İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir

Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub.

İdarənin sədri Əsgər Ələkbərov Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünü­şünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Hazırda İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir.

Aparılan təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq. Mehriban xanım deyib: “Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib”.

Birinci vitse-prezident gələcəkdə belə hallarla üzləşməmək üçün ictimaiyyətə dolğun, geniş informasiya verilməsinin vacibliyini qeyd edib.

Sonra birinci xanım Mehriban Əliyeva “BBC News” Azərbaycanın müxbirinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə bağlı suallarını cavablandırıb.

Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əliyeva burada aparılan işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993