri regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının bir çox önəmli məsələləri, o cümlədən sosial infrastruktur sahəsində məsələləri həll etdiyini konkret rəqəmlərlə diqqətə çatdırıb. “Dördüncü proqramın qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcək. Bu gün hələ də görə bilmədiyimiz işləri biz növbəti illər ərzində görəcəyik ki, ölkəmiz daha da inamla, uğurla inkişaf etsin”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev ölkəmizin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artrılması ilə bağlı danışarkən Azərbaycana xaricdən investiya qoymaq istəyənlərin çoxaldığını, bu yaxınlarda Çin Xalq Respublikasına səfəri çərçivəsində görüşdüyü iri şirkətlərin rəhbərlərinin də fikrinin müsbət olduğunu, onların da Azərbaycana sərmayə qoymağa böyük maraq göstərdiklərini və iş apardıqlarını söyləyib.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir

“Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk”, - deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyinin dəyişilməz olduğunu bir daha bəyan edib. “Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.  Dövlətimizin başçısı danışıqlar formatının dəyişməz olaraq qaldığını, buna bəzi cəhdlər olduğunu, amma qarşısının alındığını qeyd edib. “Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var”, - deyən Prezident İlham Əliyev bu mövzunun artıq öz həllini tapdığını, bundan sonra da prinsipial mövqeyimizin dəyişməyəcəyini, ölkəmizin, ordumuzun gücləndiriləcəyini bildirib.

İqtisadiyyatımızın yeni inkişaf strategiyası hazırlanır

Prezident İlham Əliyev yekun nitqində də bütün sahələrdə islahatların uğurlu nəticələrinin göründüyünü, hər bir sahədə yeni addımların atılmasının, dünyanın ən mütərəqqi təcrübəsinin Azərbaycana gətirilməsinin və tətbiq edilməsinin, nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoyulmasının vacibliyini deyib.

Hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində iş başlandığını, onun uğurlu olması və gözəl nəticələr verməsi üçün bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislərin, alimlərin cəlb ediləcəyini vurğulayan dövlətimizin başçısı indiyədək görülmüş işlərin bunun üçün gözəl zəmin yaratdığını bildirib.

Bizdə həm təcrübə, həm də iradə var

Ölkə rəhbəri əsas infrastruktur layihələrinin icra edildiyini, növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bütün digər layihələrin də icra ediləcəyini, bunun yeni iqtisadi inkişaf modeli qurulması üçün möhkəm zəmin olacağını diqqətə çatdırıb. “Bizdə həm təcrübə, həm də iradə var. Deyə bilərəm ki, aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev elektrik enerjisi potensialının artırılması, qazlaşdırma məsələsi barədə də fikirlərini bildirib. Dövlətimizin başçısı şəhərlərdə bəzi yerlərdə qazın təzyiqinin aşağı olduğunu, əhaliyə keyfiyyətli qaz verilməsi üçün müvafiq göstərişlər verildiyini və işlər görüldüyünü vurğulayaraq deyib: “Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

Ədalət prinsipi bu gün təmin edilir

Prezident İlham Əliyev bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisinin nəzərdə tutulduğunu qeyd edərək deyib: “Bildiyiniz kimi, son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verilib, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.

Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcəyini də qeyd edən ölkə rəhbəri, bütövlükdə, 6500-dən çox şəhid ailəsinin dövlət tərəfindən mənzillə təmin olunduğunu, Qarabağ müharibəsi əlillərinə bu günə qədər 6200 avtomobil verildiyini, bu il ən azı 600 minik avtomobili veriləcəyini söyləyib. “Onu da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik”, - deyən dövlətimizin başçısı göstərilən rəqəmlərin bunun əyani sübutu olduğunu bildirib.

Özünüməşğulluq proqramına daim diqqət göstərilməlidir

İş yerlərinin yaradılmasının Azərbaycanda daimi proses olmasının vacibliyini qeyd edən Prezident İlham Əliyev son 15 il ərzində 2 milyon iş yerinin yaradıldığını, ancaq, eyni zamanda, bu müddət ərzində əhalinin 1,7 milyon artdığını diqqətə çatdırıb. “Bu, çox müsbət haldır. Bildiyiniz kimi, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. Artıq biz 10 milyonuq. Bu, tarixi nailiyyətdir. Əlbəttə ki, bu, ölkəmizi gücləndirir, potensialımızı artırır. Ancaq, eyni zamanda, artan əhali infrastruktur layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərtdir”, - deyən dövlətimizin başçısı uşaq bağçalarının, məktəblərin tikilməsinin, infrastruktur layihələrinin icra edilməsinin vacibliyini irəli sürüb..

İş yerlərinin yaradılması üçün sərmayə qoyuluşunun əsas vəzifə olduğunu, dövlət tərəfindən yaradılan iş yerlərinin, sadəcə olaraq, sosial xarakter aldığını və bu işin davam etdiriləcəyini bildirən Prezident İlham Əliyev deyib: “Ancaq bu missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir. Sərmayə qoyuluşu olmasa, iş yerləri necə yaradıla bilər?! Dövlət daim iş yerlərini yarada bilməz. Biz, sadəcə olaraq, işsizliyin azaldılması üçün bu işləri görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir. Ancaq özəl sektor, ilk növbədə, sərmayə qoymalıdır, iş yerləri yaratmalıdır və rəqabətqabiliyyətli məhsul istehsal etməlidir”.

Dövlətimizin   başçısı   özünüməşğulluq proqramını iş yerlərinin yaradılması üçün vacib amillərdən, vasitələrdən biri kimi səciyyələndirərək deyib: “Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir”.

Bu, bizi tam qane edə bilməz

Dövlətimizin başçısı bu il maaşların, pensiyaların artırıldığını, bu prosesin davam etdiriləcəyni deyib: “Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə, bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq”.

Ölkə rəhbəri sosial infrastrukturla bağlı bu ilə görüləcək işlər barədə də danışıb, 100-ə yaxın məktəbin tikiləcəyini və ya əsaslı təmir ediləcəyini, 10-a yaxın yeni mərkəzi rayon xəstəxanasının fəaliyyətə başlayacağını, üç olimpiya idman mərkəzinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu və onlardan birinin artıq açıldığını,  altı milyon insanın dövlət hesabına tibbi müayinədən keçəcəyini bildirib.

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi, Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli, bu il Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələləri barədə fikirlərini bildirib.

Yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar

“Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər”, - deyən Prezident İlham Əliyev bu sahədə çox ciddi islahatlar aparıldığını və aparılacağını bəyan edib.

Dövlətimizin başçısı, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac olduğunu bildirib və bunu əvvəlki çıxışlarında da dediyini xatırladıb. “Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”, - deyə ölkə rəhbəri tələb edib, eyni zamanda, ictimai nəzarətin daha da güclü olmasının zəruriliyini qeyd edib.

Ölkəmizdə makroiqtisadi vəziyyətin və manatın sabit, inflyasiya 2 faizdən bir qədər çox olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.

İslahatlar bundan sonra da aparılacaq

Dövlətimizin başçısı nitqini yekunlaşdırarkən qeyd edib ki, görülmüş işlər seçilən yolun düzgün olduğunu göstərir. “İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək”, - deyən Prezident İlham Əliyev bəyan edib ki, əldə olunan nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq. Ölkə rəhbəri bu ilin də uğurla başa çatdırılacağına, 2019-cu ilin də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacağına əminliyini bildirib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993